Kardinal Parolin II İoann Pavelin vəfatının 20-ci ildönümü münasibətilə keçiriləcək Müqəddəs Messaya başçılıq edəcək
“Vatikan News” tərəfindən
II İoann Pavelin vəfatının 20-ci ildönümü münasibətilə kardinal Pietro Parolinin başçılığı ilə keçiriləcək Müqəddəs Messa 2 aprel tarixində saat 15:00-da Müqəddəs Peter Bazilikasında baş tutacaq.
Bu mərasimdə iştirak etmək istəyən hər kəs üçün giriş sərbəstdir və bilet tələb olunmur.
Həmin axşam saat 21:00-da Müqəddəs Peter Meydanında polyak və italyan dillərində dua gecəsi təşkil olunacaq. Bu mərasimə Polşa Yepiskoplar Konfransının Rəhbəri, Arxiyepiskop Tadeuş Voyda rəhbərlik edəcək. O, həmçinin Müqəddəs Peter Bazilikasında keçiriləcək Messada, kardinal Stanislav Dzişişlə birgə ibadət edəcək. Kardinal Dzişiş 2005-2016-cı illərdə Krakovun arxiyepiskop-mitropoliti olub və uzun illər II İoann Pavelin şəxsi katibi kimi xidmət edib.
Fevralın 12-də Papa Fransisk müqəddəs II İoann Pavelin vəfatının 20-ci ildönümünü qeyd edən hər kəsə xeyir-duasını göndərib.
Kardinal Dzişişə ünvanladığı məktubda Papa belə yazıb: “Hər kəsə ümid ruhunda dinc bir Yubiley İli arzulayıram və Müqəddəs Bakirə Məryəmin və Müqəddəs II İoann Pavelin şəfaətini diləyərək, 2 aprel tarixində qeyd olunacaq tədbirlərdə iştirak edən hər kəsə ürəkdən xeyir-duamı göndərirəm.”
Roma Yeparxiyasının Baş Vikarisi kardinal Baldassare Reina da keşişlərə, daimi diakonlara, rahiblərə, kilsə hərəkatları və icma üzvlərinə, eləcə də bütün Roma Yeparxiyasının imanlılarına müraciət edərək onları bu mərasimə qatılmağa dəvət edib: “Bu mərasim, müqəddəs II İoann Pavelin həyatına, onun Roma yeparxiyasında yepiskop xidmətinə görə Allaha şükür etmək üçün mühüm bir fürsət olacaq.”