Axtar

2018.11.16 Cristo Re, santuario Cristo Rei, Lisbona

Liturgiya oxunuşları: 11 APREL. Böyük Orucun V həftəsi, cümə

“Gəlin bizi aydınladan Müqəddəs Ruha qulaq asaraq, gözlərimiz və qəlbimizlə İsanı seyr edək. O, Allahın Oğlu, məhəbbətlə qurban edilən Quzudur. Dünyanın günahını üzərində tək O daşıdı. Bizi şərin əsarətindən azad etmək üçün günahlarımızı kəffarə edərək əzab çəkən tək Odur. Bəli, biz hələ də fəqir günahkarlarıq, amma artıq qul deyilik: biz Allahın oğullarıyıq, Allahın övladlarıyıq! (Papa Fransisk, “Rəbbin mələyi”, 19.01.2020)

BİRİNCİ OXUNUŞ Yeremya 20, 10-13

Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, ondan qisasımızı alarıq» dedilər. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, heç vaxt unudulmayacaq. Ancaq, ey Ordular Rəbbi, sən salehi sınağa çəkirsən, fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın qisası görsün! Çünki işimi Sənə tapşırdım. Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri zalımların əlindən qurtardı.

Təfsir

Yeremya hiss edir ki, Allahın ona həvalə etdiyi missiya anlaşılmazlığa gətirib çıxarır; hətta dostları da onun süqutunu gözləyərək onu tərk edirlər. Amma bu vəziyyətdə də peyğəmbər Rəbbin onun tərəfində olduğunu bilərək ümidini və inamını itirmir. Bu, ona qaranlıq vaxtlardan iman nuru ilə keçməyə və Allaha həmd etməyə imkan verir: “Rəbbi tərənnüm edin, Rəbbə həmd edin, çünki O, yoxsulların canını pislərin əlindən qurtarır”. Gəlin Məzmurun sözləri ilə Rəbbdən diləyək ki, çətinliklərdə belə səbr etməyə bizə kömək etsin, çünki O dostlarını heç vaxt tərk etmir.

İNCİL Yəhya 10, 31-42

Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı. İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». Bir çox adam da orada İsaya iman etdi.

Təfsir

Məsih Özünün Allah olduğunu dedikdə, Onunla yəhudi ağsaqqalları arasında mübahisə pik həddinə çatır. Yəhudilər o qədər qəzəbləndilər ki, İsanı vurmaq üçün daş götürdülər. Bu, daha sonra İsanın işgəncə ilə öldürülməsini tələb edərək Pilatın qarşısında qaldırdıqları ittihama çevriləcək. İsa müxtəlif dəlillər gətirərək həmsöhbətlərini inandırmaq üçün Tövratın özünə istinad edir, çünki Allahın kəlamını təkzib etmək olmaz. İkincisi, O, etdiyi əməllərə nəzər salmağı təklif edir. Lakin rəqibləri bunu etmək niyyətində deyillər. Onlar İsanın çarmıxa çəkməkdə qərarlıdırlar. Hər birimizin içində  bir-biri ilə mübahisə edən “imanlı” və “imansız” yaşayır: bunun sayəsində iman donmuş bir ideologiyaya çevrilmir, canlı və həyati təcrübə olaraq qalır. Əzablar Həftəsinə daxil olrakən içimizdə yaşayan “imansızdan” qorxmayaq, çünki son nəticədə imanımızı daha doğru edən odur. İsa  - Allahdır və Onunla hər şey yaxşılığa doğru dəyişir.

09 aprel 2025, 11:54