Axtar

2022.09.21 Vocazione di san Matteo, dipinto di Caravaggio,  Cappella Contarelli, chiesa di San Luigi dei Francesi a Roma

Liturgiya oxunuşları: 8 MART. Kül Çərşənbəsindən sonrakı Şənbə

“İsa Mattanı çağırmaqla günahkarlara göstərir ki, O, onların keçmişinə, sosial vəziyyətinə, xarici şərtlərinə baxmır, əksinə onlar üçün yeni bir gələcək açır. Kilsə mükəmməl insanlar icması deyil, özlərini günahkar kimi tanıdıqları və Onun bağışlanmasına ehtiyac duyduqları üçün Rəbbin ardınca gedən şagirdlər icmasıdır. “Xristian həyatı lütfün yolunu açan təvazökarlıq məktəbidir” (Papa Fransisk, Ümumi Audiensiya 13.04.2016)

 

BİRİNCİ OXUNUŞ Yeşaya 58, 9b-14

“Əgər siz boyunduruğu, yəni başqalarına zülm etməyinizi aranızdan rədd etsəniz, barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, can-dildən acların qayğısına qalsanız, fəqirlərin ehtiyaclarını ödəsəniz, nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq. Rəbb həmişə sizə yol göstərəcək, quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, suları heç vaxtı əskilməyən bulaq kimi olacaqsınız. Sizdən törənənlər qədim dağıntıları tikəcək, nəsillərdən qalma təməllərin üstünü siz bərpa edəcəksiniz. Sizə xarabalıqları bərpa edənlər, camaatın yaşaması üçün küçələri yenidən quranlar deyiləcək. Şənbə günündə büdrəməsəniz, müqəddəs günümdə istədiyinizi etməsəniz, şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “şərəfli gün” adlandırsanız, öz yolunuzla getməməklə, istədiyinizi əldə etməməklə, boşboğazlıqla məşğul olmamaqla, o günü əziz tutsanız, Rəblə ünsiyyətdən zövq alacaqsınız. O zaman Mən sizi yer üzünün yüksək yerlərinə çıxaracağam, atanız Yaqubun payından dadacaqsınız». Bu sözlər Rəbbin ağzından çıxıb.”

Təfsir

Kilsə Əhdi-Ətiq peyğəmbəri Yeşayanın kitabını oxumağa davam edir. Oruc mövzusundan sonra bu gün ibadət və şənbə gününə riayət etmək haqqında danışacağıq. Peyğəmbərin məqsədi, şübhəsiz, konkret əməllərdə təcəssüm olunan həqiqi dindarlığa işarə etməkdir. Allaha ibadət etməyin ilk addımları bunlardır: başqalarına zülm etmə, təvazökarlıq göstər, təhqirdən əl çək, acları yedizdir, qəlbi əzab çəkənə təsəlli ver. Başqalarının qayğısına qalmağı bilən insan Allaha yaxınlaşar. Bundan əlavə, Uca Allaha ibadət şənbə gününə riayət etməyi nəzərdə tutur. Müqəddəs gün, “şən gün” müəyyən işlərdən imtina etməkdən daha çox, dayanıb,  Allahın insanlar və bütün yaradılış üçün etdiklərini heyrətlə seyr etmək fürsətidir.

İNCİL Matta 9,14-15

Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl». O da durub hər şeyi atdı və İsanın ardınca getdi. Sonra Levi evində İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergiyığan və başqa adamlar süfrəyə oturmuşdu. Fariseylərlə onların ilahiyyatçıları şikayət etməyə başladı. Onlar İsanın şagirdlərinə dedi: «Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib-içirsiniz?» Amma İsa onlara belə cavab verdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm».

Təfsir

Günahkar vergi ödəyicisi Levini çağırmaqla, Rəbb insanın keçmişindən çəkinmədiyini göstərir: O, insan üçün yeni yollar və imkanlar açır. Bu, özlərini saleh hesab edənlərin narazılığına səbəb olsa da, Məsih onlara və hamımıza xatırladır ki, Onun çağırışı istisnasız olaraq hamıya ünvanlanır. Heç bir keçmiş, hətta ən rəzil keçmiş də insanın hər şeyi tərk edib Rəbbin ardınca getməsinə mane ola bilməz. Axı, çevrilmə sadəcə istiqamət dəyişikliyi deyil, Rəbbin burada və indi təklif etdiyi yeni fürsətin həmişə qəbul edilməsidir. Bu hər kəsə aiddir, çünki Allah qarşısında heç kim özünü qüsursuz, saleh, “sağlam”, kamil və günahsız olduğunu etiraf edə bilməz. Və əgər təkəbbürlü insan özünü məhz belə hiss edirsə, o, özünün sağalmasına mane olur və Səmavi Həkimə və Xilaskara ehtiyacı olan və  günahkar olduqlarını səmimi və təvazökarlıqla etiraf edənlərə mane olur.

06 mart 2025, 12:36