Axtar

2020.08.13 Vangelo del giorno mani preghiera

Liturgiya oxunuşları: 14 MART. Böyük Orucun I həftəsi, cümə

“İsa xatırladır ki, hətta sözlər də öldürə bilər! Bir insan haqqında “onun dili ilan dilidir” deyəndə, bu nə deməkdir? Çünki onun sözləri öldürür! Ona görə də insan qonşusunun canına nəyinki qəsd etməməlidir, həm də onun üzərinə qəzəb zəhərini tökməməli, ona böhtan yağdırmamalıdır. Qonşuna məhəbbət o qədər vacibdir ki, Məsih bəyan edir: əgər biz qonşumuzla barışmaq istəmiriksə, Allahla münasibətimiz səmimi ola bilməz.” (Papa Fransisk, “Rəbbin mələyi” 16.02.2021) 

 

BİRİNCİ OXUNUŞ Yez 18, 21-28

Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq. Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh işlərlə yaşayacaq”. Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın. Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək. Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.

Təfsir

Yezekel peyğəmbər şəxsi məsuliyyəti ön planda qoyur: əgər pis adam günahlardan üz döndərsə və Allahın qanunlarına riayət edərək əməli-saleh olsa, o yaşayacaq. Digər tərəfdən, saleh insan salehlikdən üz döndərib, bilərəkdən pislik etsə, yaşayacaqmı? Onun bütün saleh əməlləri unudulacaq. Hər kəs öz seçiminə görə məsuliyyət daşımalıdır. Əbədi sülhü təmin edə biləcək kamillik vəziyyəti yoxdur: mənəvi həyat yolunda biz daim hərəkətdəyik. Hər bir insanın dəyişmək, dönmək, təkmilləşmək, həm də geriləmə imkanları çoxdur. Rəbb bizdən düzgün qərarlar verməmizi gözləyir və onların həyata keçirilməsində hər zaman kömək etməyə hazırdır. Yol ayrıcında dayananda bunu xatırlayırıqmı?

İNCİL Matta 5, 20-26

Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

Təfsir  

Rəbb bəyan edir ki, təqdim edilən qurbanın dəyəri təqdim edənin daxili saflığından asılıdır. Bu saflığa yalnız ritual təmizlənmə ilə nail olmaq olmaz. Qəlbin əsl saflığı insan münasibətlərində sülhün bərpası ilə ifadə olunur: bizə maneələr yaradan, böhtan atan, hətta bizi təqib edən insanlarla münasibət quranda bağışlamağı öyrənmək son dərəcə vacibdir. Allah bizim xoş niyyətimizi görür və niyyətlərimizə, qurbanlarımıza, dualarımıza bərəkət verir. Əgər bu baş verməzsə, bizim Allaha qurbanımız - vaxt, dua və nəfsdən imtina - faydasız olmaqla yanaşı, həm də təhqiredici ola bilər. Bu cür davranışla insanları aldada bilərik, bəs qəlbimizdə gizlətdiyimiz hər şeyi mükəmməl görən Allahı necə aldada bilərik?

13 mart 2025, 19:53