Papa: Qoy bu ümid əlaməti olsun
RƏBBİN MƏLƏYİ - ANGELUS
Bazar, Böyük Orucun III Rəbb Günü, 23 mart 2025
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Bugünkü İncildəki məsəl bizə, həyatımızı iman gətirib dəyişməyə təşviq edən Allahın səbrindən bəhs edir. İsa, gözlənilən bəhrəsini verməyən və buna baxmayaraq bağbanın kəsmək istəmədiyi əncir ağacının təsvirindən istifadə edir. Bağban ağacı yenidən belləmək, dövrəsinə peyin tökmək istəyir ki, “gələcəkdə bəhrə verə bilsin” (Luka 13, 9). Bu səbirli bağban - həyatımızın torpağını qayğı ilə becərən və Ona dönüşümüzü inamla gözləyən Rəbbdir.
Xəstəxanada yatdığım bu uzun müddət ərzində Rəbbin səbrini təcrübəmdən keçirmək imkanım oldu ki, bunu həm həkimlərin, tibb işçilərinin yorulmaz qayğısında, həm də xəstələrin yaxınlarının qayğı və ümidlərində gördüm. Allahın sonsuz məhəbbətindən qaynaqlanan bu etibarlı səbir həyatımızda, xüsusən də ən çətin və ağrılı vəziyyətlərlə qarşılaşdığımız zaman bizə, həqiqətən də, lazımdır.
İsrailin Qəzza zolağının kütləvi şəkildə bombardmanının yenidən başlaması məni çox kədərləndirir, nəticədə çoxlu sayda insan həlak olur və yaralanır. Mən silah təchizatına dərhal son qoymağa və bütün girovları azad etmək və daimi atəşkəsə nail olmaq üçün dialoqu bərpa etmək üçün cəsarət göstərməyə çağırıram. Sektordakı humanitar vəziyyət yenidən çox ciddidir və münaqişə tərəflərindən və beynəlxalq ictimaiyyətdən təcili öhdəlik tələb edir.
Digər tərəfdən, mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzərində razılığa gəliblər. Ümid edirəm ki, o tezliklə imzalanacaq və, beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına öz töhfəsini verəcək.
Siz mənim üçün böyük səbir və inadla dua etməyə davam edirsiniz: çox sağ olun! Mən də sizin üçün dua edirəm. Gəlin birlikdə müharibələrin bitməsi və sülhün bərqərar olması üçün dua edək, xüsusən də əzab çəkən Ukrayna, Fələstin, İsrail, Livan, Myanma, Sudan və Konqo Demokratik Respublikası üçün.
Qoy Pakizə Məryəm sizi qorusun və Pasxa səyahətimizdə bizi müşayiət etməyə davam etsin.