Liturgiya oxunuşları: 24 MART. Orucun III həftəsi, bazar ertəsi
“Təvazökarlıq hər birimizdə Müqəddəs Ruhun yaratdığı dəyişikliklərin nəticəsidir. Şöhrət, qüdrət və hörmətlə yanaşı, Naaman böyük dramı yaşamağa məcbur oldu: o, cüzamlı idi. Biz tez-tez bu ziddiyyəti öz həyatımızda tapırıq: bəzən böyük ənamlar böyük zəifliklərin gizləndiyi bir qabıqdır” (Papa Fransisk, Kardinallar Kollegiyası və Roma Kuriyasının üzvləri qarşısında çıxış, 23.12.2021).
BİRİNCİ OXUNUŞ 4 Pad (2 Pad ) 5,1-15
Aram padşahının ordu başçısı Naaman ağasının yanında hörmət və etibar sahibi idi, çünki Rəbb onun vasitəsilə Arama qurtuluş vermişdi. O, cəsur bir döyüşçü idi, ancaq cüzamlı idi. Aramlılar dəstələrlə çıxıb İsrail torpağından kiçik bir qızı əsir götürmüşdülər. Bu qız Naamanın arvadının yanında qalırdı. O, xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi». Naaman gedib «İsrail torpağından olan qız belə-belə söylədi» deyə ağasına bildirdi. Aram padşahı dedi: «Get, mən İsrail padşahına bir məktub göndərərəm». Naaman özü ilə altı min şekel qızıl, on talant gümüş və on dəst paltar götürüb getdi. Məktubu da İsrail padşahına gətirdi. Orada belə yazılmışdı: «İndi bu məktubla bərabər qulum Naamanı da yanına göndərirəm ki, sən onun cüzamına şəfa verəsən». İsrail padşahı məktubu oxuyanda paltarını cırıb dedi: «Məgər mən öldürüb-dirildən Allaham? Niyə bu adam cüzamına şəfa vermək üçün mənim yanıma adam göndərir? Baxarsınız, mənimlə dava etmək üçün bəhanə axtarır». Allah adamı Elişa İsrail padşahının öz paltarını cırdığını eşidəndə ona xəbər göndərib dedi: «Nə üçün paltarını cırdın? Qoy indi o mənim yanıma gəlsin və bilsin ki, İsraildə bir peyğəmbər var». Naaman atları və döyüş arabası ilə gəldi və Elişanın evinin qapısında dayandı. Elişa onun yanına qasid göndərib dedi: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun». Ancaq Naaman acıqlanıb getdi və dedi: «Mən güman edirdim ki, mütləq bayıra çıxıb yanıma gələcək, durub Allahı Rəbbin adını çağıracaq və əlini cüzamlı yerin üzərində yelləyib şəfa verəcək. Dəməşqin çayları Avana və Parpar İsrailin bütün sularından daha yaxşı deyilmi? Onlarda yuyunub təmiz ola bilməzdimmi?» O hirslə dönüb getdi. Naamanın adamları onun yanına gəlib dedilər: «Ey atamız, əgər peyğəmbər sənə böyük bir şey əmr etsəydi, ona əməl etməzdinmi? O yalnız sənə “yuyun və təmiz ol” deyir». Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu. Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür».
Təfsir
Allaha inamsızlıq insana daha çox azadlıq və xoşbəxtlik vermir, əksinə onu hər cür bütlərin dalınca qaçırır. Bugünkü I oxunuş göstərir ki, yalnız Allahın Kəlamının gücü bizi həqiqətən azad edə bilər. İordan çayının suları - vəftiz ayininin təsviridir və bizə Məsihə “qərq olmaqla” xilas olduğumuzu xatırladır. Mətndə başqa bir cəhətə də diqqət yetirilir: şəfa insan iradəsi ilə baş verməmişdir: Suriya padşahı İsrail padşahına məktub göndərərək şəfa tələb etsə də, əslində Allah mələkənin xidmətçisi olan İsrailli bir qızın və ordu başçısına İordan sularında yuyunmağı təklif edən Elişa peyğəmbərin vasitəsilə hərəkət etmişdir. Bizim də bizi bağlayan və təcrid edən öz “xəstəliklərimiz” və “cüzamımız” var. Rəbbin həyat yolumuzda səpdiyi “müqəddəs təsadüflərə” güvənməklə, biz ürəkdəki suallara cavab tapacağıq: “Ruhum var olan Allaha susayır”.
İNCİL Luka 4,24-30
Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu». Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.
Təfsir
İncildən səhnə İsanın doğulduğu Nazaret şəhərinin sinaqoqunda baş verir. Burada Rəbb Müqəddəs Yazıları izah edir və göstərir ki, Onun Kəlamına başqalarından daha çox qovulmuş, yadelli insan inanır, çünki o xilasa ehtiyacını dərk edir. Sübut olaraq, İsa, birinci oxunuşda təsvir olunan Bibliya epizodunu şərh edir və vurğulayır: daxili müqavimətini dəf edən və Elişa peyğəmbərin sözlərini dinləyən məhz əcnəbi idi. “Heç bir peyğəmbər öz yurdunda qəbul edilməz”. Bu aydın sözlər Yerusəlimdə Məsihin başına gələcək qəddar taleydən xəbər verir. Bəzən biz də gündəlik qayğılara və stereotiplərə qapılıb, bəzi hadisələri əhəmiyyətsiz hesab edərək, Allahın möcüzələrini öz içimizdə və aramızda tanıya bilmirik. Həmçinin, biz Allahın gerçək, bəzən əlverişsiz həqiqətindənsə, bizə rahatlıq verən öz həqiqətimizi axtarmağı seçirik və bununla da Allahı rədd edirik. Bugünkü İncil xatırladır ki, imanlılar üçün hər şey qurtuluş əlamətidir.