Axtar

2019-02-17 Michelangelo Buonarroti, Cappella Sistina, Musei Vaticani, Guido Cornini, san Geremia, Giudizio Universale

Liturgiya oxunuşları: 10 MART. Orucun I həftəsinin bazar ertəsi

“Sizi kasıblarla qardaş, bacı və dost olmağa çağırıram; onlara Allahın nəzərində vacib olduqlarını hiss etdirin. Unutmayın ki, statistik rəqəmlərin arxasında bəzən dözülməz olan ağrı yükünü daşıyan canlı insanlar var. Bunu hər zaman yadınızda saxlayın, onların üzünə baxmağı, gözlərinə baxmağı, əllərini sıxmağı, onlarda Məsihin cismini görməyi bacarın” (Papa Fransisk, Qida Bankı Fonduna Audiensiya 03.10.2015)  

 

BİRİNCİ OXUNUŞ Levililər 19,1-2.11-18

Rəbb Musaya dedi: «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm”.  Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.  Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm. Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama.  Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm. Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb MənəmSoydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən.  Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.

Təfsir

Levililər Kitabı bizə xatırladır: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm”. Allah istəyir ki, Onun məhəbbətinin gündəlik fəaliyyətimizdə parlamasına imkan verməklə biz də Ona bənzəyək. Müqəddəslik  - bizim Rəbblə əlaqəmizin həyatımızdaki əksidir. Müqəddəs olmaq  - Onun bizimlə və bizim üçün etdiklərini etməkdir. Allahın Kəlamına sədaqətlə əməl edərək, biz həqiqi və təsirli qardaş məhəbbətini ifadə edirik və İsanın həqiqi şagirdləri olduğumuzu təsdiq edirik.

İNCİL Matta 25, 31-46

Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına, keçiləri isə soluna qoyacaq. O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».

Təfsir

Böyük Orucun bu ilk günlərinin mətnlərini yenidən oxusaq, İsanın həyatımızı nizama salmaq üçün dəqiq koordinatlar təklif etdiyini görərik. Rəbb bizə xatırladır ki, vacib olan zahiri mükəmməllik deyil, daxili həqiqilikdir. Bu gün buna yeni bir detal əlavə olunur: bizim hərəkətlərimiz aydın şəkildə son məqsədə - Allahın Padşahlığına çatmağa yönəldilməlidir. Mattanın İncilindən olan bugünkü oxunuş bizi məhz bu üfüqə istiqamətləndirir, çünki həyat yolunun sonunda Səmaya gedən yol bu sualla yekunlaşacaq: başqalarına diqqət yetirmisənmi? Məsih Özünü kiçiklərlə, rəddedilmişlərlə eyniləşdirir. Maraqlıdır ki, Rəbb bizim gündəlik əməllərimizə görə hökm verəcək: burada bir dənə də olsun ibadət hərəkəti yoxdur! Liturgiya  -ibadət -  böyük əhəmiyyət kəsb edir, lakin onun gündəlik həyatımıza təsir etməsinə imkan vermiriksə, liturgiyadan sonra Məsihi başqalarının simasında tanımırıqsa, deməli onun bəhrələrinə təpik atmış oluruq, və əbədi taleyimizi müəyyən edən yeganə son meyar  - başqa insanlara mərhəmətli məhəbbətdə davam etməli olan lütfə qarşı laqeydlik etmiş oluruq.

09 mart 2025, 15:43