Liturgiya oxunuşları:1 APREL. Orucun IV həftəsi, çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yez 47, 1-9.12
O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı. O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı. O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi. Daha min qulac ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi. Daha min qulac ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi. O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi. Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm. O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək
Təfsir
Yezekel İsrailin Allahla münasibətini vəfasızlıq hekayəsi kimi təqdim edir, lakin bugünkü hissədə göstərildiyi kimi bu hekayə xoşbəxt sonluqla bitir. Peyğəmbər yaradılışın əvvəlində olduğu kimi quru əraziləri suvarıb bağçaya çevirən su bulağından bəhs edir. Su axını məbədin astanasından başlayıb şərqə doğru axır. Axının sahilində isə çoxlu meyvə ağacları bitir. Onların meyvələri qida, yarpaqları isə dərmandır . Yaşıllığın bolluğu Rəbbin xeyir-duasından xəbər verir, meyvələr və yarpaqlar isə Allahın Öz xalqını səxavətlə qidalandırdığına və onlara qayğı göstərdiyinə işarədir. Bu təsvirlərin arxasında biz yenidən doğulduğumuz Vəftiz Sirrinin suyunu və bizi qidalandıran və hər birimizin qayğısına qalan Xilaskarımız İsanın qayğısını görürük. Bu ruhani təcrübə Liturgiyanın Məzmurunda duaya çevrilir: "Rəbb Allah bizimlədir - O, bizim qoruyucumuzdur."
İNCİL Yəhya 5, 1-3a.5-16
Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. Otuz səkkiz il xəstə olan bir adam da orada idi. İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi.
Təfsir
Dünən Kilsənin liturgiyası saray məmurunun oğlunun sağalmasını xatırlayırdı. Bu gün başqa bir şəfa haqqında oxuyuruq: Qoyun Qapısı yaxınlığındakı hovuzda 38 il uzanıb qalan bir adamın hekayəsi. Əhdi-Cədid dövründə 38 illik xəstəlik demək olar ki, bütöv bir həyat demək idi: həyatı sona yaxınlaşan insanı nə gözləyə bilərdi? Buna baxmayaraq, Məsih təşəbbüsü Öz əlinə alır və xəstənin şikayətlərinə məhəl qoymayaraq, onu ayağa qalxmağa və bir daha günah etməməyə dəvət edir. Biz də çox vaxt həyatın kənarında qalmaq təhlükəsi ilə üzləşirik və çox vaxt öz ardıkəsilməz şikayətlərimizin əsiri oluruq. Belə halın səbəbi daha dərin kökdə gizlənir: günahda. Vəftizdə Rəbb Özünü Yezekel peyğəmbərin birinci oxunuşda xatırladığı həyat verən su kimi zahir edir. Bu su bərpa edir, qidalandırır və gücləndirir.