Axtar

2019.07.23 Gesù Cristo guarisce l'indemoniato, esorcismo

Liturgiya oxunuşları: 27 MART. Orucun III həftəsi, cümə axşamı

"Ola bilər ki, kiminsə xeyirxahlığı və yaxşı əməlləri ucbatından yaranan qarşısıalınmaz paxıllıq bizi bir insanı yalandan ittiham etməyə sövq etsin. Bu həqiqətən də ölümcül bir zəhərdir: kiminsə yaxşı adını məhv etmək üçün qəsdən istifadə edilən bədxahlıq. Allah bizi bu dəhşətli sınaqdan xilas etsin! (Papa Fransisk, “Rəbbin mələyi” 10.06.2018).

 

BİRİNCİ OXUNUŞ Yeremya 7,23-28

Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər. Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim. Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər. Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”. Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.

Təfsir

Bu günlərdə biz Allahın qanunu - qeyd-şərtsiz məhəbbət qanunu üzərində düşünürük. Biz bu qanunu yalnız azad iradə ilə qəbul edə bilərik. Rəbb bizi seçib, ilk olaraq O bizi sevib və bu artıq sevinmək üçün səbəbdir! Ancaq bu seçimdən məsuliyyət də yaranır: Allahın yolları ilə getmək məsuliyyəti, çünki yalnız onlar həqiqi xoşbəxtliyə aparır. Yeremya peyğəmbər insan inadkarlığının faciəsini göstərir: seçilmiş Xalq «pis ürəyin təsirlərinə» üstünlük verərək, yenə və yenə Rəbbdən üz döndərir. Bu, sadəcə təsadüfi bir səhv deyil, insanı lütfdən ayıran həyat tərzidir. Müqəddəs  İoann Xrizostom  qeyd edir ki, Allah insanı dayanmadan çağırır, səbirlə gözləyir, lakin seçim azadlığını ləğv etmir. Allah, mehriban Ata kimi,  insan qəlbləri bağlı qalsa belə, peyğəmbərlər göndərməkdən yorulmaz. Bu mənada Böyük Oruc insanın Allaha olan daxili açıqlığını yenidən qiymətləndirmək üçün əlverişli vaxta çevrilir. Rəbbi dinləmək -  Onun əmrlərinə uyğun yaşamaq, təkcə sevincli günlərdə deyil, həm də sınaqlarda Ona etibar etməyi öyrənmək deməkdir. Məzmurun nəqarəti bizə xatırladır: “Rəbbin səsinə qulaq asın, ürəyinizi bağlamayın”. Bu, daxili yenilənməyə, Məsihin dediyi həqiqətə və azadlığa təvazökarlıqla qayıtmaq üçün çağırışdır: “Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək” (Yəhya 8, 31-32).

İNCİL Luka 11,14-23

İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi. Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar. Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram. Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. Lakin Mən cinləri Allahın qüdrəti§ ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır. Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər. Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.

Təfsir  

Məsih lal adamdan cini qovaraq onu sağaldır və xalq heyrətlənir. Lakin çoxları bunu Allahın Padşahlığının açıq-aşkar əlaməti kimi qəbul etmək əvəzinə, İsanı günahlandırmağa başlayırlar. Burada mənəvi korluq var - insan həqiqəti görsə də, onu qəbul etmək istəmir. Rəbb bu  ittihamların mənasızlığını ifşa edir: əgər O şeytanın gücü ilə hərəkət etsəydi, deməli zülmət səltənəti parçalancaq və zəifləyəcəkdir. Lakin Onun hərəkətləri Allahın qüdrətinin bariz sübutudur. Bu hissə bizə işıq və qaranlıq arasındakı davamlı mübarizəni xatırladır. Böyük Oruc bizə şərlə oyun oynamamağı və Məsihin tərəfində durmağı öyrədir. Şeytanın hücumlarına qarşı durmaq üçün Kilsə ruhani vasitələr təklif edir: “Davudun beş daşına” (1 Şam 17, 40) bənzəyən dua, oruc, sədəqə, Tövbə və Yevxaristiya. Bu silahlar zahiri ayin kimi deyil, imanın canlı qalxanı kimi verilir. Məsih açıq şəkildə deyir: “Mənimlə olmayan, Mənə qarşıdır” (Luka 11,23), çünki ruhani həyatda neytral ərazi yoxdur: ya Onunla birlikdə toplayırıq, ya da dağıdırıq. Məsihin ardınca getmək qərarımız, əlbəttə ki, ən çətin və məsuliyyətli yoldur, lakin yalnız bu yolsəmavi sevinclə dolu əbədi həyata aparır. Qoy bu Böyük Oruc bizim üçün Məsihə sədaqətimizi gücləndirmək vaxtı olsun ki, biz Həvari Paul ilə birlikdə deyə bilək: “Artıq yaşayan mən yox, məndə yaşayan Məsihdir” (Qal 2, 20).

26 mart 2025, 09:51