Papa "şəfqət möcüzəsinə” çağırış edib
RƏBBİN MƏLƏYİ - ANGELUS
Bazar, Böyük Orucun I Rəbb Günü, 09 mart 2025
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn
Əziz bacılar və qardaşlar,
Keçən çərşənbə, Kül Ayini ilə bizi ürəyin tövbə ilə çevrilməsinə çağıran və Pasxa sevincinə aparan qırx günlük tövbə səyahəti olan Böyük Oruca başladıq. Gəlin, bu dövrü təmizlənmə və mənəvi yenilənmə dövrünə, iman, ümid və xeyirxahlıqda böyümə yoluna çevirməyi öz öhdəmizə götürək.
Bu səhər, Müqəddəs Peter Meydanında, öz yubileyini qeyd könüllülər dünyası üçün Müqəddəs Messa keçirildi. Bazar məntiqinin həddən artıq əsiri olan, hər şeyin maraq meyarına və mənfəət axtarışına tabe olma riskinin olduğu cəmiyyətlərimizdə könüllülük bir peyğəmbərlik və bir ümid əlamətidir, çünki təmənnasızlığın, həmrəyliyin və ən çox ehtiyacı olanlara xidmətin üstünlüyünə şahidlik edir. Bu sahə ilə məşğul olanlara öz minnətdarlığımı bildirirəm: vaxtınızı və imkanlarınızı təklif etdiyiniz üçün təşəkkür edirəm; başqalarına yaxınlıq və şəfqətlə qayğı göstərərək onlarda ümidi oyatdığınız üçün təşəkkür edirəm!
Qardaşlar və bacılar, burada uzun müddət xəstəxanada qaldığım müddətdə mən də xidmətin və qayğının incəliyini, xüsusən də ürəkdən təşəkkür etdiyim həkimlərin və səhiyyə işçilərinin qayğısını görürəm. Mən burada olduğum müddətdə müxtəlif yollarla xəstələrə yaxın olan və onlar üçün Rəbbin varlığının əlaməti olan bir çox insan haqqında düşünürəm. Bizim buna ehtiyacımız var, çətinliyə düşənləri müşayiət edən, ağrılı gecəyə bir az işıq gətirən “şəfqət möcüzəsinə” ehtiyacımız var.
Mənə duada yaxınlığını göstərənlərin hamısına təşəkkür edirəm: hamınıza ürəkdən təşəkkür edirəm! Mən də sizin üçün dua edirəm. Və mən yaxın günlərdə Roma Kuriyasının ruhani məşğələlərində iştirak edəcək hər bir kəsə ruhən qoşuluram.
Gəlin birlikdə sülh ənamını, xüsusən də əzab çəkən Ukrayna, Fələstin, İsrail, Livan, Myanma, Sudan və Konqo Demokratik Respublikası üçün diləməyi davam edək. Suriyanın bəzi bölgələrində zorakılığın yenidən başlanmasından narahatlıqla öyrəndim: ümid edirəm ki, zorakılıq, cəmiyyətin bütün etnik və dini komponentlərinə, xüsusən mülki şəxslərə tam hörmət edilərək, qəti şəkildə dayandırılacaqlar.
Hamınızı Məryəmin ana şəfaətinə tapşırıram. Rəbb gününüz mübarək, hələlik!