Liturgiya oxunuşları: 12 APREL. Böyük Orucun V həftəsi, şənbə
BİRİNCİ OXUNUŞ Yez 37,21-28
Sonra onlara söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam. Onları ölkədə, İsrail dağları üzərində vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı olacaq. Daha iki ayrı millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər. Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam. Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid çoban olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək. Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq. Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam. Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq. Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”».
Təfsir
Yezekel peyğəmbər Allahın kəlamını bəyan edərək xalqa nəhayət ki, sürgündən qayıtmaq vaxtının gəldiyini deyir. Xalq günaha batdı, öz davranışının nəticəsi olaraq sürgün yaşadı və indi daxilən təzələnərək vətənə qayıdır. Xalq sürgündən sonra təmizləndi və müqəddəsləşdi; Məsih bizi Öz əzabları, ölümü və dirilməsi ilə təmizlədi və təqdis etdi. Bugünkü ilk oxunuşun mətni bizə başa düşməyə kömək edir ki, hətta həyatın kritik, mənasız və əhəmiyyətsiz görünən anlarında, Rəbb tamamilə yeni bir həyat doğurur. O, hər birimizə məhəbbət və şəfqətlə qayğı göstərir: “Rəbb Sürüsünü qoruyan çoban kimi bizi qoruyur” (Yer 31, 10).
İNCİL Yəhya 11,45-57
Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı. Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar. Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı. Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?» Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər.
Təfsir
Bu gün dua, tövbə və mərhəmət işləri üçün xüsusi bir vaxtdır; gözümüzü İsadan çəkmədən qarşıdan gələn Əzablar, və ya Müqəddəs Həftəyə hazırlaşırıq. İncildən olan oxunuş yəhudilərin Lazarın dirilməsinə reaksiyasını təqdim edir. Bu əlamət fariseyləri və baş kahinləri İsanın ölümü ilə bağlı qərar verməyə vadar edir: onlar öz həmvətənlərinin çoxunun Ona iman etmələri ilə barışa bilmirlər. “Bir çox əlamətlər” qorxusu, romalılarla münasibətlərdə tarazlığı pozmamaq üçün Məsihi ölümə məhkum etmək qərarına gətirib çıxarır. İsanın ölümünün son səbəbi baş kahinlərin qorxusudur: Pilatda, Peterdə və Yəhudada yenidən görəcəyimiz qorxu. Lakin Ata Allah qorxu vasitəsilə də səpələnmiş oğullarını toplaya bilər. Birinin Çarmıxındakı ölümü hamı üçün qurtuluş qapısını açır.