Kardinal Fernández: Papa Fransisk yorulmaz bir işçi idi
Jan-Benua Harel tərəfindən
Dünyanın bir çox ölkəsində olduğu kimi Vatikanda da rəsmi istirahət günü olan 1 May günü Kardinallar Kollegiyası konklava hazırlıq üçün Ümumi Konqreqasiyanı keçirmədi.
Bununla belə, bir çox kardinallar mərhum Papa Fransiskin xatirəsinə keçirilən altıncı “Novemdiales” Messasında iştirak etmək üçün Müqəddəs Peter Bazilikasına toplaşdı.
Messaya mərhum Papanın yaxın dostu olan və onun dövründə İman Doktrinası üzrə Dikasteriyanın prefekti vəzifəsində xidmət etmiş kardinal Viktor Manuel Fernández başçılıq etdi.
Fernández vəzinə belə başladı: “Ölümündən sonra Papa Fransisk artıq tam şəkildə Məsihlə birləşmişdir.”
Əmək vasitəsilə ləyaqət
Kardinal qeyd etdi ki, 1 May həm də Beynəlxalq Əmək Günüdür. Onun sözlərinə görə, mərhum Papanın fikrinə görə “əmək insanın ləyaqətini ifadə edir və onu bəsləyir”.
“Əmək bizə bacarıqlarımızı inkişaf etdirməyə imkan verir, münasibətlərimizdə böyüməyə kömək edir və bu dünyaya qulluq etməkdə və onu yaxşılaşdırmaqda Allahın əməkdaşları olduğumuzu hiss etməyə imkan yaradır”, – deyə kardinal Fernández bildirdi.
İnsan ləyaqətini təşviq etmək o deməkdir ki, insanlara özlərindəki xeyiri inkişaf etdirmək, Allahın onlara verdiyi istedadla dolanışıq qazanmaq və bacarıqlarını reallaşdırmaq imkanı verilsin, – o əlavə etdi.
“Əməyin yalnız nailiyyətə görə dəyərləndirilməsi” – saxta meritokratiya
Fernández sonra Papa Fransiskin meritokratiya tənqidinə toxundu. Bu sistem, yalnız həyatında uğur qazananların ləyaqətli olduğunu düşünməyə gətirib çıxarır.
Kardinal, Buenos Ayresdə tanıdığı bir adamdan danışdı. Bu şəxs ailəsini dolandırmaq üçün gündə 12-15 saat işləyirdi. Bir dəfə, yoldan keçən yaxşı geyimli bir adam onun üstünə belə qışqırmışdı: “Get işlə, tənbəl!”
“Bu sözlər mənə son dərəcə qəddar və mənasız göründü”, – deyə Fernández xatırladı. “Amma bu cür münasibətlər daha ‘zərif’ şəkildə də mövcuddur”.
Bu gün dünyada “sanki çoxlu mülk toplamış bir insan, bütün həyatını işləyib qənaət edə bilməmiş birindən daha dəyərlidir”, – kardinal vurğuladı və sual verdi: “Zəiflərin bizimlə eyni ləyaqəti yoxdurmu? Daha az imkanla doğulanlar sadəcə sağ qalmaq üçün mübarizə aparmalıdırlar?”
Papa Fransisk – yorulmaz bir işçi
Sonra Kardinal Fernández Papa Fransiskin özü haqqında danışdı: “O yalnız səhərlər deyil, günortadan sonra da bütün günü işləyirdi”, – dedi və əlavə etdi ki, ölümündən dörd gün əvvəl, artıq çox zəif olmasına baxmayaraq, bir həbsxananı ziyarət etməkdə israr etmişdi.
Müqəddəs Ata istirahət etməyə nadir hallarda vaxt ayırırdı. Fernández xatırlatdı ki, Papa Fransisk Buenos Ayresda yaşadığı illərdə də “nə restorana, nə teatra, nə gəzməyə, nə də kinoteatra gedirdi, heç vaxt tam bir gün istirahət etməzdi”.
Fernández belə yekunlaşdırdı: “Onun gündəlik işi Allahın sevgisinə verdiyi cavab idi”.
Papanı Müqəddəs Yusifə əmanət edək
Kardinal Fernández vurğuladı ki, Kuriya üzvləri də işçilərdir: “əmək bizim üçün, Kuriya üçün də xristian kimi yetkinləşməyin və kamilləşməyin bir yoludur”.
Vəzin sonunda o xatırlatdı ki, Papa Fransisk narahat olduğu vaxtlarda Müqəddəs Yusif ikonkasının altına bir dua yazıb qoyardı.
Kardinal bu sözlərlə bitirdi: “Məryəm və İsanın qayğısına qalmaq üçün çox çalışan bu müqəddəsə dua edək. Ondan istəyək ki, əziz Papa Fransiskimizi cənnətdə bağrına bassın”.