Liturgiya oxunuşları: 21 MART. Böyük Orucun II həftəsi, cümə
“Allah Özü bizim üçün Ənam oldu, Özü bu Ənamı bizə bəxş etdi – bunu unutmaq günahdır. Onda vəd - vəd olmaqdan çıxacaq və seçilmişlik - seçilmişlik olmaqdan çıxacaq. Belə halda Əhd insanın öz istəklərinə görə şərh olunur və ideologiyaya çevrilir” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 13.03.2020).
BİRİNCİ OXUNUŞ Yaradılış 37,3-4.12-13a.17b-28
İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi. Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər. Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim»Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı. Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər. Qardaşlar bir-birlərinə dedilər: «Baxın, bu yuxular görən gəlir. İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır». Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq». Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar. Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi. Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar. Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar? Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar. Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.
Təfsir
Yaradılış Kitabından olan bu parça öz qardaşları tərəfindən köləliyə satılan Yusifin hekayəsindən bəhs edir. Atalarının Yusifə olan xüsusi məhəbbəti üzündən Yusifə paxıllıq edən onun qardaşları əvvəlcə Yusifi öldürmək fikrinə düşdülər. Lakin Ruvenin müdaxiləsi sayəsində onlar Yusifi Misirə gedən İsmaillilərin yoldan keçən karvanına satmaq qərarına gəldilər. Şər əməl kimi görünən bu xəyanət sonda Yusifin bütün ailəsi üçün xilas oldu (Yaradılış kitabı, 45 fəsil). Bugünkü Əhdi-Ətiq parçası göstərir ki, Allah Öz məqsədləri üçün Yusif kimi sadə və rədd edilmiş adamları seçərək, hətta pisliyi də yaxşılığa çevirməyə qadirdir. Yusif - bütün bəşəriyyətin xilası üçün həyatını qurban verən İsa Məsihin prototipidir. Bu hekayə üzərində düşünmək, Rəbbin bizim xilasımız, rifahımız və ətrafımızdakıların yaxşılığı üçün yorulmadan çalışdığnı daha aydın anlamağa bizə kömək edir ki. Buna cavab olaraq, biz bugünkü Məzmurda deyildiyi kimi, Allahın həyatımızda göstərdiyi möcüzələri xatırlamağa və tərənnüm etməyə çağırılmışıq.
İNCİL Matta 21,33-43.45-46
Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər. Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. “Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi. Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?» Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər». İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş guşədaşı olub. Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir”. Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək. Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər. Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.
Təfsir
Əhdi-Ətiqdə üzüm bağı İsrail xalqını simvollaşdırırdı: bu hissədən belə qənaətə gəlmək olar ki, üzüm bağının bağbanları (Allahın niyyətini həyata keçirmək üçün seçilmiş ağsaqqallar) əslində öz ağasına, yəni Allaha xəyanət etmişlər. Bir vaxtlar belə idi, bu gün də belədir. Biz tez-tez həyatımızı - bizə verilmiş "üzüm bağını" adi bir şey kimi qəbul edirik, onun qazanılmamış bir hədiyyə olduğunu unuduruq. Biz özümüzün yaradıcısı deyilik və öz gücümüzlə özümüzü xilas edə bilmərik. Ata Allah Öz sonsuz məhəbbətini göstərdi: O, Oğlu İsanı yer üzünə göndərdi ki, bizi şərdən xilas etsin. “Özünə-kifayət-etmə” illüziyasından kor olaraq, biz çox vaxt öz planlarımızı qururuq, Allahın bənzərsiz planını unuduruq və ya onun həyata keçirilməsinə kömək etməkdən imtina edirik. Bu gün Rəbb bizi həyat hədiyyəsinə münasibətimizi yenidən nəzərdən keçirməyə, Allahdan övlad asılılığımızı, eləcə də Onun xeyirxah iradəsinə əməl etmək məsuliyyətimizi dərk etməyə çağırır.