Liturgiya oxunuşları: 20 MART. Orucun II həftəsi, cümə axşamı
“Lazar zəngin adamın evinin qapısında uzanarkən varlı adamın özünü xilas etmək şansı var idi: o, qapını açıb Lazara kömək edə bilərdi. Amma indi hər ikisi öldüyündən vəziyyət düzəlməz hala gəlib. Məsəl açıq şəkildə xəbərdarlıq edir: Allahın bizə olan mərhəməti, qonşumuza olan mərhəmətimizlə bağlıdır; biz mərhəmətli olmayanda Allahın mərhəmətinə də qapalı qəlbimizdə yer tapılmır. Qəlbimizin qapısını kasıblara açmasaq, o hətta Allaha da bağlı qalacaq və bu dəhşətlidir” (Papa Fransisk, Ümumi Audiensiya, 18.05.2016).
BİRİNCİ OXUNUŞ Yeremya 17,5-10
Rəbb belə deyir: «O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə arxalanır, ürəyi Rəbdən ayrılır. O, çöldəki yulğun ağacı kimi olacaq, xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə heç kəs yaşamayan şoranlıqda sakin olacaq. Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz». İnsan ürəyi hər şeydən hiyləgərdir, çarəsi yoxdur. Onu kim başa düşə bilər? «Mən Rəbb ürəyi yoxlayıram, insanın fikrini sınayıram ki, hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verim».
Təfsir
Əvvəlki günlərdə Kilsənin liturgiya oxunuşları bizi nəzərlərimizi Rəbbə çevirməyə və özümüzə çəkilməməyə çağırırdı. Bu gün peyğəmbər bunun nə üçün bu qədər vacib olduğunu izah edir: insana güvənərək Rəbbindən üz döndərənə lənət olsun. Və əksinə: Rəbbə güvənən insan nə bəxtiyardır. Bədbəxt o kəsdir ki, keçici şeylərdə dayaq axtarır, çünki bu, qum üzərində həyat qurmaq kimidir; Rəbbə söykənən nə bəxtiyardır, çünki o, qaya kimi möhkəm olacaq (Matta, 7 fəsil). Xülasə etmək üçün müəllif yazır: insan qəlbi hiyləgərdir və çox qüsurludur. Lakin Rəbb ağlımızın və ürəyimizin niyyətlərini görür və əməllərimizə görə mükafatlandırır. Gəlin Külli-İxtiyar Allaha güvənək və Məzmurun sözlərini təkrarlayaraq deyək: “Xudavənd Rəbbə güvənən nə bəxtiyardır”.
İNCİL Luka 16, 19-31
Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”. Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”. İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”. Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”. Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”».
Təfsir
Birinci oxunuşda eşitdik ki, Rəbb hər kəsi bəhrəsinə görə mükafatlandırır. İncil bu həqiqəti zəngin adam və dilənçi Lazarın (Lazar adı - “Allah kömək edir” deməkdir) məsəlində yeni bir güc ilə təkrar edir. Varlı və ya kasıb olmağından asılı olmayaraq, bir gün yer üzündəki həyat yolu bitəcək və yeni həyatın qapıları açılacaq. Adı açıqlanmayan varlı adam kef içində yaşayır, kasıb Lazar isə zənginin mərhəmətinə ümid edərək onun qapısında uzanırdı. Nəticədə Lazar öldü və cənnətə getdi, varlı adam isə öldükdən sonra cəhənnəmə getdi. Bu həyatdakı hərəkətlərimiz əbədi həyatdakı taleyimizi müəyyənləşdirir: biz bu əlaqəni möhkəm dərk etməli və onu heç vaxt unutmamalıyıq.