İraq Kürdüstanında xristianlar Palma Rəbb Günü münasibətilə ekumenik yürüşdə bir araya gəldilər
“Vatican News” tərfindən
İraqın Kürdüstan bölgəsində, Ərbil şəhərinin Ənkəva adlı xristian məhəlləsində yaşayan imanlılar, 12 aprel şənbə günü Palma Rəbb Gününün ərəfəsində 14-cü dəfə təşkil olunan Ekumenik Palma Rəbb Günü yürüşündə bir araya gəldilər. Tədbir “Ən ucalarda olana Hosanna! Rəbbin adı ilə gələn xeyir-dualıdır” mövzusu ilə keçirildi. Yürüş, Ərbil Xaldey Katolik Arxiyepiskopluğunun Katexizis Komitəsi tərəfindən təşkil olunmuşdu. Ortaq iman və birlik şəhadəti üzərində qurulan bu yürüşə yüzlərlə insan qatıldı. Fərqli xristian məzhəblərindən olan rəhbərlər və imanlılar birgə ibadət və dua ilə Mar Elia ziyarətgahına qədər yürüdülər.
Yürüş Assuriya Şərq Kilsəsinin Müqəddəs Vəftizçi Yəhya Patriarxal kafedral kilsəsindən başladı və xaldey katolik imanlıları üçün müqəddəs bir məkan olan tarixi Mar Elia ziyarətgahına doğru davam etdi. Tədbirdə iştirak edənlər sırasında yüksək rütbəli Kilsə rəhbərləri, o cümlədən Şərqi Assuriya Kilsəsinin Patriarxı III Mar Ava, Ərbilin Xaldey Katolik Arxiyepiskopu Başar Varda, Süryani Pravoslav Kilsəsinin Arxiyepiskopu Nikodimus Daud Şəraf və Süryani Katolik Kilsəsinin Arxiyepiskopu Natanael Nizar Aqam yer alırdı. Onlara keşişlər, diyakonlar, katexistlər və Kürdüstan Regional Hökumətinin nümayəndələri də qoşulmuşdular; hamısı dua və ilahilərlə birləşmişdilər.
Yürüşə katexizis proqramlarında iştirak edən uşaqlar da fəal şəkildə qatıldılar. Onların bir çoxu imanlılara ilahilərlə rəhbərlik edir və sülhü, ümidi və Məsihin Yerusəlimə zəfərlə daxil olmasını simvolizə edən palma və zeytun budaqları daşıyırdılar. Süryani Pravoslav Skautları və Süryani Katolik katexizis tələbələri bu yürüşü şüarlar və ilahilərlə müşayiət etdilər.
Mar Elia ziyarətgahına çatdıqdan sonra imanlılar yekun dua mərasimi üçün bir araya gəldilər, xristian birliyi üçün minnətdarlıqlarını bildirdilər və Məsihin aralarındakı əbədi mövcudluğu üçün şükür etdilər.
Artıq 14 ildir keçirilən bu yürüş Ənkəvadakı xristian icmasının ruhani həyatında əsas hadisəyə çevrilib. Bu yürüş hər il birlik, xristian kimliyi və kilsələrarası əməkdaşlığın yenilənməsi üçün bir fürsət olur.
Təşkilat Komitəsi bildirdi ki, bu tədbirdə nümayiş etdirilən birlik bölgədəki kilsələr arasında davamlı əməkdaşlığa olan sadiqliyin göstəricisidir. Kürdüstan Regional Hökumətinin dəstəyi ilə keçirilən yürüş, Ərbildəki xristian həyatının azad və canlı olduğunu, həmçinin dini etiqad azadlığının ictimai həyatda necə önəmli olduğunu vurğulayır. Yürüşdən sonra isə Palma Rəbb Günü ayinləri hər kilsədə davam etdirildi.