Papa: Gəlin "ümid zəvvarları” Şimeon və Xannanı təqlid edək
Çərşənbə, 26 fevral 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. I. İsanın körpəliyi. 7. “Çünki hazırladığın xilası öz gözlərimlə gördüm” (Lk 2, 30). İsanın Məbəddə təqdim edilməsi
Əziz bacılar və qardaşlar, sabahınız xeyir!
Bu gün biz “ümidimiz İsa Məsih”in (1 Tim 1,1) gözəlliyini Onun Məbəddə təqdim edilməsinin sirri üzərindən düşünəcəyik.
İsanın körpəliyinin hekayələrində müjdəçi Luka bizə Məryəmin və Yusifin Rəbbin Qanununa və onun bütün göstərişlərinə itaət etdiyini göstərir. Əslində, İsraildə uşağı Məbəddə təqdim etmək məcburiyyəti yox idi, lakin Qanun Kəlamını dinləyərək yaşayan və ona əməl etmək istəyənlər bunu dəyərli ənənə hesab edirdilər. Şamuel peyğəmbərin sonsuz olan anası Xanna da belə etdi; Allah onun duasını eşitdi və o, oğlunu dünyaya gətirərək onu Məbədə apardı və əbədi olaraq Rəbbə həsr etdi (1 Sam 1,24-28).
Buna görə də Luka İsanın müqəddəs Yerusəlim şəhərində yerinə yetirilən ilk ibadət əməlindən bəhs edir və Yerusəlim, İsa ora getməyə qəti qərar verdiyi andan (Luka 9, 51) Onun missiyasını yerinə yetirməyə doğru gedən bütün səyyar xidmətinin məqsədinə çevriləcək.
Məryəm və Yusif İsanı sadəcə olaraq ailənin, xalqın, Rəbb Allahla Əhdin tarixinə daxil etmirlər. Onlar Onun böyüməsinin qayğısına qalır, Onu iman və ibadət mühitinə daxil edirlər. Və onlar da getdikcə özlərindən çox üstün olan çağırışlarını dərk edtməkdə böyüyürlər.
“Dua evi” olan Məbəddə (Luka 19, 46) Müqəddəs Ruh nəfəs alır, yaşlı bir kişinin ürəyi ilə danışır: Şimeon - Allahın müqəddəs xalqının oğlu, gözləmə və ümidlə tərbiyə almış, peyğəmbərlər vasitəsilə Allahın İsrailə verdiyi vədlərin yerinə yetirilməsi arzusunu bəsləyən Şimeon. O, Məbəddə Rəbbin Məsh etdiyinin varlığını dərk edir, o, “qaranlığa qərq olmuş” xalqların arasında parlayan işığı görür (Yeşaya 9,1) və o, Yeşayanın peyğəmbərlik etdiyi kimi “bizim üçün doğulmuş”, “bizə verilən”, “Sülhün Şahzadəsi” olan Oğul ilə görüşməyə gedir. Şimeon balaca və köməksiz uşağı qucağına alır, lakin, əslində, Körpəni əllərində saxlamaqla təsəllini və həyatının dolğunluğunu tapır. Şimeon bunu, Kilsədə günün sonunda oxunan duaya çevrilən, səmimi qəlbdən axan şükranlıqla dolu bir nəğmə ilə ifadə edir:
Şimeon Onu görənlərin, Onu tanıyanların və İsrailin və xalqların Xilaskarı ilə görüş həyəcanını başqalarına ötürə bilənlərin sevincini tərənnüm edir. O, hədiyyə olaraq qəbul edilən və başqalarına çatdırılan imanın şahididir; məyus etməyən ümidin şahididir; o, insanın qəlbini sevinc və hüzurla dolduran Allah məhəbbətinin şahididir. Ruhani təsəlli ilə dolu olan qoca Şimeon ölümü son kimi deyil, yerinə yetirmə, dolğunluq kimi görür; onu məhv etməyən, əksinə, əvvəlcədən gördüyü və inandığı gerçək həyatı təqdim edən bir “bacı” kimi gözləyir.
Həmin gün Qurtuluşun Körpə İsada təcəssüm etməsini görən tək Şimeon deyil. Eyni şey səksən yaşından çox olan dul qadın Xanna ilə də baş verir. Xanna özünü tamamilə Məbəddə xidmətə həsr etmişdir. Həqiqətən də, Körpəni görən Xanna elə həmin Körpədə Öz xalqını satın alan İsrailin Allahını tərənnüm edir və peyğəmbərlik sözünü səxavətlə yayaraq Onun haqqında başqalarına danışır. Beləliklə, iki ahıl insanın qurtuluş nəğməsi bütün insanlar və dünya üçün Yubileyi elan edir. Ümid Yerusəlim Məbədində ürəklərdə yenidən alovlanır, çünki ümidimiz Məsih ora daxil olmuşdur.
Əziz qardaşlar və bacılar, gəlin biz də, gözləri aydın, zahirdən kənarı görə bilən, Allahın varlığını xırda şeylərdə kəşf etməyi bacaran, Allahın zühurunu sevinclə qarşılamağı və qardaş və bacıların qəlbində ümidi təzələməyi bacaran bu “ümid zəvvarları” Şimeon və Xannanı təqlid edək.