Liturgiya oxunuşları: 16 MART. Böyük Orucun II Rəbb günü
“Rəbbin Surətinin Dəyişilməsi bizə Məsihin Əzablarının yalnız ağrı sirri deyil, hər şeydən əvvəl İsanın sonsuz məhəbbət ənamının olduğunu anlamağa kömək edir. İsanın Surətinin dağda dəyişilməsi Onun dirilməsini daha yaxşı anlamağa kömək edir” (Papa Fransisk, “Rəbbin mələyi” 25.02.2018).
BİRİNCİ OXUNUŞ Yaradılış 15, 5-12.17-18
Rəbb İbramı bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir». İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı. Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu. Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü.
Təfsir
Yaradılış kitabının mətni bizə bütün imanlıların atası olan, İbrahimi daha yaxşı başa düşməyə kömək edir. İnsanın imanı sayəsində Allah böyük işlər edə bildi və Öz xilas planını həyata keçirə bildi. İbrahim Allahın vədlərinə inandı: onun nəsli (5-ci ayə), torpağı (7-ci ayə), xalqı (ayə 18) olacaq. Lakin bütün bunlara nail olmaq üçün o, ağır sınaqdan keçməli və oğlu İshaqı qurban verməyə razı olmalı idi. İbrahim geri çəkilmədi və sübut etdi ki, Uca Yaradan həqiqətən onun nuru və xilası idi. Bizdən tələb olunan da belə əminlik və etimaddır.
İKİNCİ OXUNUŞ Filipililərə 3,17-4,1
Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün və sizə göstərdiyimiz nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın. Sizə dəfələrlə söylədiyim kimi indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür. Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər. Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək. Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər!
Təfsir
Həvari onu təqlid etməyə və eyni zamanda Allah qarşısında gözəl həyat yaşayanlara baxmağa çağırır. Paul dinləyicilərinin qarşısına həyatlarını dəyişmək hədəfini qoyur, bunun üçün onlar çox çalışmalı, sədaqətini sübut etməli olacaqlar, lakin sonda hər şey Məsih İsada mükafatlandırılacaq. Xilas insan əməlinin bəhrəsi deyil, Rəbb Məsihin və Onun Çarmıxının təmənnasız bir hədiyyəsidir ki, bu, çoxları üçün hələ də qalmaqal və dəlilikdir, lakin möminlər üçün bu, xilasın möhkəm təminatıdır. Həvari bizi Allahın Kəlamını dinləməyə, onun qəlblərimizin dərinliklərinə nüfuz etməsinə icazə verməyə çağırır ki, biz onunla bir olaq və belə deyə bilək: “Artıq mən yaşamıram, Məsih məndə yaşayır” (Qal 2:20).
İNCİL Luka 9, 28b-36
İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı. O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi. Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər. Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi. Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü. Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!» Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.
Təfsir
Gəlin bir neçə mətni birləşdirməyə çalışaq. Kül Çərşənbəsi liturgiyasının mətnləri bizə faniliyimizi və tövbə ilə çevrilməyə ehtiyac duyduğumuzu xatırlatdı. Keçən Rəbb gününün mətnlərində deyilirdi ki, həyat (Böyük Orucun qırx günü həyatımızı simvollaşdırır) - Allah və şeytan arasında seçim etdiyimiz davamlı bir mübarizədir. Bugünkü İncil Rəbbə sadiq qalmaq üçün aparılan mübarizənin əsas səbəbinə işarə edir: bizi səmavi izzətdə dəyişmiş həyat gözləyir! Surət dəyişilməsi təcrübəsi ən vacib əlamətlərdən biridir və bu, dua təcrübəsidir. İncili oxuyan zaman başa düşürük ki, İsanın yer üzündə yaşanan həyatındakı ən mühüm hadisələrdən öncə məhz dua gəlir və bu bizim üçün də belə olmalıdır. Qoy Müqəddəs Böyük Oruc dövrü bizə gizli dua üçün vaxt tapmağa kömək etsin ki, Allahın köməyi ilə Nurlu Pasxaya gedən yolda ruhən dəyişilə bilək.