Pope Francis appears for the first time since his return to the Vatican

Papanın “Rəbbin mələyi” müraciəti: Qoy silahlar sussun və dialoq bərpa edilsin

Böyük Orucun V Rəbb günü “Rəbbin mələyi” müraciətində, Papa Fransisk səhiyyə işçilərinə dəstək və hörmət edilməsini xahiş etdi. O, həmçinin martın 31-də iki rahibənin öldürüldüyü Haitidə zorakılığı pisləyərək bütün dünyada sülhə çağırdı.

RƏBBİN MƏLƏYİ - ANGELUS

Bazar, Böyük Orucun V Rəbb Günü, 06 aprel 2025

Müqəddəs Ata tərəfindən hazırlanmış mətn

Əziz bacılar və qardaşlar,

Böyük Oruc dövrünün V Rəbb gününün İncili bizə zina üstündə tutulan qadının epizodunu təqdim edir (Yəhya 8, 1-11). İlahiyyatçılar və fəriseylər onu daşlamaq istəyərkən, İsa bu qadının itirilmiş gözəlliyini ona qaytarır. Qadın tozun içinə yıxılıb. İsa barmağını həmin toza batırır və üzərində bu qadın üçün yeni bir hekayə yazır. Bu -  Öz övladlarını xilas edən (Çıx 8, 15) və onları şərdən azad edən (Luka 11, 20) “Allahın barmağıdır”.

Əziz dostlar, xəstəxanada olduğum müddətdə də, indiki sağalma dövründə də mən “Allahın barmağını”, Onun qayğıkeş toxunuşunu hiss edirəm. Xəstələrin və dünya səhiyyəsinin Yubileyi günü Rəbbdən xahiş edirəm ki, Onun məhəbbətinin bu toxunuşu əziyyət çəkənlərə çatsın və onlara qayğı göstərənləri ruhlandırsın. Mən həkimlər, tibb bacıları və tibb işçiləri üçün dua edirəm. Onlar heç də hər zaman müvafiq şəraitlə təmin olunmurlar, bəzən hətta təcavüzə məruz qalırlar. Onların missiyası asan deyil və dəstəklənməli, hörmət edilməlidir. Ümid edirəm ki, səhiyyə sistemlərin inklüziv olması və ən kövrəklərə, ən yoxsullara qarşı diqqətli olması üçün müalicə proseslərinə və tədqiqatlara lazımi resurslar yatırılacaq.

Mənə göndərdikləri məktuba görə Rebibbia qadın həbsxanasının məhbuslarına təşəkkür edirəm. Mən onlar üçün və ailələri üçün dua edirəm.

İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günündə ümid edirəm ki, idman sülhə və sosial inteqrasiyaya ehtiyacı olan bir çox insan üçün ümid əlaməti ola bilər. Və mən qardaşlığı əməli şəkildə təşviq edən idman birliklərinə təşəkkür edirəm.

Gəlin sülh üçün dua etməyə davam edək. Çoxlu sayda mülki vətəndaşın, o cümlədən uşaqların ölümünə səbəb olan hücumlardan əzab çəkən Ukraynada sülh üçün dua edək. Eyni şey Qəzzada baş verir. Orada insanlar ağlasığmaz şəraitdə, sığınacaq, yemək, təmiz su olmadan yaşamağa məcburdular. Qoy silahlar sussun və dialoq bərpa edilsin. Bütün girovlar azad edilsin, əhaliyə yardım edilsin. Gəlin bütün Yaxın Şərqdə, Sudan və Cənubi Sudanda, Konqo Demokratik Respublikasında, zəlzələdən ciddi ziyan çəkən Myanmada; və zorakılığın tüğyan etdiyi və bir neçə gün əvvəl iki rahibənin öldürüldüyü Haitidə sülh üçün dua edək.

Qoy Bakirə Məryəm bizi qorusun və bizim üçün şəfaət etsin.

06 aprel 2025, 16:57

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Coeli'

Həmçinin oxuyun >