Liturgiya oxunuşları: 11 MART Orucun I həftəsi, çərşənbə axşamı
“Çox vaxt insanlar “Atamız” deyəndə başa düşmürlər ki, Allah həqiqətən bizim Atamız, bəşəriyyətin Atası, İsa Məsihin Atasıdır. “Atamız” duasını edəndə biz sevən Ata ilə birləşirik, lakin bu yaxınlıq və evladlıq hissi Müqəddəs Ruh tərəfindən verilir” (Papa Fransisk, Ümumi Audiensiya 14.03.2018)
BİRİNCİ OXUNUŞ Yeşaya 55, 10-11
Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, əkinçiyə toxum, yeyənə çörək verirsə, ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
Təfsir
Böyük Oruc yolunun ilk mərhələlərində sual yarana bilər: biz Rəbbin istədiyini əməli-praktiki şəkildə yerinə yetirə biləcəyikmi? Allah özü cavab verir. Allahın Kəlamı ölü hərf deyil və şübhəsiz ki, necə və harada bilməsək belə, bəhrəsini verəcəkdir. Allahın Kəlamı təsirlidir. Yeşaya peyğəmbər bizə xatırladır ki, insanlar heç də həmişə Allahın Kəlamını bütövlükdə başa düşə bilmirlər, lakin onu qəbul etməyi və ürəklərində saxlamağı öyrənsələr, o, həlledici, xilasedici Kəlam olacaq. Bugünkü Məzmurda deyilir: “Rəbbə baxan nur saçar, üzü qızarmaz”.
İNCİL Matta 6, 7-15
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla. Bizi sınağa çəkmə, lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin”. Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.
Təfsir
“Atamız” duasını öyrədərkən İsanın xahiş etdiyi əsas şey Allaha güvənməkdir. Bütpərəstlər qışqırmaqla büt ilahın diqqətini cəlb edə biləcəklərinə inanaraq çoxlu sözlərdən istifadə edirlər (İlyas peyğəmbərin sınağı epizodunda Baalın “peyğəmbərlərini” xatırlayın). Rəbb hər şeyi Səmavi Ataya təvazökar güvən ilə dolu bir ürək üzərində cəmləşdirir. Ağıl sadə və aydın qalmalıdır və əgər biz təmiz ürəkli uşaqlar kimi olsaq, istədiyimiz hər şeyi alacağıq. Allah artıq bizim nəyə ehtiyacımız olduğunu bilir və övladlarının ehtiyaclarını anlayan yaxşı valideyn kimi hər şeyi təmin etməyə hazırdır. Tam güvən və inamla dua edək. Qeyd edək ki, Rəbb bir şərt qoyur: əgər bağışlanmaq istəyiriksə, o zaman özümüz də bizi incidən və ya təhqir edənləri bağışlamalıyıq. İsa bizim Ona bənzəməyimizi istəyir. İsa, Onu çarmıxa çəkən cəlladları bağışlamışdır. Bu, əsl xristian duasının xüsusiyyətidir: istədiyini almaq üçün ürəyini bütün kinlərdən təmizləməlisən. “Atamız” duası İsa Məsihin duasıdır, çünki Odur bu duanı ilk edən. Gəlin həyata Allahın gözü ilə baxmağa çalışaq.