Liturgiya oxunuşları: 17 MART. Orucun II həftəsi, bazar ertəsi
“Yalnız mərhəmətlilər Ata Allah kimi olurlar. “Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun”. Bu yol - dünyanın ruhuna zidd gedən yoldur, mühakimə etməmək yoludur. Çünki aramızda bir ittihamçı var - Şeytan. O, bizi məhv etmək üçün həmişə Allah qarşısında bizi ittiham edir. Başqalarını günahlandıranda, onları lənətləyəndə, onlara pislik etməyə çalışanda şeytanın məntiqi ilə hərəkət edirik” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa, 13.09.2018)
BİRİNCİ OXUNUŞ Daniel 9, 4b-10
Sənə dua edirəm, ey böyük və zəhmli Xudavənd Allah! Səni sevənlər və əmrlərinə əməl edənlər üçün əhdinə sadiq qalıb məhəbbət göstərirsən. Biz günah və təqsir etdik, pislik edib Sənə qarşı üsyankar olduq. Sənin əmrlərindən və hökmlərindən üz döndərdik. Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına Sənin adınla söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq. Ey Xudavənd, Səndə ədalət var, bizdə isə bugünkü kimi üz qaralığı! Bu, Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara və Sənə qarşı etdikləri xainlikdən ötrü sürgün etdiyin bütün ölkələrdə, yaxında və uzaqda olan İsraillilərin hamısına aiddir. Ya Rəbb, bizim padşahlarımızın, başçılarımızın və atalarımızın üzü qaradır, çünki Sənə qarşı günah etmişik. Mərhəmət və bağışlamaq isə Xudavənd Allahımıza məxsusdur, çünki biz Ona qarşı üsyan etmişik. Allahımız Rəbbin sözünə qulaq asmadıq, Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl etmədik.
Təfsir
Biz Böyük Oruc dövrünün ikinci həftəsinə qədəm qoyduq. Bu günlər ərzində Allahın Kəlamı ruhani həyatı nizamlamağa kömək edir. Biz yaxşı niyyətdən ilham alır və çatışmazlıqlarımıza görə kədərlənirik. Bugünkü Kəlam səmimi və sadə tövbə etməyi öyrədir: Daniel peyğəmbərin kitabından bu parça bizi günahlarımızı etiraf etməyə təşviq edir, çünki biz Allahın əmrlərindən kənara çıxmışıq. Həmçinin Daniel peyğəmbərin bu sözləri mərhəmətli Rəbbin tövbə edənləri bağışlanmadan buraxmadığını bizə görtərir. Və biz Məzmurun sözlərini təkrarlayırıq: “Ya Rəbb, izzətinə görə bizi xilas et”.
İNCİL Luka 6, 36-38
Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».
Təfsir
Keçən şənbə günü İsa şagirdlərini Səmavi Ata kamil olduğu kimi kamil olmağa çağırırdı (bax: Matta 5, 48). Bu gün Müjdəçi Luka Rəbbin oxşar sözlərindən sitat gətirir, lakin fərqli çalarla: “Atanız mərhəmətli olduğu kimi, siz də mərhəmətli olun”. Mükəmməllik mərhəmət məsələsidir və biz bu məsələdə Rəbbi təqlid etməliyik. Bəs bütün bunları necə həyata keçirmək olar? İncil bu barədə belə danışır: mühakimə etməyin, qınamayın, bağışlayın, verin. Bu məhəbbət imperativləri ilə Məsih yenidən Səmavi Ataya işarə edir: Ona bənzəməyə çalışmasaq, Onun surətində və bənzərində yaradılmış olduğumuzu söyləmək kifayət olmaz. Ata kimi mərhəmətli olmaq Onun ürəyini təqlid etməyə çalışmaq deməkdir, bilərək ki, “hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.” Müqəddəs Oruc yolu məhz bunu öyrədir: dua özümüzü və başqalarını daha yaxşı görməyə kömək edir; oruc lazımsız və artıq olan şeylərdən azad olmağa kömək edir; sədəqə isə duada görünəni və orucun ləğv etdiyini həyata keçirir.