Axtar

2020.12.05 Profeta Giona

Liturgiya oxunuşları: 12 MART. Böyük Orucun I həftəsi, çərşənbə

“Yunusun bizim üçün əsl əlaməti  - Məsihin qanı ilə xilas olacağımıza əminlikdir. Bununla belə, bir çox xristianlar öz əməlləri ilə xilas olacaqlarına inanırlar. Əməllər zəruridir, lakin onlar yalnız bir nəticədir, bizi xilas edən sevgiyə cavabdır. Bu mərhəmətli məhəbbət olmasa, əməllər faydasızdır.” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa)

 

BİRİNCİ OXUNUŞ Yunus 3, 1-10

Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün. Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq». Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi.

Təfsir

Nineva bütpərəst, Allaha ən düşmən olan şəhər sayılırdı. Yunus peyğəmbər məhz bu şəhərə göndərilir. Əvvəlcə bu gözlənilməz Sözün onun sakit həyatını pozduğunu hiss edərək qaçır; sonra Uca Allahın iradəsinə tabe olur və Ninevanın tezliklə məhv olacağını bildirir. Şəhər əhalisi Allaha iman gətirdi və pis əməllərindən üz çevirdi, nəticədə Allah daha əvvəl verdiyi hökmü geri götürdü. Bu gün biz, özümüz istəməsək belə, qəlbən çevrilməyə, Rəbbin bizə göndərdiyini qəbul etməyə və Onun istədiyini etməyə çağırılmışıq. Nineva sakinlərinin iman gətirməsi haqqında hekayədən aydın olur ki, heç kim Allahın xilasından, çevrilmək, iman gətirmək imkanından kənarda qalmayıb. Heç kim: çünki Rəbb, Zəburda deyildiyi kimi, "sınan və peşman olan ürəyə xor baxmaz". O, artıq ürəyin qapısında dayanıb döyür: qapını Ona açıb-açmayacağımız özümüzdən asılıdır.

İNCİL Luka 11, 29-32

Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq. Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.

Təfsir

Camaat İsanın ətrafında sıxışırdı, çoxları möcüzəli tamaşalar axtarırdı. Bunu görən Məsih bəyan edir: onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. Peyğəmbərin xütbəsindən sonra Nineva sakinləri iman gətirdilər, cənub mələkəsi isə Süleymanın hikmətini dinləmək üçün yerin ucqarlarından gəldi. Ninevalılar və cənub mələkəsi “əlamətlərə” inandılar, lakin İsa “bundan daha böyük olanı var” deyir. Bu nəslin insanları Allahın Öz Oğlu İsada onlara verdiyi əlaməti görməkdən inadla imtina edirlər;  onların bütpərəst olan, lakin Allaha üz tutan Nineva sakinlərindən və mələkədən fərqləndiyi məqam budur. Biz iman gətirmək üçün hansısa naməlum “göydən gələn əlaməti” gözləməklə, gözlərimizin qabağında duran ən böyük əlaməti: bizim üçün ölmüş və yenidən dirilmiş Rəbb İsa Məsihi tanımamaq təhlükəsində ola bilərik. Belə çıxmır ki, biz heç də iman yoluna başlamaq, həyatın məsuliyyətini öz üzərimizə götürmək istəmirik? Gəlin Allahdan cəsarət ənamını, təxirəsalınmaz, səmimi çevrilmə ənamını diləyək, çünki: “Sən sınan və peşman olan ürəyə xor baxmazsan”.

11 mart 2025, 23:42