2018.10.20 lavanda dei piedi

Liturgiya oxunuşları: 17 APREL. RƏBBİN SON ŞAM SÜFRƏSİNİN XATİRƏSİ

"Rəbb, Özünü bizə yeyəcək və içki kimi verərək, deyir: bir-birinizi sevin. Ayaqlarımızı yuyaraq deyir: bir-birinizə qulluq edin, amma unutmayın: qul ağasından böyük deyil və elçi onu göndərəndən böyük deyil. Kilsə bu sözlər və jestlər üzərində qurulmuşdur” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 26.04.2018).

MÜQƏDDƏS PASXA ÜÇGÜNLÜYÜ

Müqəddəs Pasxa Üçgünlüyü (latınca Sacrum Triduum Paschale) bütün liturgiya ilinin qəlbi və xristian ibadətinin zirvəsidir. O, Müqəddəs Cümə Axşamı gününün axşamından, "Rəbbin Son Şam Süfrəsi"-nin Messası ilə başlayır. Bu Messa zamanı biz İsanın Əzablarından öncə keçirdiyi Sirrli Şam Süfrəsinin,  Yevxaristiyanın və keşişliyin təsis edilməsinin xatirəsini qeyd edirik.   Əzablar Cüməsi -  Çarmıx, sükut və səcdə günüdür. Bu Allahın hər bir insana olan fədakar məhəbbətinin zamanıdır. Müqəddəs Şənbə şagirdlərin çaşqınlıq günüdür: İsa məzarda yatır. Bununla belə, Məryəm Ananın imanı Onun ümidsiz kədərə qapılmasına imkan vermir. Beləliklə, Müqəddəs Şənbənin zülmətində Pasxanın işığı görünməyə başlayır. Rəbb həqiqətən dirildi! Pasxa - Rəbbin Dirilməsi ərəfəsi ibadəti ilə başa çatan Pasxa Üçgünlüyünün kulminasiya nöqtəsidir. Bu liturgiyada, şənbə gününün kədərindən sonra sevincli bir xəbər yayılır: Məsih "aramızda yaşayır" (Papa XII Pius).

SİRRLİ ŞAM SÜFRƏSİNİN XATİRƏSİ

Rəbbin Şam Süfrəsinin Messası ilə Pasxa Üçgünlüyü təntəni şəkildə başlayır; bu Messada İsanın Yevxaristiya və Keşişlik Sakramentlərini (Sirrlərini) təsis etdiyi və şagirdlərinə -  “Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin” (Yəhya 13:34)  məhəbbət əmrini verdiyi Son Şam Süfrəsinin xatirəsi qeyd olunur. Daha sonra İsa onların ayaqlarını yudu: bu son jestin xatirəsinə liturgiyada ayaqların yuyulması ayini nəzərdə tutulub. Kardinal Karlo Mariya Martini yazır: "Müqəddəs Cümə Axşamının bu axşamında qeyd etdiyimiz Rəbbin Son Şam Süfrəsi həmişə həyəcan, təəccüb və heyrət doğurur. Axı İsa, bizi bu dünyadakı həyatndan ayıran və İlahi Həyatın sirrinə qərq edən Yevxaristiyanı məhz həmin Şam Süfrəsində təsis etdi. Məsih Öz Bədənini və Qanını Şərq dünya yaşasın deyə qurban verir. Yevxaristiyada Pasxanın tarixi hadisəsi, hər Müqəddəs Messada, burada və indiki zamanda bizə çatmış olur. Beləliklə, İsanın Şəxsiyyəti və Atanın Ona həvalə etdiyi missiyanı yerinə yetirərək yer üzündəki həyatı zamanı etdiyi hər şey Yevxaristiyada bizim yeməyimizə və içməyimizə çevrilir. (...) Lakin Evxaristiya təkcə keçmişin xatirəsi və yeni əhdin indiki zamanda təcəssümü deyil. O həm də əbədiyyətə açılan qapıdır. Başqa sözlə desək, Yevxaristiya bizdə Səma arzusunu oyadır. O, bizi azadlıq və səadət dolğunluğu olan və ölüm qorxusunu aradan qaldıran Allahda gizli həyatı yaşamağa təşviq edir".

BİRİNCİ OXUNUŞ Çıxış 12,1-8.11-14

Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin.

Təfsir

Rəbbin Son Şam Süfrəsinin Xatirəsi Messasının liturgiya oxunuşları bu günün müxtəlif aspektlərini təmsil edir: Birinci oxunuş  - Çıxış təcrübəsi, yəni Misir köləliyindən çıxış haqqındadır; İkinci oxunuş yəhudilərin Misirdən çıxışlarını xatırladan Pasxa bayramı kontekstində qeyd olunan İsanın Son Şam Süfrəsi haqqındadır; nəhayət, İncil Son Şam Süfrəsinin sonunda ayaqların yuyulmasını xatırladır. Liturgiya, illik "ayin" halına gələn Çıxış hadisəsini gündəmə gətirir: quzu qurbanı, qapının dirəklərinə qanın səpilməsi, ilk bəhrələrin və mayasız çörəyin təqdim edilməsi. Bütün bu təfərrüatlar qurtuluş hadisəsini qeyd etmək və bütün nəsillərə xatırlatmaq məqsədi daşıyır ki, Allah heç vaxt Öz ​​xalqını tərk etmir və həmişə onların bələdçisi və xilaskarı kimi çıxış edir. Bütün bunlar xalqı həyatın səhrasından, Vəftiz çayından və Çarmıx qurbanından keçirən yeni Musanın - İsanın gəlişinə hazırlayır. Çarmıx qurbanı ilə Allahın Quzusu insanları günah və ölümdən azad edir, Vəd edilmiş diyara, Səmaya yol açır.

İKİNCİ OXUNUŞ 1 Kor 11, 23-26

Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».  Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.

Təfsir

Əgər Birinci Oxunuşda hər il qeyd olunan “ayin”ə çevrilən Misir köləliyindən qurtuluş haqqında düşünürdüksə, müq. Paulun Korinflilərə məktubundan olan hissə Allahın Quzusu - İsanın Özünü bizim üçün fəda etdiyi Son Şam Süfrəsinin “xatirəsi/ritualını” təqdim edir. Yeni əhd bizim üçün Özünü qurban verən Allahın həqiqi Quzusu İsanın qanı ilə möhürlənib. Və bu əhd yeni olduğundan, bizim həyatda davranışımız da yeni olmalıdır ki, Məsihin Bədəni və Qanı ilə qidalananlar Xilaskarın məhəbbətinin etibarlı şahidi ola bilsinlər.

İNCİL  Yəhya 13, 1-15

Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».  Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi. İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.

Təfsir  

İsanın Yevxaristiyanı təsis etdiyi Son Şam Süfrəsi imanlı insanı başqalarına xidmət etməyə  təşviq edir. Müqəddəs Müjdəçi Yəhya bu hadisənib bir anını belə qaçırmamaq üçün, təfərrüatları sanki “yavaş çəkilişdə” təsvir edir. İsa “süfrədən qalxdı”: axı biz bir ritualı rutinə çevirə bilmərik! O, “üst paltarını bir yana qoydu”: çünki göydə bir Ata var və biz hamımız qardaşıq, bərabərik. Heç kim başqalarından üstün olduğunu iddia edə bilməz. O, “dəsmal götürüb belinə bağladı”: görünür, bu, İsanın istifadə etdiyi yeganə liturgiya libasıdır! "Və şagirdlərin ayaqlarını yumağa başladı": bu adətən xidmətçinin qonaqlara qarşı etdiyi şeydir. Məsih Özünü təvazökar bir qula çevirir: “Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim”. Bizə təkcə “Xilaskarın xatirəsinə  çörək və şərabı qəbul edin” deyilməyib, həm də “bir-birinizin ayaqlarını yuyun”, yəni “bir-birinizi sevin və bir-birinizə xidmət edin” deyilib.

16 aprel 2025, 21:00