Liturgiya oxunuşları: 13 MART. Böyük Orucun I həftəsi
“Dua iradə, davamlılıq tələb edən bir işdir, bizi qətiyyətli olmağa və utanmamağa təşviq edir, çünki dua etməklə biz dostun qapısını döyürük. Allah bizim dostumuzdur və dostumuzla biz israrlı, hətta əlçəkməz də ola bilərik. Məsələn, müqəddəs Monikanı xatırlayaq: oğlunun iman gətirməsi üçün neçə il göz yaşları ilə dua etdi! Nəhayət, Rəbb onun üzünə qapını açdı.” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa)
BİRİNCİ OXUNUŞ Ester 14,1.3-5.12-14 (Vulqataya əsasən)
Ölüm iztirabına düçar olmuş, amansız təhlükə ilə üzləşən Mələkə Ester də Rəbbinə sığındı və İsrailin Allahı Rəbbə yalvararaq belə dedi: «Rəbbim mənim! Padşahımız yalnız Sənsən; Mənə kömək et, tənhayam, Səndən başqa köməyim yoxdur; çünki bəla məni haqlayıb. Uşaqlıqdan bəri ailəmlə birlikdə olarkən onların mənə öyrətdiklərinə görə, Rəbbim, sən bütün xalqlar arasından İsraili seçdin, qədim dövrlərdə yaşamış bütün ulu babalar arasında atalarımızı seçdin, biz əbədi olaraq Sənin mirasın olacağıq. Onlara söz verdiyin kimi davrandın. Bizi yada sal, Rəbbim; təhlükəli günlər yaşadığımız zaman verdiyin ilhamla Özünü bizə göstər. Mənə cəsarət ver. Sən allahların Padşahısan və bütün başçıların Ağasısan. Bu aslanla qarşılaşdığım zaman dilimə xoş sözlər qoy; onun ürəyini bizi təqib edənə qarşı nifrətlə doldur ki, Düşmənimizin və onunla əlbir olanların sonu gəlsin. Bizi isə qüdrətinlə qurtar, mənə kömək et, çünki tənhayam, Səndən başqa kimsəm yoxdur, Rəbbim. Ya Rəbb, Sən hər şeyi bilirsən.
Təfsir
Fars padşahının seçdiyi gənc yəhudi qızı Ester öz xalqının tərəfini tutmağa, yoxsa sarayın intriqalarını qəbul etməyə qərar verməlidir. Daxili əzab Esteri ona kömək edə biləcək yeganə Varlığa – Allaha apardı. Duada o, Rəbbin xalqının yaxşılığı üçün etdiyi böyük işləri xatırlayır. İmanlı insan kimə arxalanacağını və kimdən kömək ala biləcəyini bilir. Biz bilirik ki, İsa Məsih Allahın sonuncu cavabıdır, hər birimizə verilən ən böyük əlamətdir. Dua həmişə reallığı dəyişdirir: ya şəraiti, ya da qəlbimizi dəyişdirir.
İNCİL Matta 7, 7-12
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? Ya da balıq diləsə, ona ilan verərmi? Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
Təfsir
Birinci oxunuşda biz mələkə Esterin dua təcrübəsi haqqında düşündük, İncildə isə Rəbb İsa bu dua təcrübəsini genişləndirir və təsdiqləyir. Məhəbbətlə dolu olan Ata Allah heç vaxt övladlarının istəklərinə biganə qalmır. Nəhayət, O, bizə sevginin son cavabı olan İsanı verdi! Deməli, Allah dualarımızı eşitdiyi və qulaq asdığı kimi biz də bizdən kömək istəyənlərə qulaq asmalıyıq. “İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur”.