Axtar

2019.10.25 il pubblicano e il fariseo - Luca 18,9-14

Liturgiya oxunuşları: 29 MART. Böyük Orucun III həftəsi, şənbə

"İnsan baxışı həmişə böyüklük axtarır və gözlə görünənə asanlıqla heyran olur. Allah isə zahirə baxmır - O ürəyə baxır (1 Şam 16:7) və insan təvazökarlığına heyran olur." (Papa Fransisk, “Rəbbin mələyi” 15.08.2021).

 

BİRİNCİ OXUNUŞ Huşə 6, 1-6

«Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq. İki gün sonra bizi dirildəcək, üçüncü gün ayağa qaldıracaq, Onun hüzurunda yaşayacağıq. Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, yağış kimi, torpağı sulayan yaz yağışı kimi yanımıza gələcək». Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, erkən uçub gedən şeh kimidir. Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm şimşək kimi parıldayır. Çünki Mən qurban deyil, məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm.

Təfsir

Huşə peyğəmbər imanlıları Allaha qayıtmağa çağırır; onun israrlı xahişi, Rəbbin xalqın qəlbini bildiyinə və şəfəq zamanı yoxa çıxan səhər buluduna və şehə bənzər məhəbbətinin dəyişkənliyini başa düşdüyünə inamla doludur. Allah bütün bunları bilir və böyük rəşadətlər  deyil, yandırma qurbanlarından daha çox sevgi tələb edir. O, bizdən günahdan yaralansa da, məhəbbətlə dolu qəlbin tövbəsini istəyir. Rəbb Öz böyük xeyirxahlığı ilə yeni ürək, yeni ruh verəcək, necə ki Məzmurda: “Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, bol mərhəmətinə görə qanunsuzluqlarımı sil”.

İNCİL Luka 18, 9-14

Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».

Təfsir  

Bugünkü İncil  tövbə və Rəbbə qayıdış mövzusunu davam etdirir. Qarşımızda qanuna zahirən əməl etmək sayəsində özünü qüsursuz və kamil hiss edən bir fariseydir. Eyni məbəddə yalnız günahkar olduğuna əmin olan vergiyığan dayanır; ona görə də sinəsinə vuraraq, təkrar-təkrar deyir: “Allahım! Mən günahkara rəhm et!” İsa şagirdlərini “mən”i və öz nailiyyətlərini birinci yerə qoyan “fariseyl duası” haqqında xəbərdar edir. İmanlılar, yalnız Allahı mərkəzə qoyaraq, öz nöqsanlarını və günahlarını aydın görməyə çalışmalı, səmavi rəhmət və bağışlanma diləməli və Allahın köməkliyi ilə düzəlməyə çalışmalıdırlar. Vergiyığan məhz bunu edir.

28 mart 2025, 16:49