Liturgiya oxunuşları: 25 MART. MÜJDƏ BAYRAMI
“Allah ətə və qana büründü: O Özünü endirdi və bizim kimi bir insan oldu. O, bizim əzablarımızı və günahlarımızı Öz üzərinə götürəcə dərəcədə Özünü alçaltdı və bizdən Onu həyatın və tarixin kənarında deyil, Məsihlə və bacı-qardaşlarımızla münasibətdə axtarmağımızı xahiş edir. Gündəlik həyatımızda Onu axtarmaq - budur Allahla qarşılaşmanın yolu: Məsihlə və bacı-qardaşlarımızla münasibət” (Papa Fransisk, “Rəbbin mələyi” 22.08.2021).
BİRİNCİ OXUNUŞ Yeşaya 7,10-14;8,10с
Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. Çünki Allah bizimlədir.
Təfsir
Davud padşah Allaha məbəd tikmək istəyirdi, lakin Külli-İxtiyar Davuda güclü bir padşahlıq vəd edərək bundan imtina etdi. Suriya və İsrail padşahları Davudun nəslindən olan padşah Axazı taxtdan endirmək Yəhudaya qarşı yürüş edirdilər. Rəbb Axazı sakitləşdirmək və ruhlandırmaq üçün Yeşaya peyğəmbəri göndərir və bu onların ilk görüşü olur. Bugünkü liturgiya oxunuşu, Rəbbin Özünün insanlara böyük bir əlamət verəcəyi ikinci görüşü təsvir edir. Bakirə hamilə olub bir Oğul dünyaya gətirəcək, adını İmmanuel qoyacaq (Allah bizimlədir). Axaz kimi, biz də ümidsiz vəziyyətə, qorxularımızın tələsinə düşə bilərik. Bununla belə, Allah həmişə Öz vədlərinə sadiqdir və Allahın iradəsinə tabe olub-olmayacağımız özümüzdən asılıdır. Gəlin Məzmurun sözlərini təkrarlayaraq deyək: “Budur, ey Allah, Sənin iradəni yerinə yetirməyə gəlirəm”.
İKİNCİ OXUNUŞ İbr 10,4-10
Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür. Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, amma Mənə bir bədən hazırladın. Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. O zaman dedim: “Budur, gəlmişəm, kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”». Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur. Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir. Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
Təfsir
Müjdə bayramı bizi Məryəmin Allaha “buradayam” cavabını verdiyi günə qaytarır. Əqdəs Bakirənin razılığı sayəsində İsa bizdən biri oldu və Uca Allahın iradəsi ilə bizim xilasımız üçün dünyaya gəldi. Məsih imana layiqdir, Onun şəhadəti etibarlıdır, Kəlamı həqiqətdir. O bizi ciddən sevdi. Rəbb ona görə yer üzünə endi ki, bizim də Onun bu gün Atanın sağında əyləşdiyi Səmada yer almaq fürsətimiz olsun. Biz, hər gün bizi Məsih İsada, İmmanueldə, “Allah-bizimlədir” Olanda xilas edən Allahın mərhəmətli məhəbbətinə cavab verməyə çağırılmışıq.
İNCİL Luka 1,26-38
Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur». Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Təfsir
Miladdan doqquz ay əvvəl Kilsə Allahın Mübarək Məryəmin bətnində cism olmasını xatırlayaraq Rəbbin Müjdəsi Bayramını qeyd edir. Beləliklə, biz Allahın Oğlu İsa Məsihin təcəssümünü qeyd edirik, lakin Onun Pakizə Validəsinə ehtiram etmədən bunu edə bilmərik. Məryəm özünün “buradaym” cavabını, suallar, qeyri-müəyyənlik və qorxularla müşayiət olunan çaşqınlıqdan sonra verir. Hər kəs həyatın çətinlikləri ilə qarşılaşdıqda bu təcrübədən keçir. İsanın Anası bizə qorxularımızdan və şübhələrimizdən qorxmamağı, lakin Səmavi Atadan heç bir şeyin gizli qalmadığına əmin olaraq hiss etdiklərimizi sərbəst ifadə etməyi öyrədir. Gəlin Məryəmin cavabına biz də özümüzün kövrək “buradayam, razıyam” sözlərimizi əlavə edək və əmin olaq ki, Allah üçün mümkün olmayan heçnə yoxdur.