Diffusa la prima foto del Papa dal momento del ricovero

Papa: Bizi heç vaxt tərk etməyən Allaha həmd olsun

“Rəbbin mələyi” (Angelus) üçün hazırladığı mətndə Papa Fransisk yaşadığı sınaq dövrünü düşünür, xəstəxanaları və qayğı məkanlarını işıqlandıran "ümidin nur saçan əlamətlərini" vurğulayır.

 

RƏBBİN MƏLƏYİ - ANGELUS

Bazar, Böyük Orucun II Rəbb Günü, 16 mart 2025
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!

Bu gün, Böyük Oruc dövrünün ikinci Rəbb günü, İncil bizə İsanın Surətinin dəyişilməsi haqqında danışır (Luka 9, 28-36). Peter, Yaqub və Yəhya ilə birlikdə dağın zirvəsinə qalxan İsa duaya qərq olur və nur kimi parlamağa başlayır. Beləliklə, O, şagirdlərinə onların arasında etdiyi əməllərin arxasında nəyin gizləndiyini göstərir: Onun sonsuz məhəbbətinin işığını.

Bu fikirlərimi sizinlə sınaq dövründən keçdiyim zaman bölüşürəm və bu an mənim kimi kövrək və zəif olan çoxlu xəstə qardaş və bacılarla həmrəy olduğumu bildirirəm.   Vücudumuz zəifdir, lakin buna baxmayaraq, bizə sevməyə, dua etməyə, özümüzü verməyə, bir-birimiz üçün yaşamağa, iman etməyə, ümid işığını paylaşmağa heçnə mane ola bilməz. Bu mənada xəstəxanalarda, qayğı məkanlarında nə qədər işıq var! Məhəbbət dolu qayğı  otaqları, dəhlizləri, klinikaları, ən təvazökar xidmətlərin göstərildiyi yerləri necə də işıqlandırır! Buna görə də bu gün sizi, bizi heç vaxt tərk etməyən və kədərli anlarımızda Onun məhəbbətinin şüalarını əks etdirən insanları yanımıza göndərən Rəbbi mədh etməkdə mənə qoşulmağa dəvət edirəm.

Dualarınız üçün hamınıza təşəkkür edirəm və mənə belə fədakarlıqla kömək edənlərə təşəkkür edirəm. Bilirəm ki, çoxlu uşaqlar mənim üçün dua edir; onların bəziləri bu gün “Cemelli” xəstəxanasına gəldilər. Sağ olun, əziz uşaqlar! Papa sizi sevir və həmişə sizinlə görüşməyi gözləyir.

Gəlin sülh üçün dua etməyə davam edək, xüsusən də müharibə ilə yaralanan ölkələr üçün: əzab çəkən Ukrayna, Fələstin, İsrail, Livan, Myanma, Sudan və Konqo Demokratik Respublikası.

Gəlin, bu yaxınlarda keçirilən Sinodal Assambleyada qəbul edilən qərarları konkret əməllərə çevirməli olan Kilsə üçün də dua edək. Önümüzdəki üç il ərzində yerli Kilsələri bu işdə müşayiət edəcək Sinodun Baş Katibliyinə təşəkkür edirəm.

Qoy Məryəm sizi qorusun və Onun kimi Məsihin işığının və sülhünün daşıyıcıları olmağa kömək etsin.

16 mart 2025, 18:37

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Coeli'

Həmçinin oxuyun >