Axtar

2024.01.09  MANOSCRITTO DEL VANGELO DI ELBASAN 1761 IN ALBANESE

Liturgiya oxunuşları: 15 MART. Böyük Orucun I həftəsi, şənbə

“Məhəbbətdən daha böyük və daha məhsuldar bir şey yoxdur: o, insana tam ləyaqət bəxş edir, nifrət və qisas isə insanı alçaldır, Allahın surətində yaradılmış xilqətin gözəlliyini ləkələyir. İsanın təhqirə və ədalətsizliyə məhəbbətlə cavab vermək əmri dünyada yeni bir mədəniyyət doğurdu: mərhəmət mədəniyyətini və bu mədəniyyət əsl inqilabın bünövrəsi oldu. Bu, sevgi inqilabıdır və onun baş qəhrəmanları bütün zamanların şəhidləridir (Papa Fransisk, “Rəbbin mələyi” 24.02.2019).

 

BİRİNCİ OXUNUŞ Qanunun təkrarı 26, 16-19

Bu gün Allahınız Rəbb bu qaydalara, hökmlərə əməl etməyi sizə buyurur. Onlara bütün qəlbinizlə, bütün varlığınızla əməl etmək üçün diqqətli olun. Bu gün Rəbbin Allahınız olduğunu, Onun yolları ilə gedəcəyinizi, qanunlarına, əmrlərinə, hökmlərinə riayət edəcəyinizi, Onun sözünə qulaq asacağınızı bəyan etdiniz. Bu gün Rəbb sizə verdiyi sözə görə bəyan etdi ki, Ona məxsus xalq olasınız. Ona görə də bütün əmrlərinə riayət etməlisiniz. O zaman dediyi kimi Allahınız Rəbb, yaratdığı bütün millətlərdən tərifdə, şöhrətdə və hörmətdə sizi üstün edəcək ki, Allahınız Rəbb üçün təqdis edilmiş xalq olasınız».

Təfsir

Allaha görə və Ona itaət etməklə israillilər “Onun xalqı” oldular. İtaət etmək Allahın Kəlamına əsaslanır: siz Haqq-Taalanın ata qayğısını gördünüz, ona görə də Onun əmrlərinə əməl edəcəksiniz. Beləliklə, qanunlar və əmrlər həyat tərzi və müdriklik nümunəsi olur ki, insanlar Rəbb Allahın onlara verdiyi azadlıqda yaşasınlar. Xalq sadiq olsa, azad qalar. Bu, həm İsrail xalqına aid idi, həm də bizim hər birimizə aiddir. Biz bir şeyi diləməzdən əvvəl Allah artıq bizi Öz xeyirxahlığına şərik etmişdir və Ona cavab vermək bizim ixtiyarımızdadır. Biz Məzmurun sözləri ilə cavab veririk: “Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar”.

İNCİL Matta 5, 43-48

“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi?  Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

Təfsir  

Məsih bizi pisliyə təslim olmamağa, qisas və nifrət məntiqinin üstünlüyü ilə razılaşmamağa çağırır. Biz hələ günahkar ikən Rəbb bizi sevdi (Rom 5,8). Bizdən tələb olunan -  kamilliyə çatmaq üçün övladlıq cəhdləridir və bu yolda inkişafımızın meyarı Səmavi Atanın kamilliyidir. Əlbəttə ki, bu asan deyil: daim özünə düzgün istiqamət vermək və yüksəlmək lazımdır. Bir yay haqqında düşünün: ip nə qədər sıx çəkilsə, ox daha uzağa uçur. Buna görə də Rəbb Öz şagirdlərindən daim səmalara can atmağı xahiş edir. Bu asan deyil, səy göstərmək lazımdır, lakin bu, Rəbblə görüşməyin yeganə yoludur.

15 mart 2025, 20:36