Papa Fransisk: “Gəlin Məryəmin həyatımızda varlığını alqışlayaq”
ÜMUMİ AUDİENSİYA
Audiensiya zalı
Çərşənbə, 5 fevral 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. I. İsanın körpəliyi. 4. «İman edənlər nə bəxtiyarsınız» (Luka 1, 45). Məryəmin Ziyarəti və “Magnificat” (“Qəlbim Rəbbi ucaldır…”)
Əziz bacılar və qardaşlar, sabahınız xeyir!
Bu gün biz Ziyarət sirrinin vasitəsilə, ümidimiz olan İsa Məsihin gözəlliyi haqqında düşünəcəyik. Bakirə Məryəm müqəddəs Elizabeti ziyarət edir; lakin hər şeydən əvvəl, anasının bətnində olan İsa Öz xalqını ziyarət edir (Lk 1, 68), necəki Zəkəriyya həmd ilahisində deyir.
Mələyin ona bildirdiyinin heyrətindən sonra Məryəm ayağa qalxır və Bibliyada çağırılanların hamısı kimi səyahətə çıxır, çünki “insanın ona vəhy olunan Allaha cavab ola biləcək yeganə hərəkəti - qeyri-məhdud hazırlıqdır” (H.U. von Balthasar, “Çağırış”, Roma 2002). İsrailin bu gənc qızı özünü dünyadan qorumağı seçmir; o, təhlükələrdən və başqalarının mühakimələrindən qorxmur, o başqa insanlara tərəf gedir.
Sevildiyimizi hiss etdikdə, biz sevgini hərəkətə gətirən bir qüvvə hiss edirik; həvari Paul bu haqda belə deyir: “Bizi məcbur edən Məsihin məhəbbətidir” (2Kor 5,14), o, bizi hərəkətə gətirir. Məryəm bu sevginin təkanını hiss edir və qohumu olan qadına, həm də uzun müddət gözlədikdən sonra onun yaşında öhdəsindən gəlməsi çətin olan gözlənilməz hamiləliyi qarşılayan yaşlı qadına kömək etməyə gedir. Lakin Bakirə həmçinin qeyri-mümkünü mümkün edən Allaha olan imanını və Onun vədlərinin yerinə yetirilməsinə ümidini bölüşmək üçün Elizabetin yanına gedir.
İki qadının qarşılaşması təəccüblü təsir bağışlayır: Elizabeti salamlayan “lütflə dolu” Məryəmin səsi yaşlı qadının bətnində daşıdığı uşaqda peyğəmbərliyi təşviq edir və ona ikili xeyir-duaya ilhamlandırır: “Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır!” (Luka 1, 42). Həmçinin də bir bəxtiyarlığa: “Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!” (Luka 1, 45).
Oğlunun məsihi kimliyi ilə və özünün analıq missiyası ilə üzləşən Məryəm özündən deyil, Allahdan danışır və iman, ümid və sevinclə dolu həmd nəğməsini, hər gün Kilsədə Axşam Duası zamanı səslənən “Magnificat” nəğməsini söyləyir (Lk 1, 46-55).
Təvazökar qulunun ürəyindən axan Xilaskar Allaha bu həmd İsrailin duasını sintez edən və yerinə yetirən təntənəli bir xatirədir. O, Bibliya əks-sədaları ilə qarışır və bu, Məryəmin “xordan kənarda” oxumaq istəmədiyinə, yalnız əcdadları ilə səsləşərək, təvazökarlara, İsanın Öz vəzində “bəxtiyar” elan edəcəyi kiçiklərə mərhəmətini ucaldaraq oxumaq istədiyinə işarədir. (Mt 5, 1-12).
Pasxa motivinin gözəçarpan olması “Magnificat”-ı həmçinin İsrailin Misirdən azad edilməsinin xatirəsini əks etdirən qurtuluş himninə çevirir. Fellərin hamısı keçmiş zamandadır və indiki zamanı imanla, gələcəyi isə ümidlə işıqlandıran sevgi xatirəsi ilə yoğrulublar: Məryəm keçmişin lütfünü tərənnüm edir, amma gələcəyi bətnində daşıyan indinin qadınıdır.
Bu nəğmənin birinci hissəsi əhdə tam əməl edən Allahın xalqının mikrokosmosu olan Məryəmdə Allahın hərəkətini tərənnüm edir (Luka 1,46-50); ikincisi isə, Atanın Oğlunun tarixinin makrokosmosundaki işindən başlanır (Luka 1, 51-55) və üç açar sözdən ibarətdir: xatirə, mərhəmət, vəd.
Təvazökar Məryəmdə “böyük şeyləri” yerinə yetirmək və onu Rəbbin anası etmək üçün ona iltifat edəb Rəbb, İbrahimə vəd edilmiş ümumbəşəri xeyir-duaları xatırlayaraq (Yar 12,1-3), Çıxışdan başlayaraq Öz xalqını xilas etməyə başladı. Əbədi sadiq olan Rəbb Allah əhdə sadiq olan xalqın üzərinə “əsrdən əsrə” (50-ci ayə) fasiləsiz mərhəmətli məhəbbət axını yağdırdı və indi xilasın dolğunluğunu xalqı günahlarından xilas etmək üçün göndərilən Öz Oğlunda təzahür etdirir. Beləliklə, İbrahimdən İsa Məsihə və imanlılar cəmiyyətinə qədər Pasxa, hər bir sonrakı azadlığı (Məsihin zamanın dolğunluğunda həyata keçirdiyi azadlığa qədər) anlamaq üçün hermenevtik kateqoriya kimi görünür,.
Əziz qardaş və bacılar, gəlin bu gün Rəbbdən lütf diləyək ki, Onun vədlərinin hər birinin yerinə yetirilməsini gözləyə bilək; və Rəbbdən diləyək ki, O bizə Məryəmin həyatımızda varlığını şükr ilə qəbul etməyə yardım etsin. Məryəmin nümunəsinə əməl edərək, hamımız kəşf edək ki, iman edən və ümid edən hər bir can “Allahın Kəlamını bətninə qəbul edir və doğur” (Müqəddəs Ambrosiy, Lukanın İncilin Təqdimatı 2, 26).