Papa abbraccia israeliano e palestinese che perso parenti

Sülh adına qardaşlar

“L’Osservatore Romano” nəşrinə müsahibəsində iki sülh fəalı – 2024-cü ilin may ayında İtaliyanın şimalındakı Verona şəhərində keçirilən “Sülh Arenası” tədbirinə qatılan və Papa Fransiskin şəxsən qucağladığı, Papanın dəstəyini alan israilli Maoz İnon və fələstinli Əziz Əbu Sarah sülh haqqında müştərək baxışlarından danışıblar.

Roberto Çetera tərəfindən, Yerusəlimdə

Maoz deyir: "Oktyabrın 7-də atamı və anamı itirdim, amma bir qardaş qazandım". Həmin dəhşətli səhər Netiv HaAsaradakı evlərində Maozun valideynləri Həmas tərəfindən atılan raketlə öldürüldü. O gündən bəri, 50 yaşlı İsrailli turizm sahibkarı Maoz İnon, kədərini müharibəyə qarşı qətiyyətli və cəsarətli bir öhdəliyə və iki xalq arasında sülhə yönəltməyi seçdi və "digərlərin" əzabını dərk etməyə başladı.

Onun “yeni tapdığım qardaşım” adlandırdığı şəxs Yerusəlim və Qərb Sahili arasında yerləşən Betaniya kimi tanınan Əl-Eizariya şəhərindən olan 45 yaşlı fələstinli turizm operatoru Əziz Əbu Sarahdır. Əzizin cəmi doqquz yaşı olanda onun 18 yaşlı qardaşı Tayseer israilli nişanı olan avtomobillərə daş atmaqda şübhəli bilinərək İsrail əsgərləri tərəfindən həbs edilib. Tayseer təxminən bir il İsrail həbsxanasında qaldı. Nəhayət azadlığa buraxıldıqdan sonra o, həbsdə olarkən işgəncələr nəticəsində aldığı daxili xəsarətlərdən cəmi bir neçə həftə sonra vəfat etdi.

Əziz üçün də bu iztirab iki xalq arasında sülhə sarsılmaz sadiqliyə səbəb oldu. Maoz “L’Osservatore Romano”-ya deyir: "Oktyabrın 7-də ailəmin başına gələn faciədən xəbərdar olduqdan sonra ilk başsağlığını və ürəkdolu dəstəyi Əzizdən aldım. Sülh uğrunda mübarizəmiz bizi qan bağlarından daha çox qardaş etdi."

 Lakin Maoz və Əzizi bu sülh bağına aparan səyahət oktyabrın 7-də başlamayıb. Turizm sahibkarı kimi uğurlu karyerasında Maoz işğal olunmuş Fələstin ərazilərini də əhatə edən marşrutlar təşkil edirdi. O, turlarının orijinallığı ilə tanınırdı və buna görə də İsrail dairələrində tənqidlə üzləşmişdi. Əziz, qardaşının ölümündən sonra, şəxsiyyət vəsiqəsi almaq üçün Yerusəlimə köçdü. Orada o, “Fəth”-in gənclər hərəkatına qoşuldu və İsrail işğalçılarına qarşı gənc yaşlarından dərin qəzəb və məyusluqla alovlanan sərt yazıları ilə tanındı. Bu yazılar onun altı aylıq həbsinə səbəb oldu. Bununla belə, Yerusəlimdə yaşamaq ona İsrail cəmiyyətini birbaşa təcrübədən keçirməyə, ibrani dilini öyrənməyə və xristian kollecində təhsil almağa imkan verdi – bu təcrübələr ona münaqişəyə fərqli rakursdan baxmağa kömək etdi.

Daha sonra o, münaqişədə yaxınlarını itirmiş və intiqam deyil, barışıq, sülh və tolerantlıq axtaran həm İsrail, həm də Fələstin ailələrinin birliyi olan Valideynlər Dairəsi Ailə Forumuna qatıldı.

“Bu görüş, Müqəddəs Atanın ruhlandırıcı sözləri sayəsində sülhə sadiqliyimizi daha da gücləndirən və zənginləşdirən görüş oldu. Papa Fransisk bizi dərindən təsirləndirdi", - deyə, Əziz vurğulayır. “Mövcud fikir ayrılıqlarını daha da gücləndirən qütbləşdirmə zehniyyətlərin parçaladığı bir dünyada Papa Fransiskin sözləri həqiqətən dialoqa, hörmətə və sülhə yönəlmiş yeganə sözlər kimi seçilir. O, yeni humanizm tərəfdarı olan yeganə dünya lideridir”, - Maoz əlavə edir.

Birlikdə deyirlər: "Ümid edirik ki, bu müsahibə vasitəsilə Papa, ona olan tezliklə sağalma diləklərimizdən agah olacaq. Qoy bilsin ki, ikimiz də onun üçün hər gün dua edirik".

Onların fəaliyyəti artıq mühüm nailiyyətə gətirib çıxarıb: sülh naminə çalışan 60 İsrail və Fələstin təşkilatından ibarət koalisiyanın yaradılması və indi də “Artıq zamanıdır” (“It’s time”) təşəbbüsü altında birləşməsi. Bu ad, dialoqu bərpa etmək, silahları susdurmaq, gərginliyi sakitləşdirmək və bir-birinin əzabını etiraf etmək zamanın gəldiyini bildirir.

Maozun sözlərinə görə, “Artıq zamanıdır” indi “İsrail və Fələstin tarixində ən böyük sülh nümayişi” adlandırdığı tədbiri təşkil edir. Tədbir mayın 8 və 9-da Yerusəlimdə baş tutacaq.

"Təşkilatlarımızla yanaşı, biz dünyanın hər yerindən vətəndaş cəmiyyəti, siyasət və dini icmaların üzvlərini bizə qoşulmağa dəvət edirik. Müqəddəs Torpaqdakı xristian konfessiyalarının nümayəndələri artıq iştirak edəcəklərini təsdiqləyiblər. İki gün ərzində şəhərin müxtəlif yerlərində - həm şərqdə, həm də qərbdə, o cümlədən Köhnə Şəhərdə tədbirlər keçiriləcək. Son tədbir üçün də böyük toplantı keçiriləcək.",-deyə Əziz izah edir.

"İsraillilərin və fələstinlilərin böyük əksəriyyəti artıq müharibə istəmir. Onlar daha çox kədər, zorakılıq və əzab istəmirlər. Siyasi liderlərin bunu anlamasının vaxtı çatıb", - deyə Maoz yekunlaşdırır.

26 fevral 2025, 17:04