Axtar

2019.03.04 Lent 2019

Liturgiya oxunuşları: 7 MART. Kül Çərşənbəsindən sonrakı Cümə

“Hansı oruc Rəbbi razı salır? Cavab Müqəddəs Yazılardadır: başımızı qamış kimi əydiyimiz zaman, özümüzü təvəzökar apardığımız zaman. İnsan özünü necə təvəzökar edə bilər? Günahların haqda düşün, onlardan hər birimizdə kifayət qədərdir. Kədərlən, çünki dünya sənin günahlarını bilməsə də, Allah onları bilir. Budur Rəbbi razı salan oruc: həqiqətdə və ardıcıllıqla tutulan oruc” (Papa Fransisk, müq. Marta ibadətgahında Messadan, 16.02.2018).

 

BİRİNCİ OXUNUŞ Yeşaya 58, 1-9а

“Avazla çığırın, çəkinməyin, səsinizi şeypur səsi kimi ucaldın, xalqıma üsyankarlığını, Yaqub nəslinə günahlarını bildirin! Onlar hər gün Məni axtarır, Mənim yolumu öyrənməkdən zövq alır. Sanki bu əməlisaleh, Allahının hökmündən ayrılmayan millət imiş. Onlar Məndən düzgün hökmlər diləyirdi, Allaha yaxınlaşmaqdan zövq alırdı. Onlar belə deyir: “Oruc tutduğumuzu nə üçün görmürsən, özümüzü aşağı tutanda, Sən niyə fikir vermirsən?” Baxın, oruc tutduğunuz gün siz istədiyinizi edirsiniz, bütün işçilərinizi sıxışdırırsınız. Baxın, orucunuzu savaşma ilə, dava ilə, yumruqla, döyməklə keçirirsiniz. Səsinizi ucalara çatdırmaq üçün bugünkü kimi sizə oruc tutmaq olmaz. İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi? Bu, qamış kimi başınızı əyib, Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz? Mənim istədiyim orucsa haqsızlığın buxovlarını qırmaq, boyunduruğun iplərini açmaq, sıxıntı içində olanları azad etmək, hər cür boyunduruğu məhv etmək deyilmi? Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? Onda nurunuz şəfəq kimi saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək.”

Təfsir

Oruc tutmaq, dua etmək və sədəqə vermək Müqəddəs Qırxgünlüyün mahiyyətidir, lakin bütün bunları  formallığa, öz “salehliyinin” sırf zahiri nümayişinə çevirmək təhlükəsi var. Bununla belə, Yeşaya peyğəmbər xatırladır ki, oruc Allahla yeni görüşə can atan ürəyin “aclığını” ifadə etməlidir. Rəbb məzlumları azad etməklə, aclarla çörəyi bölüşməklə, yoxsul sərgərdana sığınacaq verməklə, çılpaqları geyindirməklə və ehtiyacı olanlardan üz döndərməməklə ədaləti bərpa etməyə çağırır. Müjdəçi Matta 25-ci fəsildə xatırladır ki, ehtiyacı olanlara xidmət etmədən Allaha həqiqi ibadət mümkün deyil və düşünülə bilməz. Buna görə də oruc tutmaq özü özlüyündə bir məqsəd deyil: o, həmişə qonşuya məhəbbətə yönəlməlidir. Müjdəçi Yəhya yazır: “Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.” (1 Yəhya 4,20). Məhz buna görə də Məzmur bizə xatırladır: “Rəbb sınan və peşman olan ürəyə xor baxmaz!”. Rəbb səmimi, təvazökar bir ürəklə etdiyimizi rədd etməyəcək.

İNCİL Matta 9,14-15

O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.

Təfsir

İncildə, eləcə də Birinci oxunuşda,  oruc tutmaqdan bəhs edilir. Məsih bu ənənəni ləğv etmir, lakin ona layiqli yerini, dəyərini və məqsədini verməyə çağırır. Rəbb bizə yardım edir ki, oruc tutmağın həm də istəklərin tərbiə edilməsi olduğunu başa düşək və beləcə bəşəriyyətin Bəyini gözləyərək yaşayaq. Beləliklə, oruc həqiqətən vacib olanı yetişdirmək üçün mənəvi bir meydan kimi görünür. Qəlbin iştahaları çox fərqli ola bilər, lakin onları yalnız Allah təmin edir: “Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur” (Məzmur 63, 1). Öz növbəsində, müq. Avqustin yazır: “Ürəyim Səndə dincəlməyincə narahatdır”. Oruc zamanı bədənin çəkdiyi zəhmət və mübarizə insana istəklərini məhdudlaşdırmağı və bu yolla,  ürəkdə düzgün seçim etməyi öyrədir.

06 mart 2025, 11:39