Kardinal Pitsaballa: “Sevgi qorxudan güclüdür”
Linda Bordoni tərəfindən
Zəvvarlar və imanlılar İsanın Yerusəlimə təntənəli girişinin xatirəsini qeyd etmək üçün Müqəddəs Şəhərin qapıları qarşısında toplaşarkən, Yerusəlimin Latın Patriarxı, kardinal Pyerbattista Pitsaballa, çətinliklər qarşısında ümid, birlik və əzmkarlığa çağıran Palma Rəbb Günü müraciəti ilə çıxış etdi.
İbadətdə iştirak edənləri və, İordaniya və Kiprdəki imanlılar da daxil olmaqla, Qəzzadan Nazaretə, Beytlehemdən Ceninə qədər bütün bölgə üzrə duada birləşənlərin hamısını salamlayan kardinal Pitsaballa Yerusəlimin xristian icmasına xüsusi ehtiramını bildirdi və onları Məsihin Dirilməsi şəhərində iman alovunun keşikçiləri adlandırdı.
Biz sevgiyə inanırıq
"Biz bilirik ki, çətin dövrlərdən keçirik" dedi kardinal. "Ancaq biz bu gün yalnız çətinliklərdən danışmaq üçün burada deyilik. Biz qorxmadığımızı var gücümüzlə bəyan etmək üçün buradayıq. Biz nurun, dirilişin, həyatın övladlarıyıq. Biz hər şeyi fəth edən sevgiyə inanırıq."
Kilsənin Müqəddəs Həftəyə daxil olduğu zamanda, Patriarx Məsihin Əzabları haqqında düşünərək, imanlılara əzabın son söz olmadığını xatırlatdı. "Əzablar Allahın dünyaya son sözü deyil. Son söz – Dirilmiş Olandır. Və biz bunu bir daha var gücümüzlə, sevgi ilə və sarsılmaz imanla təsdiq etmək üçün buradayıq".
Dualarınızı Məsihin qarşısında qoyun
Patriarx Pitsaballa hamını dualarını, kədərlərini və təsəlli həsrətini Məsihin qarşısında qoymağa çağırdı, necə ki, bir zamanlar insanlar Rəbbin yoluna palma və üst geyimlərini qoyurdu. Bu yolla o bir daha təsdiq etdi ki, Kilsənin vəzifəsi – Məsihin ardınca getməkdir. Kilsə yalnız Məsihin izzətində deyil, həm də Onun Çarmıxa gedən yolunda - “ölüm deyil, məhəbbət simvolu olan Çarmıx” yolunda Məsihin ardınca getməlidir.
Xüsusilə Yerusəlimdə yaşanan bu bölünmə və gərginlik dövründə kardinal Pitsaballa bəyan etdi ki, heç kim Müqəddəs Şəhərə müstəsna sahiblik iddiasında ola bilməz. "Yerusəlim həmişə bütün millətlər üçün dua evi olub və olacaq (Yeşaya 56,7). “Biz bu şəhərə aidik” o əlavə etdi, “və heç kim bizi Məsihə olan məhəbbətimizdən ayıra bilmədiyi kimi bizi Yerusəlimə olan məhəbbətimizdən ayıra bilməz (Rom 8, 35).
Nifrətə sülhlə cavab verin
Bütün xristianlara müraciət edərək, o, nifrətə sülh ilə, bölünmələrə birlik ilə və rədd etməyə qəbul etmək ilə cavab verməyə çağırdı. "Bu, bizim çağırışımızdır: qurmaq, birləşmək, divarları yıxmaq və bütün ümidlərin fövqündə ümid etmək."
Müraciətini yekunlaşdıran Patriarx imanlıları ruhdan düşməməyə çağırıb. "Gəlin ruhdan düşməyək. Ümidimizi itirməyək. Gəlin gözlərimizi inamla qaldıraq və Məsihin məhəbbətinin gücünə əsaslanan sülh və birliyə konkret və səmimi bağlılığımızı yeniləyək."
“Sizə Mübarək Müqəddəs Həftə diləyirəm!”