Axtar

Icona Cristo, Gesu Cristo, pane di vita

Liturgiya oxunuşları: 23 MART. Böyük Orucun III Rəbb günü

“Bağbanın surəti bizə iman gətirmək üçün vaxt verən Allahın mərhəmətinə işarə edir. Allah səbirlidir, bizə dəyişmək və yaxşılıq etməyə başlamaq imkanını verir. Bununla belə, ağacın meyvə gətirməsini gözləyərkən verilən möhlət iman gətirməyin təxirəsalınmazlığından xəbər verir”. (Papa Fransisk, “Rəbbin mələyi” 24.03.2019).

 

BİRİNCİ OXUNUŞ Çıxış 3,1-8a.13-15

Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb Musa öz-özünə dedi: “Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır”. Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: “Musa, Musa!” O da “mən buradayam” dedi. Allah dedi: “Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır”. Sonra dedi: “Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”. Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu. Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa aparım. Musa Allaha dedi: “İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?” Allah Musaya dedi: “Var Olan Mənəm”. Sonra dedi: “İsrail övladlarına belə söylə: “Mənəm” deyən sizin yanınıza məni göndərdi””. O yenə Musaya dedi: “İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi”. Əbədi olaraq adım budur. Nəsildən-nəslə anılan ismim budur.

Təfsir

Keçən Rəbb günü liturgiya bizə üzərində düşünmək üçün İbrahimin, bu gün isə Musanın surətini təklif edir. Allah Musanı çağırdı və o, bütün ehtiramla cavab verdi: qürur və təkəbbür ayaqqabılarını çıxardı, başını qaldırmadan, ayaqyalın yerdə gəzdi. Çünki əsas olan – dinləməkdir: “Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”. Bu bir neçə sözdən biz başa düşürük ki, Allah öz dostları ilə münasibətləri diqqətlə qurur və onlara xüsusi diqqət yetirir. Uca Allah xalqın fəryadını eşidir və insanların əzablarından xəbərdardır, çünki O sadiqdir və əbədi olaraq bizimlədir. Allahın xalqı Onun sədaqətinə cavab olaraq Məzmurun sözləri ilə cavab verməyə bilməz: “Rəbbi alqışla, ey könlüm, Onun bütün nemətlərini unutma... O, Musaya öz yollarını göstərdi”.

İKİNCİ OXUNUŞ 1 Kor 10, 1-6.10-12

Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi. Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. Hamısı eyni ruhani qida yedi və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi. Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü. Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın.

Təfsir

İcma belə bir sualla qarşılaşdı: bütlərə qurban kəsilən əti yemək olarmı? Müqəddəs Paul bəyan edir ki, insan istədiyi kimi etməkdə azaddır və yeganə şərt -  hər bir hərəkətin və sözün arxasında qonşuya məhəbbət olmalıdır. Bugünkü mətndə həvari xristian icmasının üzvlərini özlərini başqalarından üstün tutmamağa, onlara hörmət göstərməyə çağırır; həvari Çıxışın mənəvi təcrübəsini xatırladır. Çıxış zamanı Allah hamıya diqqət yetirirdi, baxmayaraq ki hər kəs Allaha öz tərzinə uyğun cavab verirdi.   Rəbb heç kəsdən Öz köməyini və mərhəmətini əsirgəmir, lakin bu ilahi lütfü, o cümlədən bizə bəxş olunan zamanı, pis əməllər üçün istifadə etmək olmaz. Dünən doğru olan bu gün bizim üçün də doğrudur.

İNCİL  Luka 13, 1-9

Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı. İsa buna belə cavab verdi: “Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz? Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız”. Sonra İsa bu məsəli danışdı: “Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?” Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”.

Təfsir  

İsanın dövründə Pilatın əmri ilə amansız bir qətliam həyata keçirildi və Qalileyalıların qanı qurbanlıq quzuların qanına qarışdı. Bu tarixi hadisədən çıxış edərək Rəbb şagirdlərini bu qətliama görə kimin məsuliyyət daşıdığını axtarmaqdansa, hadisələrə iman prizmasından baxmağa çağırır, çünki hər şey dəyişiklik üçün bir fürsətə çevrilə bilər, insana dəyişmək, tövbə etmək, daha yaxşı olmaq imkanına çevrilə bilər. Həyatın hər anı qiymətli mirvarini özündə gizlədən dəniz ilbizinin qabına bənzəyir: Böyük Oruc yolumuza məhz bu münasibətlə davam etməliyik. Allahın əlamətlərinə qarşı diqqətli olmalıyıq çünki onlar səmimi, dərin çevrilmə üçün qiymətli imkanlardır. Həyatın gündəlik hadisələrində İsaya diqqət yetirməyi, Onu görməyi və dinləməyi nə qədər çox öyrənsək, bir o qədər də Onun xoş varlığını hiss edəcəyik və əbədi həyatı gözləyərək artıq dəyişdirilmiş həyatdan həzz alacağıq.

21 mart 2025, 12:03