Papanın tabutu şənbə günü səhər keçiriləcək dəfn mərasimindən əvvəl bağlandı və möhürləndi
Ann Prekel tərəfindən
Papa Fransiskin dəfn mərasimi ərəfəsində onun tabutu xüsusi ayinlə möhürlənib.
Papanın cənazəsi çərşənbə günündən bəri Müqəddəs Peter Bazilikasında vidalaşmaq üçün qoyulmuşdur. Son üç gündə təxminən 250 000 insan mərhum Papa ilə vidalaşmaq üçün Bazilikanı ziyarət etmişdir. Bunda sonda Müqəddəs Peter Bazilikası boşaldıldı.
Tabutun möhürlənməsi ayini
Mərhum Papanın cənazəsi “Confessio” adlanan altarın qarşısında taxta tabutda, əynində qırmızı kazula (ibadət libası), başında ağ mitra (yepiksopun ibadət baş geyimi) və əlində Rozari təsbehi ilə açıq vəziyyətdə, yer səviyyəsində və katafalk olmadan qoyulmuşdur. Bu, Fransiskin öz qərarı idi.
Kardinal-Kamerlenqo Kevin Farrelin başçılığı ilə keçirilən mərasim Xorxe Mario Berqolyonun həyatının mərhələlərini və onun Papa kimi fəaliyyətinin ən mühüm hadisələrini sadalayan sənədin oxunması ilə başlayıb. Bildirilib ki, 266-cı Papanın xatirəsi “Kilsənin və bütün bəşəriyyətin qəlbində yaşayacaq”.
Qeyd edilən əlamətdar hadisələr arasında Xorxe Berqolyonun 1980-ci illərin sonunda Almaniyada olması və Argentinadakı çoxşaxəli fəaliyyəti var idi: "O, öz arxiyeparxiyasında sadə və populyar bir pastor idi, hətta metro ilə və avtobusla belə uzaqlara səyahət edirdi. O, özünü adi insan kimi qəbul etdiyinə görə bir mənzildə yaşayırdı və yeməyini özü hazırlayırdı."
Üzün örtülməsi
Arxiyepiskop Dieqo Ravelli Papanın üzünə ağ ipək parça sərdi, Kardinal-Kamerlenqo Farrell isə Fransiskin üzərinə müqəddəs su səpdi. Fransiskin pontifikatı dövründə zərb edilmiş sikkələr və medallar olan çanta Papanın tabutuna qoyuldu.
Daha sonra, üzərində Fransiskin adı, xaçı və gerbi, həyat illəri və Peter kürsüsündə xidmətinin müddəti yazılmış qapaq, məzmur dualarının müşayiəti ilə sink tabutun üzərinə qoyuldu. Sink tabutu möhürləndikdən sonra Kardinal-Kamerlenqo-nun, Papa Sarayı üzrə Prefekturanın, Liturgiya Mərasimləri üzrə İdarənin və Vatikan Kapitullarının möhürləri vuruldu. Sonda, üzərində xaç və mərhum papanın gerbi olan taxta tabut möhürləndi.