Liturgiya oxunuşları:18 MART. Orucun II həftəsi, çərşənbə axşamı
“Natəmiz qəlbin çirkini ancaq əməllə çıxarmaq olar. Bəşəriyyətin yaraları olan yerlərə, çox ağrı olan yerlərə gedin; beləliklə, yaxşılıq etməklə ürəyinizi yuyar, təmizləyərsiniz. Çevrilmə budur! Rəbb bizi buna çağırır" (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa, 03.03.2015).
BİRİNCİ OXUNUŞ Yeşaya 1,10.16-20
Ey Sodom başçıları, Rəbbin sözünü eşidin! Siz, ey Homorra xalqı, Allahımızın təlimini dinləyin! Yuyunub təmizlənin, gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, pislik etməkdən vaz keçin. Yaxşılıq etməyi öyrənin, ədaləti axtarın, məzlumları qurtarın, yetimin haqqını qoruyun, dul qadını müdafiə edin. Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, günahlarınız qıpqırmızı parça kimi görünsə də, onlar qar kimi ağ olacaq, tünd qırmızı rəngə çalsa da, onlar ağ yun kimi bəyaz olacaq. İtaətkar olub sözə baxsanız, torpağın ən gözəl bəhrələrindən yeyərsiniz. Əgər üsyankar olub Məni rədd etsəniz, qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.
Təfsir
Yeşaya peyğəmbərin dili ilə Rəbb izah edir ki, tövbənin və mərhəmət işlərinin mərkəzində məhəbbət dayanmalıdır. Dua və ibadət faydasızdılar, əgər onlar insanın həyatına təsir etmir, əgər duadan sonra insan, Allah hər birimizə qayğı göstərdiyi kimi, başqalarının qayğısına qalmır. Dünən dediyimiz kimi, budur Allahın surətində və bənzərində olmaq! Duadan mərhəmət işlərinə: xristianların yolu budur. Əlbəttə, bu həmişə asan olmur, lakin Rəbb bizi bağışlayaraq və xeyir-dua verərək hər şeyi yenidən başlamağa həmişə hazırdır. Qoy Məzmurun sözləri ürəyimizdə yenidən səslənsin və bizi Rəbbə qayıtmağa təşviq etsin: “Allah varislərinə qurtuluşu göstərəcək”.
İNCİL Matta 23, 1-12
Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər. Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var.§ Siz hamınızsa qardaşsınız. Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. Aranızda ən böyük olan xidmətçiniz olsun. Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
Təfsir
Məsih söz və əməl arasındakı əlaqəni bərpa etməyə çağırır. İlahiyyatçılar və fariseylər məhz bunu etmirlər: əmrləri rəsmi şəkildə yerinə yetirərkən qanunun məhəbbət üzərində qurulmalı olduğunu unudurlar. Bəs ustadlar aldada bilirsə, biz kimdən öyrənməliyik? Biz həyatımızı aldatmadan və eqoist niyyətlər olmadan, lakin həqiqətlə yaşamağa yeganə kömək edə biləcək təvazökar Rəbb İsaya baxmalıyıq: “Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm” (Yəhya 6, 38).