Papa Fransisk: Bizi Allahdan uzaqlaşdıran bütün yüklərdən özümüzü azad etməliyik
MÜQƏDDƏS ATA TƏRƏFİNDƏN HAZIRLANMIŞ KATEXİZİS
Çərşənbə, 09 aprel 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. 4-cü Görüş. Varlı adam. “İsa ona baxdı” (Mark 10, 21)
Əziz bacılar və qardaşlar,
Bu gün biz İsanın başqa bir görüşü haqda danışacağıq. Ancaq bu dəfə rastlaşdığımız şəxsin adı yoxdur. Müjdəçi Mark onu sadəcə olaraq “bir nəfər” kimi təqdim edir (Mark 10, 17). Bu, gəncliyindən ilahi əmrlərə əməl edən, lakin buna baxmayaraq, hələ də həyatının mənasını tapa bilməyən bir insandır. O həmin mənanın axtarışındadır. O, saleh bir insan kimi görünsə də, hələ son qərarını verməmiş ola bilər. Həqiqətən, gördüyümüz işlərdən, fədakarlıqlarımızdan və uğurlarımızdan başqa, xoşbəxtlik üçün əsl əhəmiyyət kəsb edən ürəyimizdə nələri daşıdığımızdır. Əgər gəmi dənizdə üzmək üçün yelkən açıb limanı tərk etməlidirsə, o peşakar heyəti olan gözəl bir gəmi olsa belə, balastı və onu saxlayan lövbərləri qaldırmasa, heç vaxt yola düşə bilməyəcək. Bu adam özünü çox gözəl bir gəmiyə çevirib, amma limanda qalıb!
İsa küçə ilə gedərkən, bu adam Ona tərəf qaçır, qarşısında diz çökür və soruşur: “Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?” (Mark 10, 17). Fellərə diqqət yetirin: "mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?" Qanuna riayət etmək ona xoşbəxtlik və qurtuluş zəmanəti vermədiyi üçün o, Ustad İsaya müraciət edir. Təəccüb doğuran odur ki, bu adam təmənnasızlığın nə olduğunu bilmir! Sanki, hər şey bir borcdur, bir öhdəlikdir. Onun üçün əbədi həyat - qanun yolu ilə, əmrlərə diqqətlə riayət etməklə əldə edilən bir mirasdır. Bəs bu şəkildə, hətta yaxşı bir məqsəd üçün olsa belə, yaşanan bir həyatda, sevgi üçün bir yer tapıla bilərmi?
Həmişə olduğu kimi, İsa zahirdən kənara çıxır. Bu adam İsaya gözəl tərcümeyi-halını təqdim edir, lakin İsa çəçivələrdən kənara çıxır və daxilə baxır. Markın hansı feli seçməsi çox əhəmiyyətlidir: “İsa ona baxaraq dedi” (Mark 10, 21). İsa hər birimizin daxilini gördüyü üçün bizi həqiqətən olduğumuz kimi sevir. O, bu adamın daxilində nə gördü? İsa hər birimizin daxilinə nəzər salıb, bizi günahlarımıza baxmayaraq sevəndə, nə görür? O, bizim kövrəkliyimizi, eyni zamanda bizim olduğumuz kimi sevilmək istəyimizi görür.
İncildə yazılıb: “İsa ona məhəbbətlə baxaraq dedi” (Mark 10, 21). İsa bu adamı Onun ardınca getməyə dəvət etməmişdən əvvəl artıq sevir. Onu olduğu kimi sevir. İsanın məhəbbəti təmənnasızdır: həmin insanın vərdiş etdiyi “layiqlik” məntiqinin tam əksi. Biz bu şəkildə, təmənnasız, yalnız lütfə görə sevildiyimizi dərk edəndə həqiqətən xoşbəxt oluruq. Və bu, aramızdakı münasibətlərə də aiddir: nə qədər ki, biz sevgini əldə etməyə, hörmət, məhəbbət üçün yalvarmağa çalışırıq, belə münasibətlər bizi heç vaxt xoşbəxt edə bilməz.
İsanın bu insana təklifi - həyat tərzini və Allahla münasibətini dəyişməkdir. Həqiqətən də, İsa hamımızın içində olduğu kimi, o adamın daxilində də nəyinsə çatışmadığını görür. Bu ürəyimizdə daşıdığımız sevilmək arzusudur. İnsan olaraq bizim bir yaramız var, o yaradan sevgi keçir. Bu çatışmazlığı aradan qaldırmaq üçün tanınmanı, məhəbbəti, diqqəti “almaq” lazım deyil: bunun əvəzinə, ürəyimizi daha azad etmək üçün bizi ağırlaşdıran hər şeyi “satmaq” lazımdır. Özümüz üçün yığmağı davam etməyə ehtiyac yoxdur, əksinə, kasıblara vermək, kimisə təmin etmək, bölüşmək lazımdır.
Nəhayət, İsa bu adamı tək qalmamağa çağırır. Onu Onun ardınca getməyə, bağlı olmağa, münasibətdə yaşamağa dəvət edir. Həqiqətən də, bu, onun anonimliyindən çıxmağın yeganə yoludur. Biz öz adımızı yalnız münasibət kontekstində, kimsə bizi çağıranda eşidə bilərik. Əgər tək qalsaq, adımızı heç vaxt eşitməyəcəyik və həmin naməlum “adam” olaraq qalacağıq. Ola bilsin ki, biz bu gün məhz "özü özünü təmin edən fərdiyyətçilik" mədəniyyətində yaşadığımız üçün özümüzü daha bədbəxt hiss edirik, çünki artıq bizi təmənnasız sevən biri tərəfindən adımızın çağırılmasını eşitmirik.
Bu adam İsanın dəvətini qəbul etmir və tək qalır, çünki həyatının yükü onu limanda saxlayır. Kədəri onun limanı tərk edə bilməyəcəyinə işarədir Bəzən zənginlik hesab etdiyimiz şeylər, əksinə, bizi geridə saxlayan yüklərdir. Ümid onadır ki, bu insan da, hər birimiz kimi, gec-tez dəyişəcək və yelkən açmağa qərar verəcək.
Bacılar və qardaşlar, gəlin bütün kədərli və qərarsız insanları İsanın Qəlbinə əmanət edək ki, onlar daxilimizə şəfqətlə baxaraq kövrələn Rəbbin məhəbbət dolu baxışlarını hiss etsinlər.