Funerale papa Francesco

Papa Fransiskin Dəfn Mərasimi

Papa Fransiskin dəfn Messası 26 aprel şənbə günü, Müqəddəs Peter meydanında səhər saat 10:00-da başlayacaq. Dəfn Messasına kardinal Re başçılıq edəcək. Daha sonra tabut Papanın dəfn olunacağı Müqəddəs Məryəm Bazilikasına (Santa Maria Maggiore) aparılacaq.

Jan Şarl Putzolu tərəfindən

Təxminən 250 kardinal, çoxsaylı yepiskoplar, keşişlər, rahib və rahibələr 26 aprel şənbə günü səhər saat 10:00-da başlayacaq Müqəddəs Ata Fransiskin dəfn Messasında iştirak edəcək. Mərhum Pontifikin cümə günü axşam möhürlənmiş tabutu Bazilikanın ön meydanında, altarın düz qarşısında qoyulacaq. O, son ehtiramını bildirmək üçün bütün coğrafi, sosial, siyasi və mədəni mənşəyi təmsil edən bir neçə yüz min nəfərdən ibarət böyük izdihamın qarşısına çıxarılacaq. Bu müxtəliflik, mərhum Papanın təkrar-təkrar dediyi kimi “hamını, hamını, hamını” qarşılayan Fransiskin Kilsəsini təmsil edəcək.

“Novemdiales”-in (Doqquzgünlük Messa) ilk Messası

“Ordo Exsequiarum Romani Pontificis” tərəfindən təyin edildiyi kimi, dəfn Messası Rəbb günü (bazar), mayın 4-nə, qədər Müqəddəs Peter Bazilikasında hər gün keçiriləcək doqquz Messadan birincisidir. Dəfn Liturgiyasına Kardinallar Kollegiyasının dekanı kardinal Covanni Battista Re başçılıq edəcək.

Patriarxlar və kardinallar yepiskoplardan liturgiya geyimlərinin al-qırmızı rəngi və ağ dəməşq mitraları ilə fərqlənəcək, yepiskoplar isə sadə ağ mitra taxacaq.

Messada Həvarilərin İşləri kitabından, Müqəddəs Paulun Filipililərə məktubundan və Yəhyanın İncilindən oxunuşlar olacaq. Kardinallar Kollegiyasının Dekanı tərəfindən oxunacaq vəzdən sonra fransız, ərəb, portuqal, polyak, alman və çin dillərində İmanlıların Duaları oxunacaq və daha sonra Yevxaristiya Liturgiyası və Son Dəfn Ayinləri keçiriləcək.  

Dini Ayini, Fransisk üçün son dəfə ifa edəcək Sikstin kapellasının xoru müşayiət edəcək.

“Santa Maria Maggiore” Bazilikasına doğru

Roma Yepiskopunun ruhani vəsiyyətinə uyğun olaraq, tabut daha sonra “Santa Maria Maggiore” - Müqəddəs Məryəm Papa Bazilikasına aparılacaq. Dəfn prosessiyası yavaş templə paytaxt küçələri ilə təxminən dörd kilometrlik məsafəni qət edəcək.

Bu prosessiya, romalılara, 47 apostol səfərindən əvvəl və sonra, hətta fevral və mart aylarında xəstəxanada qaldıqdan sonra da Məryəm Ananın “Salus Populi Romani” təsvirinin qarşısında dua etmək üçün Papanın tez-tez getdiyi yolda yepiskopları ilə vidalaşmağa imkan verəcək.

Liberiya Bazilikasına çatdıqdan sonra, Sikstin Kapellası xorunun bir-birini əvəz edən antifon və məzmurların müşayiəti ilə tabutu Papa Fransiskin qəlbində həmişə xüsusi yer tutan “sonuncular” - bir qrup yoxsul və təcrid olunmuşlar qarşılayacaqlar. Onlar, tabut Müqəddəs Məryəm kilsəsinin altarı qarşısına aparılmazdan əvvəl, mərhum Papaya son ehtiram edən olacaq. Dəfn edilmə ictimayyət olmadan keçiriləcək.

Papanın tabutu, Kardinal-Kamerlenqo Kevin Farrell, Papa Sarayının Prefekturası, Ali Pontifikin Liturgiya üzrə İdarəsi və Liberiya Bazilikasının Kapitullar tərəfindən  möhürlənəcək.

Peterin xələfinin cənazəsi məzara qoyulacaq və üzərinə müqəddəs su səpiləcək. “Regina Cæli” (“Səmavi Mələkə”) duasından sonra Liberiya Kapitullarının notariusu dəfni təsdiq edən rəsmi akt tərtib edəcək və onu ucadan oxuyacaq.

Akt Kardinal-Kamerlenqo, Papa Sarayının Regenti, Papanın Liturgiya üzrə Magistri və notarius tərəfindən imzalanacaq.

Mərasimin saat 14:00 radələrində başa çatacağı gözlənilir.

Bütün dünya - Romada

Papa Fransiskin dəfn mərasimi bütün dünyada yayımlanacaq. O, həmçinin vaticannews.va/en veb-saytımızda, Vatican Media Facebook səhifəsində və Vatican Media YouTube kanalında ingiliscə şərhlə təqdim olunacaq.

Ən azı 130 ölkədən və beynəlxalq təşkilatlardan, o cümlədən 12 monarx və 55 dövlət başçısı, 14 hökumət başçısı və digər yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyətlərinin iştirakı gözlənilir. Tədbiri işıqlandırmaq üçün 4000-dən çox jurnalist Müqəddəs Taxt-Tacdan akkreditasiya almaq üçün müraciət edib.

26 aprel 2025, 11:18