Papa Sudanda müharibəyə son qoymağa çağırıb
RƏBBİN MƏLƏYİ - ANGELUS
Bazar, Palma Rəbb günü, 13 aprel 2025
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn
Əziz bacılar və qardaşlar,
Bu gün Palma Rəbb gününü qeyd edərək, Rəbbin Əzabları hekayəsini Lukanın İncilindən dinlədik. (Luka 22,14 - 23,56). Biz İsanın Ataya bir neçə dəfə müraciət etdiyini eşitdik: “Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun” (22,42); “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” (23:34); “Ey Ata! Ruhumu Sənin əlinə verirəm” (23, 46). Biz Onun aciz və alçaldılmış, atasının boynuna sarılmış uşağın hissləri və qəlbi ilə, cismi kövrək, lakin tərkedilməyində belə imanlı və güclü olaraq, Atanın qucağında ölüm yuxusuna gedənə qədər çarmıxına doğru addımlamağını gördük.
Bunlar liturgiyanın bizi üzərində düşünməyə və özünküləşdirməyə çağırdığı hisslərdir. Hamımızın həm fiziki, həm də mənəvi kədərlərimiz var və iman bizə ümidsizliyə qapılmamağa, acıya çəkilməməyə, əksinə İsa kimi, Atanın bəsirətli və mərhəmətli qucağında kədərlərimizlə üz-üzə gəlməyə yardım edir.
Bacılar və qardaşlar, dualarınız üçün təşəkkür edirəm. Bu fiziki zəiflik zamanı onlar mənə Allahın yaxınlığını, şəfqətini və zərif qayğısını daha çox hiss etməyimə kömək edir. Mən də sizin üçün dua edirəm və sizdən xahiş edirəm ki, mənimlə birlikdə əziyyət çəkənlərin hamısını, xüsusən də müharibə, yoxsulluq və ya təbii fəlakətlərdən əziyyət çəkənləri Rəbbə əmanət edəsiniz. Xüsusilə, qoy Allah Santo Dominqoda binanın uçması nəticəsində həlak olanları Öz hüzuruna qəbul etsin, ailələrinə səbr və təsəlli versin.
Aprelin 15-i Sudanda minlərlə insanın ölümünə və milyonlarla ailənin öz ev-eşiyindən didərgin düşməsinə səbəb olan münaqişənin başlanmasının ikinci kədərli ildönümüdür. Uşaqların, qadınların, həssas insanların iztirabları Səmaya fəryad edir və bizdən hərəkətə keçməyi diləyir. Mən münaqişə tərəflərini zorakılığa son qoymağa, dialoqa başlamağa və beynəlxalq ictimaiyyəti əhaliyə lazımi yardım göstərməyə bir daha çağırıram.
Gəlin, əlli il əvvəl faciəli vətəndaş müharibəsinin başladığı Livanı da xatırlayaq: Allahın köməyi ilə qoy Livan sülh və firavanlıq içində yaşasın.
Ukraynaya, Fələstinə, İsrailə, Konqo Demokratik Respublikasına, Myanmaya, Cənubi Sudana nəhayət sülh bəxş olunsun. Qoy Kədərlər Anası Məryəm bu lütfü bizim üçün şəfaəti ilə əldə etsin və bu Müqəddəs Həftəni imanla yaşamağa bizə kömək etsin.