Yepiskop Vladimir Fekete: Biz İsa qəlbli bir çobanı itirdik
On iki il əvvəl, kardinalların konklavı Buenos-Ayres arxiyepiskopu və Argentinanın priması kardinal Xorxe Berqolyonu Katolik Kilsəsinin başçısı seçdi. O, Fransisk adını qəbul etdi və pontifikliyinin lap əvvəlindən həm imanlıları, həm də imansızları təəccübləndirməyə başladı. Papa Fransisk hər cür nümayişkarlıqdan qaçırdı. Papa taxtına seçildikdən sonra o, Apostol Sarayının papa igamətgahına köçməkdən imtina etdi və pontifikliyi boyunca Vatikanın qonaq evi olan “Casa Santa Marta”-da sadə bir otaqda yaşadı.
Papa Fransisk evsizlərin, miqrantların və cəmiyyətdə təcrid olunmuş insanların problemlərinə xüsusi diqqət yetirirdi. Mərhum Pontifik cəmiyyətin bu ən həssas kateqoriyalarına insan ləyaqətini yenidən hiss etdirmək üçün bir sıra layihələr həyata keçirdi. Onun şəfqət dolu, həssas və anlayışlı bir ürəyi var idi.
Necə ki, bir zamanlar Assizili Müqəddəs Fransisk orta əsrlər Kilsəsində islahatlar etmək çağırışını özündə dərk etmişdir, Papa Fransisk da öz seçilməsini Kilsəyə, xüsusən də Roma Kuriyasına keçmişin qalıqları hesab etdiyi müəyyən forma və strukturların yükündən qurtulmağa kömək etmək fürsəti kimi görürdü.
Onun səmimi insaniyyəti və bu insaniyyətin ifadə edilməsində təbiiliyi, ekumenizm və sülh istiqamətində göstərdiyi səylər ona Katolik Kilsəsi xaricində bir çox insanın heyranlığını və hörmətini qazandırdı. O, katolik doktrinasına sarsılmazcasına sadiq idi, lakin eyni zamanda insanların müasir dünyada düşdüyü çətin vəziyyətlərə böyük mərhəmətlə yanaşırdı. Onlardan çıxış yolunu tapmaq üçün Papa riskli cığırlarla addımlamağa hazır idi. Bəlkə də buna görə o, mühafizəkar dairələr üçün kifayət qədər mühafizəkar, liberal dairələr üçün isə kifayət qədər liberal deyildi.
Onun ölümü ilə Kilsə İsa qəlbli yaxşı çobanı, yoxsullar - qayğıkeş ruhani atanı, müharibələr və münaqişələrdən əziyyət çəkən dünya isə yorulmadan barışığa və qarşılıqlı bağışlanmağa çağıran səsi itirdi.
Azərbaycanın Katolik Kilsəsi Roma Papası Fransiskin 2016-cı ildə ölkəmizə apostol səfərini dərin minnətdarlıq hissi ilə xatırlayır. Biz mərhum Papanın ilk yerli keşişin təyin etməsi və yerli kilsəmizə yepiskopun təyin etməsi xatirəsini əziz tuturuq.
Ey Mərhəmətli Allah, mərhum Papa Fransiskə bütün əməllərinə görə əbədi mükafat ver və onu Öz Padşahlığına qəbul et. Qoy o, indi səmavi məkanlarda, əzizlərin məskənində olaraq, ata duaları ilə bizim yer üzündəki zəvvarlığımıza yoldaşlıq etsin. Amin.