Udienza generale di Papa Francesco

"Məryəmin xidməti Allaha olan ümidin dərinliyini göstərir"

Həftəlik Ümumi Audiensiyada Papa Fransisk "İsa Məsih bizim Ümidimizdir" mövzusunda katexizis silsiləsini davam etdirir və Müqəddəs Məryəmin həyatında ilahi fəzilətin təsiri haqqında düşünür.

ÜMUMİ AUDİENSİYA

Audiensiya zalı
Çərşənbə, 22 yanvar 2025
Yubiley 2025  - Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. I. Isanın körpəliyi. 2. "Mələyin Müjdəsi. Məryəm dinləyir və hazırdır (Lk 1,26-38)"

Əziz bacılar və qardaşlar, sabahınız xeyir!

Bu gün biz ümidimiz olan İsa Məsih haqqında Yubiley katexizis silsiləsini  davam etdirəcəyik.

İncilinin əvvəlində Luka təkcə Məbədin ibadət məkanlarına deyil, həm də Yusifə nişanlı olan gənc qadın -  Məryəmin hələ də ailəsi ilə birlikdə yaşadığı kasıb evə çatan Allahın Kəlamının dəyişdirici gücünün təsirlərini göstərir.
Yerusəlimdən sonra böyük ilahi müjdələrin elçisi Cəbrayıl ibrani Bibliyasında heç vaxt adı çəkilməyən bir kəndə göndərilir: Nazaretə. O dövrdə Nazaret, Qalileyada, İsrailin ucqar bir bölgəsində, bütpərəstlərlə və onların ruhani natəmizliyi ilə sərhəd bölgəsi olan kiçik bir kənd idi.
Orada mələk tamamilə eşidilməmiş forma və məzmunlu bir mesaj gətirir, o qədər ki, Məryəmin ürəyi sarsılır, narahat olur.

Klassik “Salam olsun sənə” salamlamanın yerinə Cəbrayıl Məryəmi “Sevin!” deyərək salamlayır. Bu söz müqəddəs tarix üçün əziz bir müraciətdir, çünki peyğəmbərlər Məsihin gəlişini elan edərkən ondan istifadə edirlər (Sef 3, 14; Yoel 2, 21-23, Zək 9, 9). Bu, sürgün başa çatdıqda və Rəbb Öz canlı və fəal yaxınlığını hiss etdirəndə Rəbbin Öz xalqına müraciət etdiyi sevincə dəvətdir.
Bundan əlavə, Allah Məryəmi Bibliya tarixində məlum olmayan gözəl bir adla çağırır: “kecharitoméne”, bu "ilahi lütflə dolu" deməkdir. Məryəm ilahi lütflə doludur. Bu ad deyir ki, Allahın məhəbbəti artıq Məryəmin qəlbində yaşayır və yaşamaqda davam edir. Bu ad, Məryəmin nə qədər “lütfkar” olduğu haqda və hər şeydən əvvəl Allahın lütfünün onun daxilində necə həkk olunduğu və Məryəmi Allahın şah əsərinə çevirdiyi haqda danışır: Məryəm lütflə doludur.

Allahın yalnız Məryəmə verdiyi bu sevimli ləqəb dərhal onu arxayın etmək ilə müşayiət olunur: “Qorxma!”, “Qorxma!”: Rəbbin yaxınlığı bizə həmişə qorxmamaq lütfünü verir və ona görə də Allah Məryəmə deyir: “Qorxma!”. Allah tarixdə İbrahimə, İshaqa və Musaya da “Qorxma!” deyir: “Qorxma!” (Yar 15,1; 26,24; QT 31, 8; Yeşua 8, 1). O, bizə də deyir: “Qorxma, davam et; "Qorxma!".  “Ata, mən bundan qorxuram”; "Və o zaman nə edirsən...”. “Bağışla, ata, sənə düzünü deyəcəyəm: falçıya gedirəm”. "Falçıya gedirsən!" "Eh, bəli, mənim ovcumu oxudular ...". Xahiş edirəm, qorxma! Qorxma! Qorxma! Hər şey yaxşıdır. “Mən sənin yol yoldaşınam” -  bunu Allah Məryəmə deyir. “Qüdrətli”, “mümkün olmayanın” Allahı (Luka 1, 37) Məryəmlədir, onunla birlikdə və onun yanındadır; O, onun yoldaşı, əsas müttəfiqi, əbədi “Mən səninləyəm”idir (Yar 28,15; Çıx 3,12; Hak 6,12).
Sonra Cəbrayıl Məryəmə onun missiyasını elan edir, Məryəmin ürəyində ondan doğulmalı olan uşağın padşahlığına və məsihi təbiətinə istinad edən çoxsaylı Bibliya fraqmentlərinin əks-sədasını yaradır və uşağı qədim peyğəmbərliklərin yerinə yetirilməsi kimi təqdim edir. Göylərdən gələn Kəlam Məryəmi Məsihin, çoxdan gözlənilən Davud nəslindən olan Məsihinin anası olmağa çağırır. O, Məsihin anasıdır. O, padşah olacaq, lakin insani və cismani şəkildə deyil, ilahi, ruhani şəkildə.

Onun adı “Allah xilas edir” mənasını verən “İsa” (Yeşua) olacaq (Luka 1,31; Matta 1,21), hamıya xilas edənin insan deyil, yalnız Allah olduğunu əbədi xatırladacaq. İsa Yeşaya peyğəmbərin bu sözlərini yerinə yetirəcək: “Bir elçi və ya carçı deyil, Onun məhəbbəti və mərhəməti ilə onları xilas edən Onun varlığı idi” (Yeşaya 63, 9).
Bu analıq Məryəmi kökündən silkələyir. O, ağıllı bir qadın olaraq hadisələri oxumağı bacarır, onunla nə baş verdiyini anlamağa, dərk etməyə çalışır (Luka 2, 19;51). Məryəm çölə deyil, daxilə baxır. Və orada, açıq və həssas ürəyinin dərinliklərində, onun üçün xüsusi bir "Pentekost" (Müqəddəs Ruhun Enməsi hadisəsi) hazırlayan Allaha güvənmək dəvətini eşidir. Yaradılışın əvvəlindəki kimi (Yar 1, 2) Allah Məryəmi Öz Ruhu ilə, bağlı olanı pozmadan, insan azadlığına qəsd etmədən açmağa qadir olan bir güclə qidalandırmaq istəyir; O, onu Öz varlığının “buludları” ilə əhatə etmək istəyir (1 Kor 10, 1-2) çünki Oğul Məryəmdə yaşayır, Məryəm isə  Onda.
Və Məryəm  inamla nurlanır: o, “işığı çox olan bir çıraqdır”. Məryəm Kəlamı öz bədənində qəbul edir və bununla da qadına, insan məxluquna həvalə edilmiş ən böyük missiyanı həyata keçirir. O, özünü xidmətə həsr edir: o, hər şeylə doludur, lakin qul kimi yox, Ata Allahın  ləyaqət və səlahiyyətlə dolu əməkdaşı kimi. O Kanada etdiyi kimi, ilahi xəzinənin hədiyyələrini elə idarə edir ki, çoxları iki əli ilə o xəzinədən götürə bilsin.

Bacılar, qardaşlar, gəlin Xilaskarın Anası və Anamız Məryəmdən qulaqlarımızı İlahi Kəlama açmağı, onu qəbul etməyi, onu əzizləməyi öyrənək ki o, qəlblərimizi Onun hüzurunun çadırlarına, ümidlərin böyüdüyü qonaqpərvər evlərə çevirsin. Təşəkkür edirəm!

22 yanvar 2025, 11:30

Ən son Audiensiyalar

Həmçinin oxuyun >