2023.10.04 South Sudan Caritas

Papa Sudandakı "dəhşətli humanitar fəlakəti" pisləyib

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti Papa Fransiskin Rəbb günü “Rəbbin mələyi” duası müraciətini dərc edib. Müqəddəs Ata Sudandakı "dəhşətli humanitar fəlakətini" qınayıb və Cənubi Sudan və Myanma, eləcə də dünyada “çoxların əziyyət çəkdiyi” yerlərdə sülhün bərqərar olması üçün dua edib. Papa Fransisk, həmçinin, bu Böyük Oruc dövrünün hamı üçün şəfa vaxtı ola biləcəyinə ümidini ifadə edib.

RƏBBİN MƏLƏYİ - ANGELUS

Bazar, Böyük Orucun IV Rəbb Günü, 30 mart 2025

Müqəddəs Ata tərəfindən hazırlanmış mətn

Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!

Bugünkü İncildə (Luka 15, 1-3.11-32) İsa görür ki, fariseylər günahkarların Ona yaxınlaşdığına sevinmək əvəzinə, Ona qarşı qəzəblənirlər və deyinirlər. Buna görə, İsa onlara iki oğlu olan bir ata haqqında danışır: biri evdən ayrılır, lakin sonra yoxsulluğa düçar olub qayıdır və sevinclə qarşılanır. Digəri isə, “itaətkar” oğul,  atasına qəzəblənir və ziyafətə girmək istəmir. İsa Allahın Qəlbini belə açıqlayır: O, hamıya həmişə mərhəmətlidir; yaralarımızı sağaldır ki, bir-birimizi qardaş kimi sevək.

Əziz dostlar, gəlin bu Böyük Orucu şəfa vaxtı kimi yaşayaq, xüsusən də ona görə ki, biz  Yubiley ilindəyik. Mən də bunu bu şəkildə, ruhum və cismimlə yaşayıram. Buna görə də, öz sözləri və bilikləri, xeyirxahlığı və duaları ilə Xilaskarın surətini canlandıran və bununla da  qonşuları üçün şəfa aləti olan hər kəsə ürəkdən təşəkkür edirəm. Hamımız kövrəklik və xəstəlik yaşayırıq. Eyni zamanda, biz Məsihin bizə bəxş etdiyi xilasda qardaşıq.

Ata Allahın mərhəmətinə güvənərək, biz sülh üçün dua etməyə davam edirik: əzab çəkən Ukrayna, Fələstin, İsrail, Livan, Konqo Demokratik Respublikası və zəlzələdən çox əziyyət çəkən Myanma üçün.

Mən Cənubi Sudandakı vəziyyəti narahatlıqla izləyirəm. Mən bir daha bütün liderlərə ürəkdən müraciət edirəm ki, ölkədə gərginliyin azaldılması üçün mümkün olan hər şeyi etsinlər. Biz fikir ayrılıqlarımızı bir kənara qoyub, cəsarət və məsuliyyətlə danışıqlar masası arxasına əyləşib konstruktiv dialoqa başlamalıyıq. Bu, sevimli Cənubi Sudan xalqının əzabını yüngülləşdirməyin və sülh və sabitlik gələcəyini qurmağın yeganə yoludur.

Sudanda isə müharibə günahsız insanların həyatına son qoymağa davam edir. Mən münaqişə tərəflərini öz mülki qardaş və bacılarının həyatının qorunmasını birinci yerə qoymağa çağırıram; və ümid edirəm ki, böhranın uzunmüddətli həllini təmin edə biləcək yeni danışıqlar mümkün qədər tez başlayacaq. Qoy beynəlxalq ictimaiyyət bu dəhşətli humanitar fəlakətin aradan qaldırılması üçün səylərini artırsın.

Şükür Allaha ki, müsbət hadisələr də baş verir: məsələn, Tacikistanla Qırğızıstan arasında sərhədin demarkasiyası haqqında Sazişin ratifikasiyası əla diplomatik nailiyyətdir.

Mən hər iki ölkəni bu yolu davam etdirməyə çağırıram.

Qoy Mərhəmət Anası Məryəm bəşər ailəsinin sülhə və barışa çatmasına kömək etsin.

30 mart 2025, 13:17

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Coeli'

Həmçinin oxuyun >