Axtar

2019.03.30 Prodigal son returns home

Liturgiya oxunuşları: 22 MART. Böyük Orucun II həftəsi, şənbə

"Lukanın Müjdəsindən olan bugünkü hissədə fariseylər İsanı “günahkarları qəbul edib onlarla yemək yediyinə'” görə tənqid edirlər. Bu sözlər heyrətamiz bir xəbəri ehtiva edir: İsa günahkarları qəbul edir və onlarla yemək yeyir. Bu, hər Müqəddəs Messada, hər kilsədə bizimlə baş verir: İsa Özünü bizə verdiyi süfrəsində bizi qəbul etməkdən xoşbəxtdir. Kilsələrimizin qapılarına belə bir ifadə yaza bilərik: “İsa burada günahkarları qəbul edir və onları Öz süfrəsinə dəvət edir”. (Papa Fransisk, “Rəbbin mələyi”, 15.09.2019).

 

BİRİNCİ OXUNUŞ Мikeya 7,14-15.18-20

Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar. «Misirdən çıxdığın günlərdəki kimi sizə möcüzələr göstərəcəyəm». Sağ qalan xalqının cəzasını aradan götürən, üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, çünki məhəbbət göstərməyi xoşlayırsan. Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, bütün günahlarımızı dənizin dərinliklərinə atacaqsan. Qədim zamanda atalarımıza and içdiyin kimi Yaqub nəslinə sədaqətini, İbrahim övladlarına məhəbbətini göstərəcəksən.

Təfsir

Birinci oxunuşda Allahın mərhəmətindən, verdiyi vədlərinə, bununla da hər birimizə olan sədaqətindən danışılır. Peyğəmbər bizə xatırladır ki, günaha meyllə mübarizədə heç vaxt ruhdan düşmək olmaz çünki Müqəddəs Yəhyanın sözlərinə görə, “ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir.” (1 Yəhya 3, 20). Böyük Oruc yolumuza biz məhz belə münasibətlə davam etməliyik. Bütün qayğılarımızı Rəbbə təqdim etməyi öyrənməli və Məzmurun sözlərini ümidlə təkrarlamalıyıq: “Rəbbi alqışla, ey canım! O, sənin bütün günahlarını bağışlayır, Bütün xəstəliklərinə şəfa verir. O, bizimlə təqsirlərimizə görə rəftar etmədi, günahlarımıza görə əvəzini vermədi».

İNCİL Luka 15,1-3.11-32

Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər. Amma İsa onlara bu məsəli çəkdi: İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi.  Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü. Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə* və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar. Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” 27 Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim. Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»

Təfsir  

İtmiş oğulu ilə görüşmək üçün yola çıxan mərhəmətli ata haqqında bu məşhur məsəl birinci oxunuşla səsləşir. Müqəddəs Qırxgünlüyün ikinci həftəsinin sonunda biz ilk yekunları nəzərdən keçirməyə dəvət edirik. Ola bilsin ki, biz də müxtəlif səbəblərə görə vicdanımızdan, Allahdan və ya kilsədən uzaqlaşmışıq, kiçik oğul kimi tənhalıq və boşluq yaşayırıq. Ancaq özünə və Allaha qayıtmağın yolunu göstərən məhz kiçik oğuldur. Lakin biz özümüzü ata evində məhəbbətə görə deyil, öhdəlikdən  yaşayan böyük oğul kimi də apara bilərik. Allahın mərhəmətində iştirak edib-etməməyimizə və Onun Özünü olduğu kimi, yəni mərhəmətli olduğunu göstərməsinə icazə verib-verməyəcəyimizə qərar vermək bizim ixtiyarımızdadır. Gəlin təvazökarlıq və peşmanlıqla ilə Barışma (Tövbə) Sirrini qəbul edərək bunu hiss edək.

21 mart 2025, 11:59