Axtar

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 31 MART. Orucun IV həftəsi, bazar ertəsi

“Rəbb həyatımıza daxil olduqdan və hər birimizdə möcüzə yaratdıqdan sonra hər şey yeni başlayır: möcüzə, Məzmurda deyildiyi kimi, Rəbbi izzətləndirmək üçün irəli getməyə dəvətdir” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa, 12.03.2018).

 

BİRİNCİ OXUNUŞ Yeşaya 65,17-21

Budur, Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək. Yaratdığımla əbədilik sevinin, şadlanın. Çünki sevinc üçün yeni Yerusəlimi, sakinlərini xoşbəxtlik üçün yaradacağam. Mən Yerusəlim üçün sevinəcəyəm, xalqım üçün şadlanacağam. Orada nə ağlaşma, nə fəryad səsi bir daha eşidilməyəcək. Uşaqlar artıq körpə çağlarında ölməyəcək, uzun ömür sürməyən qoca olmayacaq, yüz yaşında ölənlər cavan sayılacaq, yüz yaşına çatmayanlar lənətli sayılacaq. Onlar evlər tikib orada məskunlaşacaq, üzüm bağları salacaq, bəhrələrindən yeyəcək.

Təfsir

Birinci Oxunuşda Uca Yaradana qayıtmaq mövzusu yenidən səslənir, çünki O heç vaxt vədlərini pozmur. Peyğəmbərin dili ilə Rəbb vəd edir ki, Onun vasitəsilə hər şey  - həyat və sülh - dəyişəcək və yerinə yetiriləcək. Heç bir şey heç vaxt əvvəlki kimi olmayacaq, buna görə də liturgiya Məzmurda təbii olaraq mövzunu davam etdirir: “Ya Rəbb, canımı ölülər diyarından azad etdin, qəbirə düşməyim deyə Sən mənə həyat verdin”. Qoy bu Böyük Oruc, Xilaskarın sonsuz mərhəməti, Onun İlahi rəhmi ilə mənəvi dirçəlişimizin vaxtı olsun.

İNCİL Yəhya 4,43-54

İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda‡ qızdırması düşdü». O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi.

Təfsir  

İsa əvvəllər suyu şəraba çevirdiyi Qanaya qayıdır. Burada oğlu ölüm ayağında olan saray xadimi ilə qeyri-adi qarşılaşma baş verir və ata İsadan onun evinə gedib oğlunu xilas etməsini xahiş edir. Bu insan Ustadın sözünə dərindən inanıb və heç bir əlamət belə görmədən Onun yanına gəlmək üçün yola düşüb. İman budur: Kəlamın yaradıcı qüdrətinə güclü inam. İman gətirmək - heç bir əlamət görmədən səfərə çıxmaqdır. İman gətirmək - Allahın həyatımızın əlamətlərində böyük işlər gördüyünü anlamaqdır. Yolda saray məmurunu nökərləri qarşıladılar və oğlunun sağaldığını bildirdilər: o, İsanın dediyi saatda sağaldı. İman birlik yaradır: xəstənin sağalması nəticəsində onun bütün ailəsi iman gətirir. Bu, Qalileyanın Qana şəhərindəki toy mərasimini dolduran sevincə səbəb olur.

29 mart 2025, 17:42