2025.01.26 Angelus

Papa: Yubiley Məsihlə görüşümüzü yeniləmək üçün bir fürsətdir

Allahın Kəlamına həsr olunmuş Rəbb günündə, “Angelus” duası zamanı, Papa Fransisk Yubiley ilinin xristianlar üçün xilasa ehtiyacımızı etiraf etmək və Məsihlə görüşümüzü yeniləmək üçün necə bir fürsət olduğu haqqında fikirləri ilə bölüşüb.

RƏBBİN MƏLƏYİ - ANGELUS

Müqəddəs Peter meydanı
Bazar, 26 yanvar 2025

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!

Bu Rəbb günündə Müjdəçi Luka İsanı böyüdüyü Nazaret şəhərindəki sinaqoqda bizə təqdim edir. O, Yeşaya peyğəmbərdən Məsihin müjdəçi və azadedici missiyasını elan edən parçanı oxuyur. Sonra O, ümumi sükutü pozaraq deyir: “eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi” (Luka 4, 21).
Gəlin, İsanı dülgər Yusifin oğlu kimi tanıyan və Onun Özünü Məsih kimi təqdim edə biləcəyini heç vaxt ağlına belə gətirə bilməyən İsanın həmyerlilərinin təəccüb və çaşqınlığını təsəvvür edək.
Bu çaşdırıcı idi. Bununla belə, bu, məhz beləcə baş verdi: İsa bəyan edir ki, Onun varlığı ilə “Rəbbin lütf ili” (Luka 4, 19) gəldi. Bu, hamı üçün və xüsusi bir şəkildə yoxsullar, əsirlər, korlar, məzlumlar üçün müjdədir (Luka 4, 18).
Həmin gün Nazaretdə İsa həmsöhbətlərini Öz şəxsiyyəti və missiyası ilə bağlı seçim qarşısında qoydu. Sinaqoqda heç kim təəccüblənməyə bilməzdi: O, yalnız Ona məxsus olmayan bir rola iddia edən dülgər oğludur? Yoxsa O, həqiqətən də, insanları günahdan və bütün pisliklərdən xilas etmək üçün Allah tərəfindən göndərilmiş Məsihdir?
Müjdəçi bizə deyir ki, Nazaretlilər İsada Rəbbin məsh etdiyi şəxsi tanıya bilmədilər. Onlar Onu çox yaxşı tanıdıqlarını düşünürdülər və bu, onların ağıllarının və qəlblərinin açılmasını asanlaşdırmaq əvəzinə, işığı gizlədən pərdə kimi onlara mane olurdu.

Bacılar və qardaşlar, bu hadisə, müəyyən bənzətmələrlə, bu gün də bizlərlə baş verir. Biz də İsanın varlığı və sözləri ilə seçim qarşısında dayanırıq; biz də Onda Allahın Oğlunu, Xilaskarımızı tanımağa çağırılmışıq. Ancaq Onun həmvətənlərinin başına gəldiyi kimi bizim də başımıza eyni şey gələ bilər: güya biz Onu artıq tanıyırıq, Onun haqqında artıq hər şeyi bilirik, Onunla məktəbdə, kilsədə, katexizis dərslərində, katolik mədəniyyətinə malik bir ölkədə birlikdə böyümüşük... Və beləliklə, bizim üçün də O, yaxın, hətta bəlkə də “çox” yaxın olan bir Şəxsdir.

Ancaq gəlin özümüzdən soruşmağa çalışaq: Nazaretli İsanın danışığında Onun unikal səlahiyyətini hiss edirikmi? Biz tanıyırıqmı ki, O, heç kimin bizə verə bilməyəcəyi xilas elanının daşıyıcısıdır? Bəs mən? Mənim bu xilasa ehtiyacım varmı? Mən də bir növ kasıb, məhbus, kor, məzlum olduğumu hiss edirəmmi? Yalnız bundan sonra “lütf ili” mənim üçün başlayacaq!

Gəlin Allahın Validəsi və Anamız Məryəmə  əminliklə müraciət edək ki, bizə İsanı tanımağa kömək etsin.

“Rəbbin mələyi” duasında sonra…

Əziz bacılar və qardaşlar!

Sudanda 2023-cü ilin aprelində başlayan münaqişə Cənubi Sudanda da dramatik nəticələrlə dünyanın ən ciddi humanitar böhranına səbəb olur. Mən hər iki ölkənin xalqlarına yaxınam və onları qardaşlığa, həmrəyliyə, hər cür zorakılıqdan çəkinməyə, özlərinin istismarına yol verməməyə dəvət edirəm. Mən Sudanda müharibə aparanlara müraciətimdə bir daha bildirirəm ki, onlar hərbi əməliyyatlara son qoysunlar və danışıqlar masası arxasına otursunlar. Mən beynəlxalq ictimaiyyəti məcburi köçkünlərə lazımi humanitar yardımı çatdırmaq və müharibə edənlərə tezliklə sülhə gedən yollar tapmağa kömək etmək üçün əlindən gələni etməyə çağırıram.

Mən Kolumbiyadakı vəziyyətə, xüsusən də silahlı qruplar arasında toqquşmaların çoxlu mülki insanın həyatına son qoyduğu və otuz mindən çox insanın didərgin düşdüyü Katatumbo bölgəsindəki vəziyyətə narahatlıqla baxıram. Onlara yaxınlığımı bildirirəm və onlar üçün dua edirəm.

Bu gün Ümumdünya Cüzam Günüdür. Mən bu xəstəlikdən əziyyət çəkənlər üçün çalışanların hamısını səylərini davam etdirməyə, həmçinin sağalanların cəmiyyətə yenidən inteqrasiyasına kömək etməyə çağırıram. Qoy onlar təcrid olunmasınlar!

Sabah Holokost Qurbanları Xatirəsinin Beynəlxalq Anma Günüdür: Osvensim həbs düşərgəsinin azad edilməsindən 80 il keçir. Həmin illərdə milyonlarla yəhudinin və başqa dinə mənsub insanların məhv edilməsinin dəhşəti nə unudula, nə də inkar edilə bilər. Mən Romada yaşayan istedadlı macar şairəni Edit Bruku xatırlayıram. O bütün bunlara görə əziyyət çəkdi... Bu gün istəsəniz “Che tempo che fa” verilişində onu dinləyə bilərsiniz. O yaxşı qadındır. Aralarında çoxlu şəhid olan çoxlu xristianları da xatırlayırıq. Hər kəsi ayrı-seçkiliyin və dini təqibin bütün formaları ilə birlikdə antisemitizm bəlasının kökünü kəsmək üçün birlikdə işləməyə çağırışımı yeniləyirəm. Gəlin birlikdə daha çox qardaşlığa əsaslanan, daha ədalətli bir dünya quraq. Gəlin gəncləri qardaşlıq, bağışlama və sülh məntiqinə əməl edərək, ürəyi hamıya açıq olsun deyə tərbiyə edək.

Mən İtaliyadan və dünyanın bir çox yerindən gələn sizin hamınızı salamlayıram. Bu günlərdə Yubiley ilini  jurnalistləri və media işçilərini xüsusilə salamlayıram: onları həmişə ümid carçıları olmağa çağırıram.

Mən həmçinin polyakları, xüsusən də Zabnodan gələnləri salamlayıram; Badajoz (İspaniya) 'Zurbara' İnstitutunun tələbələrini, Siquirres-in (Kosta Rika) imanlılarını, Panamadan olan “quinceañeras” qızlar qrupunu salamlayıram.

Busto Garolfo və Milanın Baş Yeparxiyasının Olcella Pastoral Birliyinin zəvvarlarını salamlayıram.

Mən sizin hamınızı, İtaliya Katolik Hərəkatının, Roma kilsələrinin və katolik məktəblərinin oğlan və qızlarını salamlayıram. Siz bura “Sülh karvanı”nın sonunda gəldiniz; bu səyahətiniz zaman siz İsanın həyatınızda varlığı haqqında düşünürdüz, həmyaşıdlarınız üçün xoş qarşılanmanın və qardaşlığın gözəlliyinə şəhadət verdiniz. İndi də bizə nəsə demək istəyən bu gözəl insanları dinləyək...Gəlin! Səsinizi eşitdirin!

[müraciət oxundu]

İndi o [müraciəti oxuyan oğlan] çox gözəl bir söz dedi... [oğlan oxumağa davam edir ‘Bu yolla bütün silahları susdura bilərdilər...’] bu oğlan yaxşı oğlandır! Xahiş edirəm bütün oğlan və qızları mənim adımdan salamlayın.

Hamınıza xoş Rəbb günü arzulayıram və xahiş edirəm mənim üçün dua etməyi unutmayın. Naharınızdan zövq alın və “arrividerci”, hələlik!

26 yanvar 2025, 18:00

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Coeli'

Həmçinin oxuyun >