Second session of the Second Synodal Assembly

Papa: Dəyişə bilməyəcəyinizdən qorxsanız belə, ümidinizi itirməyin

Papa Fransisk həftəlik Ümumi Audiensiya üçün hazırladığı katexizis mətnində vergiyığan Zakkayı xatırlayaraq, imanlıları, dəyişə bilməyəcəklərini hiss etsələr belə, heç vaxt ümidlərini itirməməyə çağırıb.

MÜQƏDDƏS ATA TƏRƏFİNDƏN HAZIRLANMIŞ KATEXİZİS

Çərşənbə, 02 aprel 2025

Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. 3-ci Görüş. Zakkay.  “Bu gün Mən sənin evində qalmalıyam” (Luka 19, 5)

Əziz bacılar və qardaşlar,

Bu gün biz İsanın İncildəki bəzi personajlarla qarşılaşması haqqında düşünməyə davam edəcəyik. Bu dəfə diqqətimi Zakkaya yönəltmək istərdim: bu epizod mənim ürəyimə xüsusi olaraq yaxındır, çünki onun mənim ruhani səyahətimdə özəl yeri var.  

Lukanın Müjdəsi Zakkayı bizə yolundan həmişəlik azmış bir insan kimi təqdim edir. Ola bilsin ki, biz də bəzən özümüzü belə hiss edirik -  ümidsiz. Lakin, Zakkay görəcək ki, Rəbb onu artıq axtarıb.

Əslində, İsa, dəniz səviyyəsindən aşağıda yerləşən və yeraltı dünyanı məcazi mənada təmsil edən Yerixoya gəlir və özünü itmiş hiss edənləri axtarmaq istəyir. Həqiqətən, Dirilmiş Allah günümüzün yeraltı dünyalarına, müharibə yerlərinə, məzlumların iztirablarına, övladlarının öldüyünü görən anaların ürəyinə, kasıbların aclığına enməkdə davam edir.

Zakkay, müəyyən mənada, itmiş insandır; ola bilsin ki, o, səhv qərarlar verib və ya bəlkə də həyatı onu çıxmağa çətinlik çəkdiyi vəziyyətlərə salıb. Doğrudan da, Luka bu adamın xüsusiyyətlərini təsvir etməkdə israrlıdır: o, təkcə Roma işğalçıları üçün həmvətənlərindən vergi yığan adam deyil, həm də vergiyığanların başçısıdır. Bununla Luka sanki Zakkayın günahını artırır.

Luka daha sonra əlavə edir ki, Zakkay zəngindir və o, vəzifəsindən sui-istifadə edərək başqalarının hesabına varlanıb. Lakin bütün bunların nəticələri var: Zakkay özünü çox güman ki, hamı tərəfindən tərk edilmiş, hamının nifrət etdiyi insan kimi hiss edir.

Allah itmişləri axtarmadan keçməz.

İsanın şəhərdən keçdiyini biləndə Zakkay Onu görmək istəyir. Görüşü təsəvvür belə etməyə cəsarəti yoxdur; İsanı uzaqdan izləmək kifayət edərdi. Lakin bizim istəklərimiz maneələrlə qarşılaşır və avtomatik olaraq yerinə yetirilmir. Budur, Zakkayın boyu balacadır ! Bu, bizim reallığımızdır: öhdəsindən gəlməli olduğumuz məhdudiyyətlərimiz var. Və bəzən bizə kömək etməyən başqaları da var: kütlə Zakkayın İsanı görməsinə mane olur. Bəlkə də bu, onların bir növ qisasıdır.

Amma istəyin güclü olanda ruhdan düşmürsən. Bir həll yolunu tapırsan. Bununla belə, cəsarətli və utanmaz olmalısan. Bir az uşaq sadəliyinə və öz surətin üçün narahat olmamağa ehtiyacın var. Zakkay uşaq kimi ağaca dırmaşır. Bu, budaqların arxasında gizlənib, görünmədən müşahidə etmək üçün yaxşı bir baxış nöqtəsi olmalıdır.

Ancaq Rəbbin yanında həmişə gözlənilməz şeylər olur. İsa yaxınlaşanda gözlərini qaldırır. Zakkay özünün ifşa olunduğunu hiss edir və yəqin ki, ictimai qınağı gözləyir. Ola bilsin ki, insanlar buna ümid edirdilər, amma məyus oldular: İsa Zakkaydan dərhal aşağı enməsini xahiş edir, onu ağacda görəndə az qala təəccüblənir vədeyir: “Bu gün mən sənin evində qalmalıyam!” (Luka 19, 5). Allah itmişləri axtarmadan keçməz.

Luka Zakkayın ürəyindəki sevinci vurğulayır. Bu, görüldüyünü, qəbul edildiyini və hər şeydən əvvəl bağışlandığını hiss edən insanın sevincidir. İsanın baxışı məzəmmətli deyil, mərhəmətlidir. Məhz o mərhəmətdir ki, biz bəzən qəbul etməkdə çətinlik çəkirik, xüsusən də Allah, fikrimizcə, buna layiq olmayanları bağışlayanda. Biz gileylənirik, çünki Allahın məhəbbətinə məhdudiyyətlər qoymaq istəyirik.

Ev səhnəsində Zakkay İsanın bağışlanma haqqında sözlərini eşitdikdən sonra sanki ölümdən dirilirmiş kimi ayağa qalxır. O, öhdəlik götürmək üçün ayağa qalxır: oğurladığından dörd dəfə çox qaytarmaq. Bu, ödənilməli bir qiymət deyil, çünki Allahın bağışlaması təmənnasızdır. Zakkay, ona sevildiyini hiss etdirən Şəxsi təqlid etmək istəyir. Zakkay zərurəti olmayan bir öhdəlik götürür lakin o başa düşür ki,  bu onun sevmək tərzidir.  Zakkay oğurluq haqqında Roma qanununu və tövbə haqqında ravvin qanununu birləşdirir. Beləliklə, Zakkay təkcə istək adamı deyil, o həm də əməli addımlar atmağı biləndir. Onun məqsədi ümumi və ya abstrakt deyil və onun hekayəsindən qaynaqlanır. Zakkey həyatına nəzər saldı və dəyişməyə hansı nöqtədən başlayacağını müəyyənləşdirdi.

Əziz qardaşlar və bacılar, gəlin Zakkaydan öyrənək ki, hətta özümüzü rədd edilmiş və ya dəyişmək iqtidarında olmadığımızı hiss edəndə belə ümidimizi itirməməliyik. Gəlin İsanı görmək istəyimizi bəsləyək və hansı vəziyyətdə itməyimizdən asılı olmayaraq, həmişə bizi axtarmağa gələn Allahın lütfü ilə özümüzü tapmağa icazə verək.

02 aprel 2025, 15:52

Ən son Audiensiyalar

Həmçinin oxuyun >