Liturgiya oxunuşları: 28 MART. Böyük Orucun III həftəsi, cümə
“Allahı sevmədən, qonşumuzu sevdiyimizi düşünmək bir illüziya olardı; həmçinin, qonşumuzu sevmədən də, Allahı sevdiyimizi düşünmək də bir illüziyadır” (Papa Fransisk, “Rəbbin mələyi” 4.11.2018).
BİRİNCİ OXUNUŞ Huşə 14,2-10
Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan şükürləri təqdim edirik. Aşşur bizi xilas etməyəcək, atların belinə minməyəcəyik, artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək». «Onların dönüklüyünə əlac edəcəyəm, onları ürəkdən sevəcəyəm, çünki qəzəbim onlardan vaz keçdi. Mən İsrailə bir şeh olacağam, o, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq. Qollu-budaqlı olacaq, zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq. Adamlar yenə də kölgəsi altında oturub buğda kimi cücərəcək, meynə kimi tumurcuqlayacaq, şöhrəti Livan şərabı kimi olacaq. Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, sənin bar verməyin Məndən gələcək. Kim müdrikdirsə, bu sözləri dərk etsin, kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, ancaq üsyankarlar o yollarda büdrəyir».
Təfsir
İnsan yolunu aza bilər, səhv edə bilər və Kəlama qulaq asmaya bilər, lakin Huşə peyğəmbərə görə, Rəbb Öz xalqını tərk etmir və onlardan geri dönmələrini xahiş edir: geri dönmələrini, istiqaməti dəyişmələrini, Allaha qayıtmaq şansından istifadə etmələrini xahiş edir. Peyğəmbər deyir: tək başına xilas olmaq mümkün deyil. Məcazlarla - zanbaq, zeytun ağacı, üzüm ağacı - təqdim edilən ruhani yenidən doğulma –– Allahın Ona səmimi qəlblə qayıdanlara verdiyi mənəvi yeniliyi simvollaşdırır. Peyğəmbərin sözləri hər bir imanlı üçün aktualdır: insan yıxıldıqdan sonra da Allahın lütfünün qüdrəti ilə qalxa bilər.
İNCİL Mark 12,28b-34
İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?» İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”. İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur». İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur. Onu bütün qəlbinlə, bütün ağlınla§ və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir». Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.
Təfsir
Bir neçə gündür ki liturgiya oxunuşlar bizim diqqətimizi təkcə Allahın Kəlamına qulaq asmağın deyil, həm də ona əməl etməyin vacibliyinə yönəldir. Bu gün İsa ilə ilahiyyatçı arasındakı dialoqda biz hər şeyin sintezinə rast gəlirik. İlahiyyatçılardan biri İsadan soruşur ki, əmrlərdən hansı daha vacibdir. İsa cavab verir: “Birincisi: “Allahın Rəbbi bütün ürəyinlə sev”. İkinci əmr birinciyə bənzəyir: qonşunu özün kimi sev. Bu eyni sikkənin iki üzü kimidir, çünki qonşunu sevmədən Allahı sevmək mümkün deyil. Allaha məhəbbət və qonşuya məhəbbət bir birindən ayrılmazdır; bu, Allahın bizi ilk sevməsindən irəli gələn vahid bir əmrdir. Ona görə də bizim məhəbbətimiz həmişə Allahın məhəbbətinə olan cavabdır. Böyük Oruc dövrünün üçüncü həftəsini başa vurarkən gəlin Rəbbə məhəbbətinə görə şükür edək və Ona və qonşularımıza bu məhəbbətə görə nə qədər qarşılıq verdiyimizi dərk edək.