Pope Francis

Kardinal Parolin: Papa heç vaxt Kilsəni idarə etməyi dayandırmayıb

İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Dövlət Katibi kardinal Pietro Parolin izah edir ki, Papa Fransisk “xəstəliyinin ən çətin günlərində belə” ona təqdim olunan hesabatları nəzərdən keçirib və “müvafiq qərarlar verib.” Eyni zamanda, Papa tərəfindən səlahiyyət verilmiş və ya müəyyən məsələlərdə başqalarına həvalə edilmiş hallarda, məsələn, kanonizasiya prosesində, Vatikan Dikasteriyaları müstəqil şəkildə qərar qəbul edə bilirlər.

Alessandro de Karolis tərəfindən

Papa Fransisk sağlamlığının bərpası üçün iş tempini yavaşlatmalı olub, lakin “Kilsənin idarə olunması onun əlindədir,” – deyə Kardinal Pietro Parolin “Corriere della Sera”  qəzetinə müsahibəsində bildirib. Dövlət Katibi vurğulayıb ki, Papanın xəstəxanada qaldığı müddətdə və indi sağalarkən diqqətini ayıra biləcəyi vaxt və iş yükü dəyişib, lakin onun qərar vermə və istiqamət göstərmə qabiliyyətində heç bir fasilə yaranmayıb. 

Müsahibə zamanı Kardinal Parolin Müqəddəs Taxt-Tacın fəaliyyətindən danışaraq bildirib ki, “Papa Kilsəni idarə etməyi heç vaxt dayandırmayıb, hətta Cemelli xəstəxanasında yatarkən belə.” Bununla yanaşı, o qeyd edib ki, “Kurianın əməkdaşları daha çox rutin məsələləri əvvəlcədən verilmiş təlimatlar və mövcud qaydalara əsaslanaraq, onu məlumatlandırmadan həll edə bilirlər.” 

Papa adından görülən işlər

Kardinal Parolin aydınlıq gətirib ki, bu dövrdə Papaya təqdim olunan məsələlər yalnız “bir tək onun qərar verməli olduğu məsələlərdir”; digər məsələlər isə Vatikan Dikasteriyalarının “Papa adından” həyata keçirdiyi və Papa Fransiskin müəyyən etdiyi istiqamətlərə əsasən qərar verdiyi səlahiyyət çərçivəsində həll edilir ki, bu da adi vaxtlarda da belə olur. 

Bunun bir nümunəsi kimi Kardinal Parolin kanonizasiya prosesini göstərib: “Kanonizasiya formulası Papanın özü tərəfindən elan edilir, lakin zərurət yaranarsa, bunu Papa adından bir əməkdaşı da səsləndirə bilər.” O əlavə edib ki, əgər Papa Müqəddəslər  üzrə Dikasteriyanın Prefekti Kardinal Marçello Semeraro’ya səlahiyyət versə, o, “əgər Papa həmin vaxt bunu edə bilməsə, onun adından formulanı elan edə bilər.” 

Bütün bunların necə həyata keçiriləcəyi, Kardinal Parolinin sözlərinə görə, “Müqəddəs Atanın həmin günlərdə özünü necə hiss edəcəyindən də asılı olacaq.” Hazırda isə ən vacib olan odur ki, “Papa istirahət edə bilsin və sağalsın.” Kardinalın sözlərinə görə, həkimlərin iki aylıq istirahət tövsiyəsi, əvvəlki iş tempindən fərqli olaraq, “onun fəaliyyətini tam şəkildə bərpa etməsinə kömək edəcək.”

29 mart 2025, 17:00