Axtar

2025.02.16 Parabola del figlio prodigo

Liturgiya oxunuşları: 30 MART. Böyük Orucun IV Rəbb günü

"Lukanın Müjdəsindən olan bugünkü hissədə fariseylər İsanı “günahkarları qəbul edib onlarla yemək yediyinə'” görə tənqid edirlər. Bu sözlər heyrətamiz bir xəbəri ehtiva edir: İsa günahkarları qəbul edir və onlarla yemək yeyir. Bu, hər Müqəddəs Messada, hər kilsədə bizimlə baş verir: İsa Özünü bizə verdiyi süfrəsində bizi qəbul etməkdən xoşbəxtdir. Kilsələrimizin qapılarına belə bir ifadə yaza bilərik: “İsa burada günahkarları qəbul edir və onları Öz süfrəsinə dəvət edir”. (Papa Fransisk, “Rəbbin mələyi”, 15.09.2019).

 

BİRİNCİ OXUNUŞ Yeşaya 5,9a.10-12

Rəbb Yeşuaya dedi: «Misir rüsvayçılığını bu gün üzərinizdən atdım». İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər. Pasxanın ertəsi günü – həmin o gün bu torpağın bəhrəsindən olan mayasız çörək və qovurğa yedilər. Onlar o torpağın bəhrəsindən yedikləri günün səhəri mannanın tökülməsi kəsildi. Artıq İsrail övladlarının mannası yox idi və o il Kənan torpağının məhsulları ilə dolandılar.

Təfsir

Böyük Oruc dövrünün dördüncü Rəbb gününə qədəm qoyuruq. Bu, zəvvar səfərimizin istiqamətini Pasxaya yönəltmək üçün bir növ fasilədir. Bu fasilə, insanın dağa dırmaşarkən dayanıb nəfəs almasına bənzəyir. Çətin dırmaşmadan sonra ilk pilləyə çatıb, ara veririk,   nəfəsimizi alırıq, keçdiyimiz yola dönüb baxırıq, gəldiyimiz mərhələyə sevinirik və hədəfə doğru baxaraq, enerjimizi bərpa edib, yolun son hissəsini qət etməyə hazırlaşırıq. Bu gün Yeşua Kitabından olan hissə məzh belə bir fasiləyə dəvətdir: Allah həmişə bizim qayğımıza qalır. Eyni zamanda, Allah, bu Rəbb gününün mətnlərində ümumi xətti təşkil edən sevinci bizə bəxş etmək istəyir. Bu sevinci Allah verir, çünki O, İsrail xalqının qayğısına qaldığı kimi, hər birimizin qayğısına qalır, yemək üçün manna və “bu torpağın bəhrəsini” verir. Bu sevinc Məsihin bizi dəvət edəcəyi Səmavi Ziyafətin təsvirəgəlməz sevincin intizarından xəbər verir. Həmin Səmavi sevinci biz artıq bu gün, Müqəddəs Yevxaristiyada hiss edirik. Gəlin  Məzmurçunun sözləri ilə deyək: “Dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır Ona pənah gətirənlər!”.

İKİNCİ OXUNUŞ 2 Kor 5,17-21

Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi. Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi. Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.

Təfsir

Birinci oxunuşda deyildiyi kimi, sevinc Allahın istisnasız olaraq hər kəsə təqdim etdiyi hədiyyədir və heç kim özünü kənarda hiss etməməlidir. Köhnə günahların yükü keçmişdə qaldı: Allah insanların pis əməllərini hesaba çəkməz. Həvari Paul Korinf icmasına və bu gün hər birimizə müraciət edərək bizi bu sevinci bölüşməyə, Rəbb İsanın nə qədər yaxşı və mərhəmətli olduğunu hiss etməyə çağırır. Paul imanlılara yalvarır ki, özlərinin sevilməsinə, bağışlanmasına, Allahın sonsuz mərhəməti ilə əhatə olunmasına icazə versinlər. Bu gün həvari hər birimizə eyni ilhamla, eyni çağırışla müraciət edir: “Allahla barışın”. Yalnız bundan sonra biz bayram sevincini hiss edə bilərik.

İNCİL  Luka 15,1-3.11-32

Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər. Amma İsa onlara bu məsəli çəkdi: İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi.  Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü. Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə* və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar. Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim. Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»

Təfsir  

Ata hamı üçün ziyafət hazırlayıb: evə qayıdan kiçik oğul üçün və inadla içəri girmək istəməyən böyük oğul üçün. Böyük oğul özünü qüruru təhqir olunmuş kimi hiss edir, sanki o bütün həyatı boyu qaydalara "boşuna" riayət edib. Böyük oğul bunu sevgisiz etdiyini başa düşmür. Pasxa doğru getdiyimiz yolda “istirahət fasiləsi” olan Böyük Orucun dövrünün dördüncü Rəbb günü  bizə hər kəsi salamlayan xeyirxah Səmavi Atanın mərhəmətli məhəbbətinə cavab vermək imkanı verir: Ata hamını qəbul edir: uzun səfərdən qayıdanları da, evdə qalan, lakin sevginin dəyərini başa düşməyənləri də. Atanın hamıya, istər kiçik oğula, istərsə də böyüyə xoş sözləri var. Biz hamımız Atanın səxavətli süfrəsində iştirak etməyə və Onun sevincinə şərik olmağa çağırılmışıq.

29 mart 2025, 14:01