Papa “Rəbbin mələyi” müraciətində sülhə və birliyə çağırıb
RƏBBİN MƏLƏYİ - ANGELUS
Bazar, 16 fevral 2025
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn
Qardaşlar və bacılar, Rəbb gününüz mübarək!
Bu gün Vatikanda, dünyanın müxtəlif yerlərindən Yubiley günlərini yaşamağa gəlmiş sənətçilərə həsr olunmuş Yevxaristiya qeyd olundu. Gözəlliyi yayan və xalqları birləşdirən, dünyaya harmoniya gətirməyə töhfə verən və hər bir müharibə harayını susduran ümumbəşəri dil kimi incəsənətin əhəmiyyətini xatırladan bu görüşün təşkil edilməsinə görə Mədəniyyət və Təhsil üzrə Dikasteriyaya təşəkkür edirəm.
İştirak edən bütün sənətçiləri salamlamaq istəyirəm: aranızda olmaq istərdim, amma bildiyiniz kimi, mən burada, “Cemelli” xəstəxanasındayam, çünki bronxitimin hələ də müalicəyə ehtiyacı var.
Bu gün Romada olan bütün zəvvarları, xüsusən də yepiskopunun başçılığı ilə yeparxiyal zəvvarlığa gəlmiş Parma yeparxiyasının imanlılarını salamlayıram.
Hər kəsi əzab çəkən Ukraynada, Fələstində, İsraildə və bütün Yaxın Şərqdə, Myanmada, Kivuda və Sudanda sülh üçün dua etməyə davam etməyə dəvət edirəm.
Bu günlərdə məni məhəbbətiniz, duanız və yaxınlığınız ilə müşayiət etdiyinizə görə təşəkkür edirəm və bu xəstəxananın həkimlərinə, tibb işçilərinə göstərdikləri qayğıya görə təşəkkür edirəm: onlar belə dəyərli və yorucu bir iş görürlər, gəlin onlara dua ilə dəstək olaq!
İndi gəlin özümüzü “Lütflə dolu” Məryəmə əmanət edək ki, o, bizə onun kimi, gözəlliyin ifaçıları və yaradıcıları olmağa kömək etsin.