2025.04.04 "Maria Rosa Mistica"

İman Doktrinası üzrə Dikasteriyanın prefekti Müqəddəs Məryəm - Sirrli Qızılgül heykəlini təqdis edib

İman Doktrinası üzrə Dikasteriyanın(İDD) prefekti “Sirrli Qızılgül” adı ilə tanınan Məryəmin heykəlini təqdis edib. Bu, ötən yay Dikasteriyanın Xanımımıza həmin titul altında ehtiram edilməsinə heç bir etirazın olmadığını bildirməsindən sonra baş verib.

“Vatican News” tərəfindən

İman Doktrinası üzrə Dikasteriyanın prefekti kardinal Viktor Manuel Fernandez Müqəddəs Həftənin Bazar ertəsi günü Vatikanın bağlarında “Məryəm - Sirrli Qızılgül” heykəlini təqdis edib.

Papa Fransisk tərəfindən hədiyyə olunan bu heykəl, Vatikan Bağlarında Sakrament fəvvarəsinin yaxınlığındakı ziyarətgahda yerləşdirilib.

Təqdisetmə ayinində kardinal Fernandezlə yanaşı, İman Doktrinası üzrə Dikasteriyanın iki katibi — arxiyepiskop Con Cozef Kennedi və ata Armando Matteo, həmçinin Vatikan Şəhər Dövlətinin Qubernatorluğunun baş katibi arxiyepiskop Emilio Nappa iştirak ediblər.

Məryəmə Sirrli Qızılgül adı altında ehtiram edilməsinə “yaşıl işıq”     

Keçən ilin iyul ayında Dikasteriya, fövqəltəbii hadisələrlə bağlı yeni normalara əsaslanaraq, 1947–1966-cı illər arasında Pierina Cilli adlı visioner tərəfindən alındığı iddia edilən mesajlarla əlaqədar olaraq “Sirrli Qızılgül” titulu altında Məryəmə ictimai ehtiram edilməsinə icazə verən “nulla osta” qərarını açıqladı.

Bu qərar, həmin titulla və onunla əlaqəli təsvirin istifadəsi ilə kilsələrin və müqəddəs məkanların Məryəmə həsr olunmasına da icazə verir.

Dikasteriyanın qərarı

Keçən ilin iyul ayında Dikasteriyanın qərarına əlavə olunmuş məktubda kardinal Fernandez bildirib ki, Pierina Cilli-nin bu ruhani təcrübəsində “mənfi əxlaqi cəhətlər və ya digər tənqidi aspektlər”ə rast gəlinmir. Əksinə, o qeyd edir ki, “mesajların ümumi məzmununda bir sıra müsbət cəhətlər seçilir və diqqət çəkir”.

Məryəmin “Sirrli Qızılgül” və “Kilsənin Anası” titulları altında göründüyü iddia edilən hadisələr, İtaliyanın Breşa bölgəsində yerləşən Montikiari şəhərinin cənubundakı Fontanelle adlı ərazi ilə əlaqələndirilir.

Möcüzə görən Pierina Cilli kəndli ailəsində anadan olmuş, xadimə və bir xəstəxanada tibb bacısı kimi çalışaraq çox sadə bir həyat yaşamışdır. O, 1991-ci ildə, 80 yaşında vəfat etmişdir.

Onun mistik təcrübələri iki fərqli dövrə bölünür. Birinci dövr 1947-ci ilə təsadüf edir – bu zaman Məryəmin Pierina Cilli-yə “Sirrli Qızılgül” və “Kilsənin Anası” titulları ilə göründüyü bildirilir. Cilli deyir ki, Məryəmin ağ paltarının üzərində üç Qızılgül görmüşdür: biri ağ, biri qırmızı, biri isə sarı rəngdə. Bu güllər müvafiq olaraq dua, tövbə və əzabı simvolizə edirdi.

İkinci görünmə dövrü isə 1966-cı ildə Fontanellə bölgəsində baş vermişdir. Burada, 13 may tarixində – Məryəmin görünüb mesaj verdiyi mühüm günlərindən birində – Məryəm Pierina-ya xüsusi bir bulağı göstərərək, onun ruhani təmizlənmə və lütflərin qaynağı olan bir yer olduğunu bildirmişdir. Elə 1966-cı ildən başlayaraq bu ərazidə bir ziyarətgahın tikintisinə başlanılıb. Bu ziyarətgah klassik kilsə formasında deyil, açıq hava amfiteatrı şəklində inşa edilib. Sahənin bir tərəfində Müqəddəs Messanın qeyd olunması üçün bir kapella, digər tərəfində isə Məryəm Ananın göstərdiyi bulağı əhatə edən kiçik bir kapella yerləşir.

15 aprel 2025, 11:55