Papa dualara görə təşəkkür edir
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn
Əziz bacılar və qardaşlar,
Bu Rəbb günü İncilində (Luka 6, 39-45) İsa bizi beş hissdən ikisi haqqında düşünməyə vadar edir: görmə və dad.
Görmə ilə bağlı O, bizdən dünyanı yaxşı müşahidə etmək və qonşumuzu mərhəmətlə mühakimə etmək üçün gözlərimizi öyrətməyimizi xahiş edir. O deyir: “əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar” (Luka 6, 42). Yalnız belə qayğılı baxışla, qınaq etmədən qardaşcasına düzəliş etmə bir fəzilət ola bilər. Çünki qardaşcasına edilmirsə - bu düzəliş deyil!
Dadla bağlı İsa xatırladır ki, “hər ağac öz bəhrəsindən tanınır” (Luka 6, 44). İnsandan gələn meyvələr isə, məsələn, onun dodaqlarında yetişən sözləridir, çünki “ürək doluluğundan ağız danışar.” (Luka 4, 45). Çürük meyvələr şiddətli, yalançı, vulqar sözlərdir; yaxşı sözlər dialoqlarımıza ləzzətli dad verən ədalətli və dürüst sözlərdir.
Beləliklə, özümüzə sual verə bilərik: qardaş və bacılarım olan başqa insanlara necə baxıram? Başqalarının mənə baxdığını necə hiss edirəm? Sözlərimin xoş tamı var, yoxsa acı və boş şeylərlə doludur?
Bacılar və qardaşlar, bu fikirləri hələ də xəstəxanadan sizə göndərirəm. Bildiyiniz kimi, bir neçə gündür ki, burada həkimlərin və səhiyyə işçilərinin müşayiəti ilə müalicə olunuram. Onların mənə göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm. Mən ürəyimdə zəifliyin içində gizlənən “xeyir-dua”nı hiss edirəm, çünki məhz bu anlarda biz Rəbbə güvənməyi daha çox öyrənirik; eyni zamanda, çoxlu xəstə və əziyyət çəkən insanların vəziyyətini bədən və ruhla bölüşmək fürsəti verdiyi üçün Allaha şükür edirəm.
Dünyanın bir çox yerindən çoxlu imanlıların qəlbindən Rəbbə yüksələn dualarınız üçün sizə təşəkkür etmək istərdim: Mən sizin bütün məhəbbətinizi və yaxınlığınızı hiss edirəm və bu xüsusi zamanda özümü bütün Allahın xalqı tərəfindən “daşınan” və dəstəklənən hiss edirəm. Hamınıza təşəkkür edirəm!
Mən də sizin üçün dua edirəm. Və hər şeydən əvvəl sülh üçün dua edirəm. Buradan müharibə daha da absurd görünür. Əzab çəkən Ukrayna, Fələstin, İsrail, Livan, Myanma, Sudan və Kivu üçün dua edək.
Gəlin özümüzü inamla Anamız Məryəmə etibar edək. Rəbb gününüz mübarək, hələlik!